27 sentyabr 2023 23:34
223

Dünyanın o başında oturub bizə qarşı əsassız ittihamlar irəli sürənlər əl çəksinlər bizdən…

Dövlət başçısı İlham Əliyevin postmünaqişə dövrünün reallıqları fonunda hər bir çağırışı Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türkün Qarabağda humanitar vəziyyətlə bağlı narahatlığına tutarlı cavabdır

Dövlət başçısı İlham Əliyev sentyabrın 20-də xalqa müraciətində «Mən ümid etmək istəyirəm ki, bizim atdığımız addımlar və antiterror tədbirlərinin nəticələri imkan verəcək ki, nəhayət sülh danışıqları üçün olan, Ermənistan tərəfindən qoyulan, verilən, təklif olunan, necə adlandırırsınız adlandırın, maneə aradan qalxa bilər. Bu, Cənubi Qafqazda yeni reallıq yaradacaq, uzunmüddətli sülh yaradacaq. Biz əmin olmalıyıq ki, qarşı tərəf revanşist fikirlərlə yaşamır və onlar da əmin olmalıdırlar ki, bizim onların torpağında gözümüz yoxdur. Biz onların ərazi bütövlüyünü tanıyırıq və bunu bəyan etmişik, bütün ölkələrin ərazi bütövlüyünü tanıyırıq. Biz, sadəcə olaraq, tələb edirdik həm onlardan, həm onların arxasında duran və onlar üçün dar məqamda onların yanında olmayan, uzaqda, Avropada yerləşən dırnaqarası erməni cəfakeşləri bilsinlər - nə qədər uzaq dursalar bizim bölgəmizdən, o qədər də bölgə rahat nəfəs alacaq və biz bunu təklif edirik» söyləməklə dünyanın ikili standartlara əsaslanan siyasətinin hansı problemlərə səbəb olduğunu açıqladı. Bu fikirlərin davamı olaraq onu da bildirdi ki, Cənubi Qafqaz ölkələrinin gələcəyinin sülhə, əmin-amanlığa, inkişafa söykənməsini istəyirik: «Biz təklif edirik ki, bölgəmizdən uzaqda yerləşən, ancaq öz siyasi gündəliyini güdən və erməni xalqından bir alət kimi istifadə edən, onları istismar edən və dar gündə onları, necə deyərlər, satan qüvvələr, saxtakarlar, korrupsiyalaşmış siyasətçilər əl çəksinlər bizdən. Dünyanın o başında oturub bizə qarşı əsassız ittihamlar irəli sürənlər əl çəksinlər bizdən, qoysunlar Cənubi Qafqaz rahat nəfəs alsın. Bu bölgə əsrlər boyu davalar, savaşlar, qanlı toqquşmalar məkanı olmuşdur. Yetər artıq!»

Tarixi Zəfərimizdən üç ilə yaxın vaxt keçsə də onun yaratdığı reallıqlar, 10 noyabr tarixli üçtərəfli Bəyanatda əksini tapan müddəalardan irəli gələn öhdəliklərin Azərbaycan və Ermənistan tərəfindən hansı səviyyədə yerinə yetirilməsi müzakirə olunmaqdadır. Azərbaycan bütün öhdəliklərə sadiqdir və onların yerinə yetirilməsi istiqamətində səylər göstərir. Ermənistan isə hər vasitə ilə bu öhdəliklərin icrasından yayınır, sülh müqaviləsinin imzalanmasının uzanmasında maraqlı olduğunu nümayiş etdirir. Ermənistanın illərdir beynəlxalq hüquqa zidd əməllərini görməzdən gələn bəzi dünya güclərinin, beynəlxalq təşkilatların fürsət düşən kimi Azərbaycanın ünvanına qərəzli fikirlər səsləndirmələri birmənalı qarşılana bilməz. Son zamanlar diqqət yetirsək görərik ki, dünyada sülhün və təhlükəsizliyin təminatına səylər göstərməli olan BMT-də Azərbaycanla bağlı müxtəlif səpgidə müzakirələr aparılır, yaxud qurumun təmsilçiləri tərəfindən qeyri-ciddi fikirlər səsləndirilir.

