16 sentyabr 2023 00:34
504

Yollar Qarabağa və Şərqi Zəngəzura aparır

Hazırda Qarabağ və Şərqi Zəngəzurda misli görünməmiş irimiqyaslı layihələr icra olunur. Ölkə başçısının Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası uğurla davam etdirilir. Artıq Zəngilan rayonunun Ağalı kəndinə, Tərtər rayonunun Talış kəndinə və Laçın şəhərinə məcburi köçkünlərin qayıdışı təmin olunmuşdur və bu istiqamətdə işlər davam etdirilir. İşğaldan azad edilmiş şəhər və kəndlərə yeni yollar çəkilir, həmin ərazilərin fasiləsiz elektrik enerjisi ilə təminatı həyata keçirilir, yaşayış binalarının təməlləri qoyulur. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin işğaldan azad edilmiş rayonlara hər yeni səfəri zamanı yeni hədəflər müəyyənləşdirilir, böyük layihələrin sürətli icrasına start verilir.

Böyük Qayıdışın təmin edilməsi üçün ərazilərin minalardan təmizlənməsi ilə paralel, ilkin mərhələdə baza və sosial infrastrukturun qurulması prioritet məsələdir və bu istiqamətdə işlər sürətlə davam edir. Belə ki, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdə cəmi uzunluğu 513,1 km 10 avtomobil yolunun layihəsinin icrasına başlanılmışdır ki, bunlardan da 4-ü artıq tamamlanıb.

Ölkə başçısının tapşırığına uyğun olaraq yenidən qurulan Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. İyulun 13-də növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb. Bu mərhələdə Laçın şəhərinə daha 23 ailə - 85 nəfər köçürülüb. Köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar. Bununla da Laçın şəhərində 93 ailə, yəni 351 nəfərin daimi məskunlaşması təmin edilib.

Bu günlərdə işğaldan azad edilmiş torpaqlarımıza daha 123 nəfər yola salınıb. Belə ki, sentyabrın 13-də Abşeron rayonunun Masazır kəndindən Zəngilan rayonunun yenidən salınmış Ağalı kəndinə növbəti köç karvanı yola salınıb. İndiyədək Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda müvəqqəti məskunlaşmış 25 ailə (123 nəfər) bundan sonra doğma yurdda yaşamağa başlayacaq. Onlar ermənilərin işğal dövründə tamamilə dağıtdıqları 1-ci, 2-ci və 3-cü Ağalı kəndlərinin sakinləridir. Evlərin bölgüsü məcburi köçkünlərə yeni yaşayış sahələrinin verilməsinin hazırda qüvvədə olan qaydaları əsasında, şəffaflıq və ədalətlilik prinsipləri əsasında püşkatma ilə aparılıb. Püşkatma sentyabrın 8-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Repatriasiya Departamentində keçirilib.

Bununla da indiyədək Ağalı kəndində daimi məskunlaşdırılan ailələrin sayı 133-ə çatacaq. Bütövlükdə bu günədək 108 ailə (526 nəfər) Zəngilan rayonunun Ağalı kəndinə, 20 ailə (90 nəfər) Tərtər rayonunun Talış kəndinə, 247 ailə (956 nəfər) Laçın şəhərinə, 95 ailə (349 nəfər) Füzuli şəhərinə, 21 ailə (94 nəfər) Zabux kəndinə köçürülüb. Qırx dörd günlük Vətən müharibəsində qazandığımız tarixi Zəfər nəticəsində işğaldan azad edilmiş ərazilərə köçürülmə bundan sonra da davam etdiriləcək.

Zahid Rza, “İki sahil”