27 sentyabr 2023 23:46
326

Tofiq Yaqublunun bədəni bilmir ki, başı nə danışır

Azərbaycanda bir qrup adamcıqlar var ki, adlarını müxalifət qoysalar da mahiyyətcə xalqımıza düşmən kəsiliblər. Onlardan biri də adı bir sıra xoşagəlməz hadisələrdə hallanan Tofiq Yaqubludur. Yandaşları kimi, onun də vəzifəsi düşmənlərimizin mövqelərini gizli və açıq formada dəstəkləmək, iqtidarın bütün nailiyyətlərini heçə çıxarmağa çalışmaqdır. Ancaq həmişə düz əyrini kəsir, odur ki, Tofiq kimilərin əyrilikləri bumeranq kimi qayıdıb özlərinə dəyir.

Bu günlərdə Yaqublu yenə də iftira yağdıraraq bildirib ki, Azərbaycanın bütün qələbələrində iqtidarın heç bir rolu yoxdur. O, Qarabağda keçirilən antiterror tədbirlərindən danışarkən  sayıqlayıb ki, guya bu qələbənin əldə edilməsi Rusiya sülhməramlılarının köməyi ilə mümkün olub, çünki Qarabağda  vəziyyətə onlar nəzarət edirdilər. Sonra da adamlara bu qələbənin müvəqqəti olduğunu inandırmaq üçün uğursuz cəhdlər edir. Yəni, Yaqublunun qəsdi 200 ildən bəri Ermənistan üzərində qazanılan ən böyük hərbi qələbəni qiymətdən salmaq və soydaşlarımızda şübhə və inamsızlıq yaratmaqdır. Bu, əsl şeytan əməli, yarasa xarakteri, günəşdən qorxub gecələr ulayan bayquş xislətidir...

Tofiq Yaqubluya sual versək ki, xalqın qələbəsində iqtidarın rolu yoxdursa o zaman bu qələbələr 1992-ci ildə niyə qazanılmırdı?

İşdi-şayət 1992-ci ildə Ermənistan məğlub edilsəydi iqtidarın heç bir rolunun olmadığını iddia edəcəkdinizmi? Elə isə o zaman nə üçün dövlət çevrilişi edərək hakimiyyəti zorla ələ keçirdiniz?

Bu sualların cavabları məlumdur. Tofiq cavab versə də, verməsə də. Amma insan nə qədər haqq-ədaləti, insaf-mürvəti itirməlidir ki, başqalarının əməyini, nailiyyətini dansın və ya heçə endirməyə çalışsın? Yaşına-başına uyğun olmayan Yaqublu və onun kimi çörəkitirən "qozbellər" bundan sonra çətin düzələrlər. Yəqin ki, atalarımız: "Qozbeli qəbir düzəldər" ifadəsini belələri üçün deyib.

Vəli İlyasov, "İki sahil"