İnkaredilməz faktdır ki, artıq tarixə qovuşan Qarabağ münaqişəsinin həllinin 30 il uzanmasında da dünyanın ikili siyasəti mühüm rol oynadı. Bir tərəfdən Ermənistana maddi və mənəvi dəstək göstərilir, silahlandırılır, işğalçı dövlət olduğu dilə gətirilmir, digər tərəfdən də münaqişənin sülh yolu ilə həllinin mümkünlüyü barədə fikirlər söylənilirdi. Bu gedişlərin nəticəsi göz önündədir. Çıxışlarında «Beynəlxalq təşkilatlar, o cümlədən BMT, onun Təhlükəsizlik Şurası, ATƏT işğalçı dövləti məcbur edib buradan çıxarmalı idi» söyləyən dövlət başçısı İlham Əliyev bildirir ki, Ermənistana qarşı sanksiyalar tətbiq edilməli idi. Bunların heç biri görülmədi. Əksinə, bu işğalı əbədiləşdirmək üçün Ermənistan, dünya erməniliyi və onların xaricdəki havadarları birləşərək bu çirkin niyyəti həyata keçirmək istəyirdilər.

Azərbaycan dövləti ən yüksək tribunalardan bəyan edirdi ki, işğalla heç vaxt barışmayacağıq. Məsələ sülh yolu ilə həll olunmasa, bunu hərb yolu ilə həll edəcəyik və etdik. Cəmi 44 gün ərzində Ermənistan ordusunu darmadağın etdik. Alınmaz qala sayılan Şuşanı azad etdik. Cəbrayılı, Füzulini, Zəngilanı, Qubadlını, Hadrutu, Xocavəndi döyüş meydanında azad etdik. Düşmən diz çökdü və Laçını, Kəlbəcəri, Ağdamı tərk etməyə məcbur oldu. Qədim Azərbaycan torpaqlarında üçrəngli Bayrağımız dalğalanır.

28 ildən artıq dövrdə ikili siyasətin nəticələrini yaşamışıq, işğala məruz qalan Azərbaycan olsa da Ermənistanın başına çəkilən sığallardan sanki belə qənaət yaranırdı ki, dünya ümumiyyətlə hüquq anlayışından xəbərsizdir. Lakin bütün hallarda Azərbaycan artıq 30 illik işğal dövrünün Azərbaycanı olmadığını ədalətin və beynəlxalq hüququn öndə saxlanılması fonunda həm döyüş meydanında, həm də informasiya cəbhəsində ermənilərə və onlara havadarlıq edən dövlətlərə çatdırır. Bir daha sübut olundu ki, beynəlxalq münasibətlərdə güc və hüquq anlayışları əsasdır.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan istədiyinə kimin hansı mövqedə olmasından asılı olmayaraq, nail olur və biz bir nöqtəyə vururuq və nəticə də hasil edilir. Azərbaycan dünya hərb tarixində bəlkə də birinci olar ki, belə bir addımı atdı. Tarixi Zəfərimizdən sonra Ermənistana sülh təklifinin edilməsi ölkəmizin humanist siyasətinin tərkib hissəsidir. Hansı ki mənfur düşmən 30 il torpaqlarımızı işğal altında saxladı, soydaşlarımız qaçqın və məcburi köçkün həyatını yaşadılar, bu torpaqlarda bütün tarixi və dini abidəlrimiz dağıdıldı, məscidlərimizdə doğnuz saxlanıldı, törədilən hərbi təxribatlar nəticəsində nə qədər itkilərimiz oldu. Azərbaycanın sülh müqaviləsinin imzalanması təklifi bunları unutmaq anlamına gəlmir. Yeni dövrün reallıqlarına uyğun olaraq bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin yaradılması mütləqdir. Lakin təkcə son aylara diqqət yetirsək, Ermənistan silahlı qüvvələrinin sərhəddə təxribat törədərək itkilərə səbəb olduqlarını görərik. «Dəmir yumruğ»un davamı olaraq «Qisas» və «Qətiyyətli cavab» əməliyyatları Ermənistana layiq olduğu yeri göstərdi. Azərbaycan hər zaman haqqın, ədalətin, beynəlxalq hüququn tərəfdarıdır.

