15 sentyabr 2023 01:15
555

Sirkə nə qədər tünd olsa…

Fransa regionda kövrək normallaşma prosesinə təhlükə törədən əsassız bəyanatlarına, absurd iddialarına və ittihamlarına nə vaxt son qoyacaq?

Azərbaycanın 44 günlük Vətən müharibəsindəki tarixi Zəfəri, savaşdan ötən 3 ilə yaxın dövr ərzində yeni-yeni qələbələr qazanması, həmçinin Qarabağ iq­tisadi rayonunda yaşayan erməniəsilli vətəndaşların inteqra­siyası yolunda inamla irəliləməsi başqalarının torpaqlarını işğal etmək, günahsız insanları qətlə yetirmək sahəsində böyük təcrübəsi olan Fran­sanı lap özündən çıxarıb. Elə bu səbəbdən başda Prezi­dent Emmanuel Makron, xarici işlər naziri Ketrin Kolonna olmaqla Fransa rəsmiləri ölkəmizə qarşı təzyiqləri artırırlar. Belə ki, bu günlərdə Fransa  komandasının  xorunda çıxış edən bu ölkənin Avropa və Xarici işlər Nazirliyinin mətbuat katibi Ann-Kler Lejandr bölgədə sülh və sabitliyə xidmət etməyən, mövcud vəziyyətə dair yanlış təəssürat formalaşdıran və birtərəfli qaydada Ermənistanı müdafiə edən fikirlər səsləndirib. Bir sözlə, o, bu istiqamətdə Makronun "siyasət"ini  davam etdirərək fikirlərinə elə ştrixlər vurub ki,  onların da barıtı lap çox olub. O qədər çox ki, hətta Dərviş Məstəli şah Parisi “partladarkən” o qədər barıtdan istifadə etməmişdi. Görünür, erməni lobbisi bu xanıma əməlli-başlı görüm-baxım edib.

Sən demə, Azərbaycan Respublikasının öz suveren ərazilərində təlim məqsədilə, habelə sərhədlərinin təhlükəsizliyini təmin etmək üçün qüvvələrini müəyyən istiqamətlərə yönəltməsi sülh prosesinə maneə imiş. Halbuki ölkəmiz sülh prosesinə sadiqdir və bu istiqamətdə  fəaliyyətini daha da genişləndirir. Üstəlik,  təcavüzkar ölkəyə, yəni  Ermənistana sülh müqaviləsi, sərhədlərin delimitasiyası, kommunikasiyaların yenidən açılmasını da təklif edib. Əslində bölgədə əsas təhdid mənbəyi Azərbaycanın Qarabağ iqtisadi rayonundan çıxarılmayan və Ermənistan tərəfindən birbaşa dəstəklənən erməni silahlı qüvvələrinin qalıqlarının mövcudluğudur ki, Fransa da onlara hər cür mənəvi və maddi yardım göstərir. Bununla da hayları yeni təxribatlara hazırlayır.

Bu xanım sözçünün  Azərbaycanın guya Laçın yolunu bağlı saxlamasına, "blokada" və "humanitar böhran"a dair əsassız iddialarına gəldikdə isə, bütün bunlar Ermənistanın ayrı-ayrı dövlətlər və beynəlxalq təşkilatlardan sui-istifadə etməklə ölkəmizə qarşı bütün dünyada apardığı qarayaxma kampaniyasının tərkib hissəsidir. Halbuki rəsmi Bakı qanunvericilik tələblərinə riayət etməklə humanitar yardımın Beynəlxalq Qızıl Xaç Komitəsi vasitəsilə daşınması üçün Laçın-Xankəndi və Ağdam-Xankəndi yollarından və digər mümkün yollardan istifadənin mümkün olduğunu dəfələrlə bəyan edib. Amma separatçılar yalnız Laçın-Xankəndi yolundan istifadə etməkdə hələ də israrlıdırlar. Ağdam–Xankəndi yo­lundan istifadə olunmasına  Ermənistan və onun Azərbaycanın Qarabağ bölgəsində ya­ratdığı və dəstəklədiyi qondarma rejim tərəfindən məqsədyönlü şəkildə süni əngəllər yaradılır, bundan siyasi mani­pulyasiya məqsədilə istifadə edilir. Əgər Xankəndidə yaşayan ermənilər "humanitar fəlakət"lə üzləşsəydilər, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin yardımı çoxdan qəbul edilərdi. Qeyd edək ki, içərisində 40 ton un olan yük avtomobilləri avqustun 29-dan Ağdam-Xankəndi yolunda, Rusiya sülhməramlılarının postunun qarşısında gözləyir. Bununla da Qarabağdakı separatçılar Ermənistanın və onun Fransa kimi havadarlıarının oyununun alətinə çevrildiklərini aşkar nümayiş etdirirlər. Bu kimi faktlardan Ann-Kler Lejandrın da xəbəri olmamış deyil. Di gəl, erməni təəssübkeşliyi onu  necə ruhlandırıbsa, o bu həqiqətlərin heç birindən söz açmır.

Fransa rəsmilərinin bu kimi ittihamlarını Azərbaycanın daxili işlərinə birbaşa müdaxilə,  ölkəmizin beynəlxalq hüquqla qorunan suverenliyi və ərazi bütövlüyünə qarşı qəsd kimi də dəyərləndirmək olar. Digər tərəfdən, bu kimi addımlar həm də bölgədə vəziyyətin gərginləşməsinə, separatçıların fəallaşmasına, təxribatların artmasına təkan verməkdədir. Elə son günlər baş verən olaylar bunu təsdiq edir. Halbuki Azərbaycanın beynəlxalq hüquqla qorunan suverenliyi və ərazi bütövlü­yünə qarşı yönələn bu kimi addımlara son qoyulması rəsmi Parisdən təkidlə tələb olunub. Amma həyasızlaşmış Fransa Azərbaycanın beynəlxalq hüquqla qorunan suverenliyi və ərazi bütövlüyünə qarşı yönələn, regionda kövrək normallaşma prosesini təhlükə altına alan əsassız bəyanatlara, iddialara, ittihamlara son qoymur ki, qoymur. Yəni, Fransa hələ də özünü Cənubi Qafqazda baş verən hadisələrə özəl təsir gücünə malik ölkə, başqa sözlə desək, tünd sirkə kimi aparmaqdadır. Amma fransız rəsmiləri bir məsələni unudurlar. “Sirkə də nə qədər tünd olsa, öz qabını çatladar” Azərbaycan zərb-məsəlini deyirəm...

P.S.  Dünən daha bir fransız rəsmisi – Fransa Milli Assambleyasının Xarici Əlaqələr Komissiyasının sədri Jan-Lui Burlanj İrəvanda peyda olub. Onu qəbul edən Ermənistan parlamentinin sədri Alen Simonyan rəsmi Parisin Ermənistana göstərdiyi hərtərəfli yardımları yüksək qiymətləndirib və bu səylərin artırılmasının zəruriliyini vurğulayıb. Jan-Lui Burlanj deyib ki,  ölkəsi Ermənistan üçün çox şey edir, bu, gərginliyin sürətlə yumşaldılması baxımından kifayət deyil: “Mən Fransanın Ermənistana dəstəyini çatdırmaq, ölkənizin daşıyıcısı olduğu dəyərlər uğrunda birgə mübarizə aparmaq üçün gəlmişəm”. Zənnimizcə, əlavə şərhə ehtiyac yoxdur.

Qvami Məhəbbətoğlu, “İki sahil”