15 sentyabr 2023 00:00
389

Məktəbə get, dərs oxu…

Təhsili yüksək olan millətin və dövlətin biləyi heç vaxt bükülməz

Hər il sentyabrın 15-i ölkəmizdə Bilik Günü kimi qeyd olunur. Bu barədə Prezident İlham Əliyev 2004-cü il avqustun 21-də Fərman imzalayıb. Sözügedən Fərman  ölkənin təhsil müəssisələrində təlimin keyfiyyətinin yüksəldilməsi və ümumilikdə təhsil sisteminin təkmilləşdirilməsinə hesablanıb.

Son illərdə Azərbaycan təhsili yeni inkişaf dövrünə qədəm qoyub. Prezident İlham Əliyevin qayğısı , Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr Ulu Öndərin təhsil siyasətinin ugurlu davamının göstəricisidir. Bu gün ölkəmizdə təhsil sisteminin bütün pillələri üzrə Dövlət proqramları uğurla həyata keçirilir.

Ənənəyə uyğun olaraq 2023/2024-cü tədris ili də ölkənin bütün tipdən olan ümumi təhsil müəssisələrində (beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramlarının tədrisi istisna olmaqla) 15 sentyabrda başlayıb, 14 iyunda başa çatacaq. Yeni tədris ilində ümumilikdə 1 milyon 612 min 294 şagird təhsil alacaq.  

Eyni zamanda 135 000 uşaq birinci sinifə gedəcək, 80 273 uşaq isə məktəbəhazırlıq qruplarında tədrisə cəlb olunacaq.2023-2024-cü tədris ilində 114 484 uşaq məktəbəqədər təhsilə (uşaq bağçası) cəlb ediləcək. Yeni tədris ilində ümumi təhsil müəssisələrində ilk dərs «Heydər Əliyev Azərbaycanın xilaskarı və qurucusudur» mövzusuna həsr olunacaq.

Böyük şairimiz Abdulla Şaiqin  təhsil və məktəb haqqında  hələ 100 il əvvəl yazdığı şeir bu, günümüzlə necə də səsləşir.

Ağıllı oğlum, oyan!
Qiymətlidir hər zaman.
Tez ol, dur get məktəbə,
Sarıl elmə, ədəbə.
Səhər ziyandır yuxu,
Məktəbə get, dərs oxu.

Əziz tələbələr və şagirdlər, yeni Bilik Gününüz mübarək! Qoy bu yeni tədris ili ölkəmizə yeni uğurlar və tərəqqilər gətirsin. Çünki təhsili yüksək olan millətin və dövlətin biləyi heç vaxt bükülməz.

Elçin Zaman, «İki sahil»