Sentyabarın 19-da Ermənistan silahlı birləşmələrinin törətdikləri terror aktı Azərbaycanı lokal antiterror tədbirlərinə başlamasına rəvac verdi. Dövlət başçısı İlham Əliyev sentyabrın 20-də xalqa müraciətində antiterror tədbirlərini nə zamana dayandıracağımızla bağlı irəli sürülən şərtlərdən geniş bəhs etdi. Ermənistan ordusunun ərazimizdə qanunsuz məskunlaşmış birləşmələri silahları yerə qoymalı, tərk-silah olunmalı, ərazimizdən tamamilə çıxarılmalı, eyni zamanda, bütün silahları və texnikaları təhvil verməlidirlər. Ancaq o təqdirdə Azərbaycan antiterror tədbirlərini dayandıra bilər. Əks-təqdirdə sona qədər gedəcəyik.

Qarşı tərəfin qısa zamanda, bir gün ərzində irəli sürülən şərtlərdə razılaşması Azərbaycanın ədalətə və beynəlxalq hüquqa əsaslanan siyasətinin nəticəsidir. Hətta necə aydır Azərbaycan nümayəndələri ilə görüşdən imtina edən Qarabağda yaşayan erməni icmasının nümayəndələri sentyabrın 21-də Yevlaxda görüşə hazvr olduqlarını bildirdilər və görüşdülər. Bu görüşlər artıq silsilə xarater daşıyır. Dövət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, Qarabağda yaşayan erməni əhalisi nəhayət rahat nəfəs ala bilər. Qarabağın erməni əhalisi bizim vətəndaşlarımızdır. Sadəcə olaraq, erməni millətçiləri, müharibə cinayətkarları, Ermənistanın və Qarabağın dırnaqarası rəhbərləri o insanları girov götürmüşdü, onların beyinlərini zəhərləmişdi. Azərbaycan dövləti və xalqı haqqında olmazın yalanları uydurub onların beyinlərinə doldurmuşdur. Qarabağda yaşayan erməni əhalisi tezliklə yaxşılığa doğru dönüşü görəcək. Çünki niyyətimiz sülh, qarşılıqlı anlaşma, qarşılıqlı hörmət əsasında birgə həyat qurmaqdır. Erməni xalqı ilə heç bir problemimiz, ədavətimiz yoxdur.

Dövlət başçısı İlham Əliyev lokal antiterror tədbirlərinə başlamadan öncə hərbi birləşmələrə ciddi tapşırıqlar verdiyini bildirdi: «Aparılan antiterror tədbirləri nəticəsində Qarabağ bölgəsində yaşayan erməni əhalisi zərbə altına düşməməlidir və mülki əhali qorunmalıdır.» Antiterror tədbirləri yüksək peşəkarlıqla, dəqiqliklə elə aparıldı ki, mülki əhali zərbə altına düşmədi, mülki infrastruktura zərər vurulmadı. Ancaq düşmən mövqeləri, onların silahları, texnikaları məhv edildi.

Qeyd etdiklərimizin fonunda Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türkün Qarabağda humanitar vəziyyətlə bağlı narahatlığın nə qədər səbəbsiz olduğu açıqlanır. Dövlət başçısının qeyd etdiyimiz çağırışlarıın hər biri Volker Türkün mülki şəxslərin təhlükəsizliyinin, erməni əhalinin haqlarının qorunmasının vacibliyi ilə bğalı ifadə etdiyi narhatlığa tutarlı cavabdır.

