16 sentyabr 2023 00:01
407

Ondan adam olmayıb, olmayacaq da …

Tofiq Yaqublu yenə də avantüraları ilə «gündəm»dədir

Tofiq Yaqublu yenə də öz ampluasındadır və o, antimilli duyğularının əsirinə çevrilməklə anti-Azərbaycan fəaliyyətinin miqyasını hər gün daha da genişləndirir. Xüsusilə İkinci Qarabağ müharibəsindəki tarixi Qələbəmizi məğlub ermənilər nə qədər həzm edə bilmirsə, Tofiq Yaqublu da eyni səviyyədə  qəbul edə bilmir.

Məsələn, onun son statusunda aydın şəkildə görünür ki, bu vətənsiz Azərbaycan əleyhinə olan hər şeydən mənəvi qida alır. Qeyd edək ki, sentyabrın 14-də Avropa Parlamenti (AP)məhkəmə qərarı ilə həbs edilmiş və hələ də istintaqı davam etdirilən Qubad İbadoğluna görə ölkəmiz əleyhinə haqsız olaraq qətnamə qəbul edib. Bu qətnamədən sevincək olan  Yaqublu ABŞ Senatının da eyni məzmunlu qətnamə qəbul etməsini nəinki  arzulayır, hətta bu istiqamətdə çağırışlar edir.

Ancaq bu antimilli ünsür hələ də anlamır ki,  bu, həmin Avropa Parlamentidir ki, orada erməni lobbisi at oynadır və məhz erməni lobbisinin istəyi ilə dəfələrlə ölkəmiz əleyhinə qətnamələr qəbul edib. Elə götürək ötən aylarda Avropa Parlamentinin ölkəmizə qarşı qəbul etdiyi obyektivlikdən və reallıqdan uzaq, böhtan xarakterli qətnaməsini. Sözügedən qərəzli qətnamə layihəsinin ilkin mətnində Azərbaycanın guya Ermənistana hərbi təcavüz etməsi, Laçın yolunun guya «blokada»da olması kimi əsassız iddialar yer tuturdu. Eyni zamanda, avropalı deputatlar artıq məzmununu itirmiş «Minsk qrupu», «status», «Dağlıq Qarabağda və ətrafında» kimi keçmiş, sərsəm və gündəmdən düşmüş ifadələri də qabartmağa çalışıblar.

Lakin onların bu  qətnamələri də haqq yolunda olan Azərbaycan üçün bir kağız parçası olaraq qalır. Çünki torpaqlarımızın işğalda olduğu 30 ildə 1 milyondan çox qaçqın və məcburi köçkünün ağır vəziyyətdə yaşamasına baxmayaraq bu AP Ermənistan əleyhinə nəinki qətnamə, heç bir kəlmə söz də səsləndirmədilər. Ona görə ki, bu beynəlxalq təşkilat  islamofobiyadan əziyyət çəkdiyi üçün  həmişə ikili standartlara yol verib. Avropa Parlamenti bu kimi ədalətsiz fəaliyyəti ilə sanki Ermənistan parlamentinin komitəsinə çevrilib. Hətta belə demək olar ki, bu təşkilat Ermənistan Xarici İşlər Nazirliyi tərəfindən göndərilən layihələri notarius kimi təsdiqləyir.  

Məhz belə bir anti-Azərbaycan təşkilatın tərəfdaşına çevrilmək Tofiq Yaqublunun simasızlığının göstəricisidir.  Bir sözlə, belə düşməncəsinə davranışları bir daha göstərir ki, ondan adam olmayıb, bundan sonra da olmayacaq. Çünki əqidəsizlərin, özgə əlinə baxanların,  mənəviyyatı maddiyyata görə ayaqlar altına atanların şəxsiyyət və adam olmaq qabiliyyəti itkin düşür.

Bəli, Avropa Parlamentini və ABŞ Senatını Azərbaycan əleyhinə sanksiya tətbiq etməyə səsləyən tofiq yaqubluları nə xalq, nə dövlət maraqlandırır. Belə olmasaydı, Tofiq Yaqublu vətəndaşları polisə, məhkəməyə qarşı itaətsizlik göstərməyə, qanunlara hörmət etməməyə çağırmazdı. Şeytani xisləti onu  hər cür ləyaqətsizlik etməyə sövq edir. Ona görə də Tofiq  Yaqublu cəmiyyət üçün, ölkə üçün çox təhlükəli simadır. Necə deyərlər, ölkəsini, xalqını satanlar elə şeytandan çox şeytandırlar.

Əslində onların qəbul edə bilmədikləri odur ki, Azərbaycan güclü ölkədir, cəmiyyətmizdə demokratik ənənələr mövcuddur. Yaqublunun isə  90-cı illərdə adət etdiyi xaos, qeyri-sabitlik, küçə mitinqləri hələ də başından çıxmayıb. Onların ən böyük arzusu Azərbaycanı Suriyanın, İraqın düşdüyü  indiki  xaotik vəziyyətə salmaqdır.

Amma əmin olsunlar ki, bu çirkin niyyətləri heç vaxt həyata keçməyəcək. Ona görə ki, nə dövr həmin dövrdür, nə də Azərbaycan həmin illərdəki Azərbaycandır. Bu gün Azərbaycan ərazi bütövlüyünü bərpa etmiş, siyasi və iqtisadi baxımdan tam müstəqil olan, dünyada nüfuz qazanmış, sabit, inkişaf edən hüquqi və demokratik dövlətdir. Onlar istəsələr də, istəməsələr də Azərbaycan düşmənlərinə boyun əyməyəcək qədər  əzəmətini və dik duruşunu davam etdirəcək.

Elçin Zaman, «İki sahil»