16 sentyabr 2023 02:57
393

“Demokrat” senatoru haylarla hansı əlaqələr birləşdirir?

ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri, ermənipərəst Bob Menendez yenə Azərbaycana qarşı “iş” başındadır

Avropalı diplomatları külli miqdarda pullarla ələ almaqda “mahir olan”, onları rüşvət, qiymətli “hədiyyələrlə” öz çirkin oyunları üçün alət etməyə adət edən Qərbdəki erməni diasporu bu dəfə də adətinə “sadiq qalıb”. Məhz erməni diasporunun təxribat xarakterli “təşəbbüsü” ilə ABŞ Senatında Dağlıq Qarabağdakı vəziyyətlə bağlı dinləmələr başlayıb. Dinləmələrin əvvəlində senator Bob Menendez xatırladıb ki, guya Azərbaycan bir neçə ay ərzində Ermənistandan qondarma “artsaxa” humanitar yüklərin çatdırılmasına mane olmaqla, Laçın dəhlizini bağlayıb. Bu zavallı senator erməni diasporundan aldığı dollarlardan o qədər məst olub ki, qulağının dibindəki həqiqəti belə görməzdən gəlməyə başlayıb. Qərbdəkilərin Xankəndidəki erməni separatçılarının əli ilə bir müddətdir qurduqları “blokada və aclıq” şousunun iflasa uğradığı bir vaxtda bu bədbəxt B.Menendezin “fil qulağında” yatması erməni diasporunun bu dəfə də iflasa uğradığını göstərir.

Bəs kimdir bu “demokrat” senator Bob Menendez (Robert Menendez)? 1954-cü ildə doğulan bu siyasətçi 2006-cı ildən ABŞ Senatının üzvüdür. Türkiyə və Azərbaycanda türk düşməni kimi tanınır. Bəs onun arvadı kimdir? Bu sualın cavabı xüsusilə önəmlidir. Belə ki, senator 2020-ci ildə erməni əsilli Nadine Arslanyanla rəsmən evlənib. Cütlük Kuins ştatının Baysayd şəhərindəki erməni kilsəsində kiçik bir mərasimlə bir araya gəlib. Arslanyan Livan əsilli və ermənidir. O, etiraf edib ki, Menendesi Senatda “erməni soyqırımı”nın tanınması üçün səy göstərməyə təşviq edib. Yəni, Bob Menendez Nadine Arslanyanla evləndikdən sonra türklərə düşmən kəsilib. Ermənilərin ən güclü lobbi təşkilatı kimi tanınan Amerika Erməniləri Milli Komitəsinin sevimlisinə çevrilib. Hazırda da Bob Menendez özü kimi ermənilərə nökərçilik edən senatorları başına yığaraq Laçın yolunun dəhliz statusunda açılması üçün Amerikadan Azərbaycana təzyiq göstərməsini tələb edir. Dediyi odur ki, Amerika Azərbaycana göstərdiyi illik hərbi yardımı (100-120 milyon dollar civarında) dayandırsın, hərbi yardım ayırmadığı Ermənistana maliyyə dəstəyi versin. Senatorun ən böyük arzusu isə 1992-ci ildə erməni lobbisinin təşəbbüsü ilə ABŞ Konqresi tərəfindən "Azadlığı Müdafiə Aktı”na qəbul edilən 907-ci düzəlişin yenidən qüvvəyə minməsi ilə bağlıdır. Bu isə Azərbaycana Amerikanın birbaşa dövlət yardımının yasaqlanması deməkdir.

Bob Menendez və arvadının əsl siması zaman-zaman elə Amerika mətbuatı tərəfindən çap olunan məqalələrdə ortaya qoyulub və ermənilərin əsrinə necə çevrildiyi göstərilib. Belə ki, senator Bob Menendezin yeni arvadı cəmi üç il əvvəl girovla üzləşməsinə baxmayaraq, 400.000 dollar dəyərində qızıl külçələri nağdlaşdırıb. Satış keçən yaz onun ofisinin Nyu Cersi Demokratının yeni federal araşdırma ilə üzləşdiyini açıq şəkildə etiraf etməsindən aylar əvvəl olub. 56 yaşlı Nadine Arslanyan külçəni 7 aprel 2022-ci il və 16 iyun 2022-ci il tarixləri arasında satıb. Bu, 13 funt xalis qızıla bərabərdir. Satış 2020-ci ildə Menendeslə evlənməmişdən əvvəl maliyyə cəhətdən çətinlik çəkən, hətta evini belə girov qoyan Arslanyan üçün əlamətdar maliyyə dönüşü olub. Ancaq cütlük indi - münasibətlərinin başlamasından bir neçə ay sonra başladılan FTB araşdırmasının tam mərkəzindədir. Hadisə onların bir növ ifşasıdır. Ancaq bu, Menderesin ilk təhqiqat qarşısında qalması hadisəsi deyil. Bundan öncə də onun qanunsuz əməlləri ortaya çıxarılıb, istintaq başladılıb, lakin bunların bir neçəsi yarımçıq dayandırılıb... Məlumatlara görə, Manhetten federal prokurorları araşdırma apararaq senator və ya onun həyat yoldaşının siyasi lütflər müqabilində daha hansı “hədiyyələr” aldığını öyrənməyə çalışırlar. Senatorla bağlı korrupsiya iddialarına görə federal orqanlar tərəfindən də təhqiqat aparılır. İddialar arasında senatorun qadın dostlarına, Braziliyadan, Ukraynadan və Dominican Respublikasından viza almaq üçün də qanunsuz əməllərə əl atdığı yer alıb. 69 yaşlı Menendes, həmçinin 2015-ci ildə Ədliyyə Departamentinin İctimai Dürüstlük Şöbəsinin prokurorları tərəfindən “Palm Beach” oftalmoloqu və siyasi xeyriyyəçi doktor Salomon Melqendən külli miqdarda rüşvət almaqda ittiham olunur. Menendesin sözçüsü mətbuata açıqlamasında bildirib ki, senatorun maliyyə açıqlaması formaları bütün qanuni tələblərə uyğun olaraq təqdim edilib. O, federal araşdırma ilə bağlı şərh verməkdən imtina edib. Arslanyanın vəkili David Schertler durumu şərh etməkdən imtina edib. Qəzet yazır ki, onun Vaşinqtondakı hüquq firması fevral ayında Menendesdən "hüquqi xidmətlər" üçün ödəniş olaraq 48,000 dollar alıb.

Federal Seçki Komissiyasının sənədlərinə görə, bu ilin yanvar və aprel ayları arasında Senat üçün Menendes Çikaqo və Vaşinqtondakı firmalara "hüquqi xidmətlər" üçün təxminən 187,000 dollar xərcləyib. Menendesin son federal maliyyə açıqlamaları Arslanyanın keçən il şirkətdən gəlir əldə etdiyini göstərir. Senatorun açıqlama formaları onun Nyu-Cersi tibbi sınaq şirkəti olan “Fusion Diagnostics Laboratories”də işlədiyini də göstərir. Amerika mətbuatının yazdığına görə, bütün bunlar onu düşdüyü durumdan xilas etmir və qeyd edilən məsələ üzrə istintaq davam edir.

Sevinc Azadi, “İki sahil”