Göründüyü kimi, dünya yenə də ikili standartlara əsaslanan siyasətindən yaxa qurtara bilmədiyini qabarıq şəkildə nümayiş etdirir. Təkcə son zamanlar BMT səviyyəsində Ermənistanın bilavasitə təkidi ilə Qarabağdakı vəziyyətlə bağlı keçirdiyi dinləmələrdə Azərbaycanın mövqeyinə dəstəyə diqqət yetirmək kifayətdir. Bunları bilərəkdən BMT rəsmisinin yenidən erməni əhalisinin hüquqlarının qorunması məsələsindən öz çirkin niyyətlərini həyata keçirmək üçün bir vasitə kimi istifadə etməyə cəhd göstərməsi təəccüb doğurmaya bilməz.

Azərbaycan Xarici İşlər Nazirliyinin BMT-nin insan hüquqları üzrə ali komissarı Folker Türkün bölgədəki mövcud vəziyyət və etnik azlıqların hüquqlarının qorunması öhdəliyi barədə fikirlərinə dair şərhində bildirilir ki, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası ilə bağlı atdığı bütün addımlar, o cümlədən son 24 saatlıq antiterror tədbirləri beynəlxalq hüququn norma və prinsiplərinə tam uyğun şəkildə həyata keçirilib. Azərbaycan hər zaman həyata keçirdiyi tədbirlər çərçivəsində mülki əhalinin və mülki obyektlərin qorunmasına sadiq olub. Bu mühüm məqam da təəssüf hissi ilə qeyd edilir ki, indiyədək heç kim bir milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkünün hüquqlarını qorumağa, o cümlədən onların təhlükəsizlik və ləyaqət şəraitində qayıtmaq hüquqlarını təmin etməyə dair çağırış etməyib. Azərbaycanın 44 günlük müharibədən, o cümlədən antiterror tədbirləri həyata keçirildikdən sonra itkin düşmüş şəxslərin yerini tapmaq üçün kömək göstərməsinə baxmayaraq, 4000-ə yaxın itkin düşmüş azərbaycanlıya qarşı eyni diqqət və həssaslığı müşahidə etmirik. Ümid edirik ki, ali komissarın qurbanların hüquqları baxımından günahkarların məsuliyyətə cəlb olunması və cəzalarını çəkmələri məsələsinin həllini tapması üçün şəffaf istintaq aparmaq çağırışları, Azərbaycanın 30 ilə yaxın müddətdə Xocalı soyqırımı, digər kütləvi qətliam və insanlıq əleyhinə cinayətlərdə təqsirli şəxsləri cəzalandırmaq istiqamətində çağırışlarına məhəl qoymayan beynəlxalq ictimaiyyət tərəfindən ciddi şəkildə qəbul ediləcək.

Göründüyü kimi, Azərbaycan istər 30 ilə yaxın işğal, istərsə də postmünaqişə dövründə dünyaya ədalət və beynəlxalq hüquq prinsipərinə riayət olunması ilə bağlı çağırışlar edir. Bəzi dünya gücləri, nüfuzlu beynəlxalq təşkilatlar unudurlar ki, belə yanaşmalarla yalnız özlərinə qarşı inamsızlıq, etimadsızlıq mühitini formalaşdıra bilərlər ki, bunun da sonu müxtəlif problemlərin yaranması olar. Azərbaycan 30 ilə yaxın dövrdə bu yanaşmanın ağır nəticələrinin şahidi oldu. 44 günlük İkinci Qarabağ müharibəsinin baş verməsində dünyanın haqqın, ədalətin deyil, maraqlarından irəli gələrək təcavüzkarın yanında olması əsas rol oynadı. Bu gün də eyni ab-havanın yaşandığı göz qabağındadır. Əgər əksər dünya gücləri, təşkilatlar regionda sabitliyin və təhlükəsizliyin tərəfindədirlərsə, dövlət başçısı İlham Əliyevin yuxarıda qey etdiyimiz fikirlərində vurğulandığı kimi, regionun nəfəs almasına imkan versinlər. Ədalətin və beynəlxalq hüququn tərəfində olan, hər bir məsələnin həllində bu prinsipləri öndə saxlayan Azərbaycanın tolerant, multikultural dəyərlərin inkişafına davamlı töhfələr verən ölkə olduğunu unutmasınlar.

Yeganə Əliyeva, «İki sahil»