15 sentyabr 2023 23:35
349

AXCP-dən düşmənlərimizi müdafiə kampaniyası

Künc zərbəsi

Fuad Qəhrəmanlı, Paşinyanı belə çox sevirsənsə Laçın yolu açıqdır...

Yəqin AXCP sədri Əli Kərimliyə verilən növbəti tapşırıq Azərbaycanın düşmənlərini təbliğ etmək, onları tərifləməklə bağlıdır. Əks halda, bu partiyanın Vətən təəssübünü, millət sevgisini xarici himayədarlarının pullarına satmış funksionerləri gah ermənipərəst Makronu və bütün siyasi kursu ölkəmiz əleyhinə yönəlmiş Fransanı, gah da Azərbaycana qarşı ən riyakar yollarla düşmənçiliyini davam etdirən, hər vasitə ilə aranı qarışdıraraq Cənubi Qafqazda dayanıqlı sülhün əldə edilməsinə mane olan Ermənistanın baş naziri Nikol Paşinyanı müdafiə edən məsuliyyətsiz fikirlərlə çıxış etməzdilər. Özü də belə bir həssas məqamda. Görünür, AXCP-də Əli Kərimlinin birbaşa rəhbərliyi ilə anti-Azərbaycan kampaniyasına start verilib...

Partiyanın funksioneri Ceyhun Novruzovun illərdir Ermənistanın tərəfini saxlayaraq Azərbaycanla münasibətdə açıq düşmənçilik mövqeyi turtmuş Fransanı və bu ölkənin prezidenti Emmanuel Makronu müdafiə etməsinin ardından indi də Əli Kərimlinin müavini Fuad Qəhrəmanlı Paşinyana olan sevgisini və rəğbətini sosial şəbəkələrdəki səhifəsində yazdığı statusla ictimailəşdirib. Nə özünə, nə oxuyanlara hörmət qoymadan, milli maraqlarımızı düşünmədən, Ermənistanın işğalı və bu işğalın aradan qaldırılması zamanı şəhidlik zirvəsinə ucalmış minlərlə oğullarımızın, qızlarımızın ruhlarını təhqir edərək. Ümumiyyətlə, düşməni tərifləməyin, təbliğ etməyin satqınlıqdan başqa adı varmı?

Ermənistan və Azərbaycanın iqtisadi göstəriciləri ilə manipulyasiya etməyə çalışan Fuad Qəhrəmanlının bu sahədəki savadsızlığı və ya məlumatsızlığı qalsın bir tərəfə, söhbət onun xüsusi tapşırıq əsasında ictimai rəyi çaşdırmaq cəhdindən gedir. Yəni, ona, xəyanətkar sədrinə, Vətənimizin, millətimizin, dövlətimizin əleyhinə kampaniyaya qoşulanlara, ölkəmizdəki sabitlikdən, xalqımızın birliyindən narahat olanlara elə gəlir ki, “düşmən dəyirmanına su tökməklə” nəyəsə nail olmaq mümkündür. Ancaq daha xalqın inamında və imanında Makronu, Paşinyanı tərifləyənlərə yer yoxdur, olmayacaq da...

İnformasiyanın hər kəs üçün əlçatan olduğu bir dövrdə yaşayırıq. F.Qəhrəmanlı da istəsə ən azından internet vasitəsilə girib öyrənə bilər ki, Azərbaycanla müqayisə etməyə çalışdığı Ermənistanın dövlət borcu 2023-cü ilin iyul ayının sonuna təxminən 11 milyard 352 milyon dollar təşkil edib. Ölkənin Maliyyə Nazirliyinin məlumatına görə, ilin əvvəli ilə müqayisədə cəmi yeddi ayda borcun məbləği 714 milyon dollar və ya 6,7 faiz artıb və dövlət borcu ümumi daxili məhsulun 54 faizini təşkil edir ki, bu, artıq Ermənistanın milli iqtisadiyyatı üçün təhlükəli həddir. Yeri gəlmişkən, Azərbaycanın xarici borcu 6 milyard 576,9 milyon dollar, strateji valyuta ehtiyatlarının həcmi isə borcundan təxminən 10 dəfə çox, 65,9 milyard dollardan artıqdır.

Əslində, bu göstəriciləri yazmağa belə ehtiyac yoxdur. Azərbaycanın necə bir dayanıqlı, sürətlə inkişaf edən iqtisadiyyata malik olduğunu düşmənlərimiz də daxil hər kəs bilir. Ermənistanın da böhrandan çıxa bilməyən, xaricdən asılı iqtisadiyyatı hamıya bəllidir. Deməli, Fuad Qəhrəmanlının əsas məqsədi ona verilmiş tapşırığı uydurmalarla, xüsusi canfəşanlıqla yerinə yetirmək və Paşinyanı tərifləmək, ona olan rəğbətini, sevgisini göstərməkdir.

Nə demək olar? Bu halda, AXCP sədrinin müavininə və onun kimi Azərbaycanın təəssübünü xaricilərə satan “əqidə”daşlarına tək bir şeyi xatırlatmaq lazımdır: Fuad Qəhrəmanlı, Paşinyanı belə çox sevirsənsə Laçın yolu açıqdır...

Mahir Rəsuloğlu, “İki sahil”