16 sentyabr 2023 02:15
403

Biz özümüz deyib özümüz eşitdik - Jirayr Liparityan

Tarixdə heç vaxt sərsəm ideyaların real nəticələri olmayıb

44 günlük müharibədə qələbədən sonra Azərbaycan Prezidenti İlham Əliyevin əlində bir çox variantlar vardı, Ermənistan isə müharibədə sanki məğlub olmamış tərəf kimi davrandı.

Xarici mətbuat xəbər verir ki, bu sözləri erməniəsilli tarixçi, siyasətçi, Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın xarici siyasət məsələləri üzrə keçmiş müşaviri Jirayr Liparityan Massaçusets Ştatında yerləşən Erməni Araşdırmaları Mərkəzində çıxışı zamanı deyib. O bildirib ki, BMT Təhlükəsizlik Şurası başda olmaqla nüfuzlu beynəlxalq təşkilatlar, o cümlədən Ermənistanın dostu hesab etdiyi ölkələr dəfələrlə onlara Qarabağın Azərbaycanın parçası olduğunu bildiriblər, ermənilər isə başqalarının sözlərini eşitməyiblər, ancaq öz bildikləri kimi hərəkət ediblər: “Reallıq odur ki, BMT Təhlükəsizlik Şurası başda olmaqla beynəlxalq ictimaiyyət, o cümlədən Rusiya, Fransa, İran, Yunanıstan, Kipr kimi dostlarımız həmişə deyiblər ki, Qarabağ müstəqil olmayacaq və o, Azərbaycanın bir parçasıdır. Beynəlxalq ictimaiyyətin bizə mesajı bu olub. Amma biz onları yox, sadəcə özümüzü dinlədik”.

J. Liparityan ermənilərin özlərini məhz qurban vəziyyətində rahat hiss etdiklərini deyib: “Atəşkəs razılaşmasından sonra bizə deyildi ki, işğal edilmiş ərazilər, həmçinin 7 rayon geri qaytarılmalıdır. Amma dinləmədik, sadəcə dünyaya bizim üçün nə etməli olduqlarını tələb etdik. Onların bizə borcu varmış kimi. Qurban kimi özümüzü çox rahat hiss etdik”. Jirayr  Liparityan fasiləsiz hərəkət edən bu maşını dayandırmalı olduqlarını, hər şeyin onlar üçün daha da pisləşdiyini diqqətə çatdırıb: “Biz “mən bunu və ya onu istəyərəm” demək lüksünə sahib deyilik. Mən hesab edirəm ki, Azərbaycanla razılaşma imzalamaq mümkündür. Azərbaycan Prezidenti deyir ki, mənim daxili məsələm sizin işiniz deyil. Beynəlxalq ictimaiyyət də bununla razılaşır. Biz isə hər dəfə reallığa zidd hədəflər planlayır, nəticədə də uduzuruq”.

J. Liparityan hesab edir ki, Prezident İlham Əliyevin ermənilər üçün hazırkı təklifi uyğundur. Söylədiyi fikirlərdə erməni diplomat bir qədər səhvə yol verir. Əslində erməniləri qızışdırıb bu yola salanlar vardı. Onlar heç vaxt öz cəsarətlərinə güvənməyiblər. O vaxt başda Mixail Qorbaçovun başçılıq etdiyi SSRİ, ABŞ, Fransa və bəzi digər ölkələr Ermənistana Qarabağı almaqda lazımi köməkləri edəcəklərinə söz verib meydana saldılar. Təsadüfi deyildi ki, Qarabağ münaqişəsini başlamaq mesaji akademik Abel Aqanbekyan tərəfindən ilk dəfə Fransada verilmişdi. ABŞ Senatında “Azadlığı Müdafiə” Aktına ədalətsiz 907-ci düzəlişin qəbul olunması da bunun nəticəsi idi.  Birləşmiş qüvvələr o zamankı zəif Azərbaycanı təklədilər və öz planlarını yeritdilər. Lakin Azərbaycan müstəqilliyini bərpa edəndən, xüsusilə Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə gəldikdən sonra qüvvələr nisbəti dəyişməyə başladı. Dünyanın nüfuzlu ölkələri ilə “Əsrin müqaviləsi” adlandırılan neft kontraktları bağlanandan sonra isə üstünlük Azərbaycana keçdi. Nizami hərbi hissələr yaradıldı, müasir silahlar alındı, xalqın birliyi daha da möhkəmləndirildi. O zaman Ermənistan prezidenti olan Levon Ter-Petrosyan və bəzi ayıq ermənilər anladılar ki, artıq vəziyyət dəyişib, vaxt onların ziyanına işləyir, Azərbaycan nəyi güzəştə gedəcəksə onu qəbul etmək lazımdır, yoxsa sonra hər şey əldən çıxacaqdır. Bu fikri qətiləşdirən Levon Ter-Petrosyan münaqişəni bəzi güzəştlərlə bitirmək istəsə də buna mane olan qüvvələr onu vurub vəzifəsindən uzaqlaşdırdılar. Otuz il ərzində ermənilər Azərbaycan ərazilərində hansı hoqqalardan çıxmadılar? Soyqırımlar, qətllər, qarətlər, yüzlərlə yaşayış məntəqəsinin, dini və mədəniyyət abidələrinin dağıdılıb yerlə-yeksan olunması, bir sözlə, bəşərin indiyədək görmədiyi vəhşiliklər...

Azərbaycanın geri çəkilmədiyini, işğalla qətiyyən barışmadığını  görən Ermənistanı qızışdıranlar onu yeni oyuna təhrik etdilər. Yeni planın məqsədi işğalı uzatmaqla Qarabağı tədricən azərbaycanlılara unutdurmaq və ona sahib olmaq. Elə burada da yanıldılar, Azərbaycan xalqı üzərində pərvəriş tapdığı torpağı unudardımı? Nəhayət, Rəşadətli Azərbaycan Ordusu 2020-ci il sentyabrın 27-də başlanan İkinci Qarabağ müharibəsində ermənilərin xam xəyallarına son qoydu.

Otuz illik mübarizədən sonra 2020-ci ildə Qarabağ öz əzəli sahibinə qovuşdu. Etdiklərindən it kimi peşman olan ermənilər isə yasa batdılar. Jirayr və onun kimilər indi nə qədər danışsalar da sonrakı peşmançılıq fayda vermir.

Vəli İlyasov, “İki sahil”