15 sentyabr 2023 19:30
529

Azərbaycanın həm Asiya, həm Avropa üçün önəmi artır - ŞƏRH

“Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya ölkələri ilə münasibətlərin inkişafı mühüm yer tutur. Eyni zamanda, bu region təmsil edən dövlətlər də ölkəmizlə əlaqələrə böyük önəm verir. Azərbaycan Prezidenti İlham Əliyevin Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşünə fəxri qonaq qismində dəvət olunması və iştirak etməsi də bu reallığın göstəricisidir”.

“İki sahil” xəbər verir ki,  bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Deputat bildirib ki, Prezident İlham Əliyevin sentyabrın 14-də Tacikistana səfəri və səfər çərçivəsində bir sıra tədbirlərdə iştirakı dövlətimizə və onun başçısına göstərilən ehtiramın ifadəsidir. Səfər zamanı iki ölkənin rəhbəri təkbətək görüşərək ikitərəfli münasibətləri müzakirə ediblər. Ümumiyyətlə, ölkələrimizi tarixi dostluq əlaqələri, siyasi, humanitar və digər sahələrdə münasibətlər də birləşdirir. Azərbaycan və tacik xalqları arasında tarixi, mədəni və dini bağlılıqlar iki ölkə arasındakı əlaqələrin əsasını təşkil edir. Prezident İlham Əliyevin bu ilin aprel ayında Tacikistana dövlət səfəri iki ölkə arasında münasibətlərin yeni mərhələsi hesab oluna bilər. Həmin səfər zamanı iki dövlət arasında imzalanmış sənədlər qarşılıqlı münasibətləri daha da gücləndirəcək. İmzalanmış sənədlər arasında “Azərbaycan Respublikasının Şuşa şəhəri ilə Tacikistan Respublikasının İsfara şəhəri arasında qardaşlaşma əlaqələrinin qurulması haqqında Protokol” da böyük önəm kəsb edir. Bu fakt işğaldan azad edilmiş ərazilərlə bağlı beynəlxalq birliyin Azərbaycanın ərazi bütövlüyünə dəstəyinin təzahürüdür. 

Millət vəkilinin sözlərinə görə, Prezident İlham Əliyev Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə fəxri qonaq qismində iştirak edib. İlk dəfədir ki, Məşvərət görüşündə regiondankənar ölkənin rəhbəri iştirak edir. Bu, dövlətimizin başçısının dünyada miqyasında böyük nüfuzunun, ölkəmizin beynəlxalq arenada sülhün və təhlükəsizliyin təmin olunmasına, əməkdaşlığın genişlənməsinə töhfələrinə verilən yüksək qiymətin əyani nümunəsidir.   Ümumiyyətlə, Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycan Şərqlə Qərb arasında mühüm qovşağa çevrilib. Ölkəmizin inkişaf etdirdiyi nəqliyyat-logistika şəbəkəsi, o cümlədən Ələt Dəniz Ticarət Limanının inşası və imkanlarının artırılması, gəmiqayırma zavodunun fəaliyyətinin genişləndirilməsi, ölkəmizin Xəzərdə ən böyük ticarət donanmasına malik olması Avropa ilə Asiya arasında daşımalar üçün olduqca vacib əhəmiyyət daşıyır. Azərbaycanın artan tranzit imkanları, həmçinin Mərkəzi Asiya ölkələrinin, həmin coğrafiyada yerləşən türk dövlətlərinin inkişafına da müsbət təsirini göstərəcək.
Fatma Yıldırım qeyd edib ki, Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında əlaqələrdə açılan yeni üfüqlər gələcək üçün yaxşı perspektivlər vəd edir: “Bu gün Avropanın enerji təhlükəsizliyinə ciddi töhfələr verən Azərbaycan Şərqlə Qərb arasında, o cümlədən Mərkəzi Asiya ölkələri üçün mühüm tranzit ölkə və etibarlı tərəfdaşdır. Hesab edirəm ki, Mərkəzi Asiya ilə əlaqələrin, tərəfdaşlığın daha da genişləndirilməsi Azərbaycanın həm Asiya, həm Avropa üçün önəmini daha da artıracaq”.