14 sentyabr 2023 23:47
251

İçimizdəki makronsevərlər...

Künc zərbəsi

Əli Kərimli partiyasının özü kimi xəyanətkar üzvlərinə Fransanı müdafiə etmək üçün verdiyi tapşırığın sifarişini ermənilərdənmi alıb?

Bu gün Cənubi Qafqazda cərəyan edən proseslərin inkişaf istiqamətini şərtləndirən ən mühüm amillərdən biri Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı böyük Qələbənin yaratdığı yeni reallıqlardır. Ancaq ölkəmizin xalq-iqtidar birliyindən qaynaqlanan gücü, regionun şəriksiz liderinə çevrilməsi, dayanıqlı iqtisadiyyata, qüdrətli orduya malik olması dostları sevindirdiyi kimi, düşmənləri narahat edir. Üzləşdiyi acı məğlubiyyətdən ötən üç ilə yaxın müddətdə hələ də özünə gəlməyən Ermənistanla yanaşı, onun havadarları, xüsusilə atdığı bütün addımlarla öz ermənipərəst mövqeyini açıq şəkildə nümayiş etdirməkdən çəkinməyən Fransa da Azərbaycanın təkcə bölgədə deyil, artıq dünyada öz maraqlarını diktə edən böyük aktora çevrilməsini həzm edə bilmir. Xüsusilə Emmanuel Makronun hakimiyyəti dövründə erməni lobbisinin əsirinə çevrilmiş Fransanın ölkəmizə qarşı ədalətsiz və qərəzli siyasi kurs yürütməsi, düşmən mövqe tutması sübuta ehtiyacı olmayan reallıqdır. Bu ölkənin Ermənistandan vasitə kimi istifadə edərək Cənubi Qafqaza soxulmaq və Qarabağ üzərindən oyunlar oynamaq istədiyi o qədər aşkar hiss edilir ki, hətta beynəlxalq ekspertlər belə Makron hökumətinin əsl niyyətinin şəxsi maraqlarını təmin etmək və bədxahlıq olduğu qənaətindədirlər. Baxmayaraq ki, Azərbaycan milli və dövlətçilik maraqlarımıza hörmətlə yanaşan bütün dövlətlərlə dostluq, inkişaf naminə səmərəli əməkdaşlıq yolunu tutub. Bu mənada ölkəmizdə Fransaya qarşı ictimai rəyin müsbət olmamasının səbəbləri də elə Makron hökumətinin ermənipərəst mövqeyi ilə bağlıdır.

Ancaq Azərbaycan üçün taleyüklü məsələlərin həll olunduğu, dövlətimizin bədxahların qarşısını qətiyyətlə aldığı bir məqamda başqa vaxt “vətənpərvərlikdən” dəm vuran AXCP sədri Əli Kərimli partiyasının özü kimi xəyanətkar üzvlərinə Fransanı, Makronu müdafiə etmək üçün tapşırıq verib, eynilə ermənilərin tutduğu mövqeyi sərgiləyir. Guya Kərimli, onun tapşırıqlarını milli maraqlarımızı tapdamaq hesabına can-başla yerinə yetirən əlaltıları, o cümlədən AXCP funksioneri Ceyhun Novruzov bilmirlər ki, Ermənistanın torpaqlarımızı işğal altında saxladığı 30 il ərzində ATƏT-in Minsk qrupunun həmsədri olmuş Fransa heç vaxt Cənubi Qafqazda ədalətli sülhün təmin edilməsinə töhfə verməyə çalışmayıb, əksinə həmişə erməniləri işğal siyasətini davam etdirməyə təhrik edib? Nə qədər inandırıcıdr ki, özünü siyasətçi, partiya sədri, funksioneri adlandıranlar Makronun, Fransanın digər dövlət və hakimiyyət nümayəndələrinin ölkəmizə qarşı dəfələrlə səsləndirdikləri ədalətsiz fikirlərdən xəbərsiz olsunlar? Guya bilmirlər ki, Fransa Senatı son üç ildə Azərbaycan əleyhinə üç dəfə haqsız qətnamə qəbul edib, şəxsən Makronun təşəbbüsü və dəstəyi ilə Ermənistan hər dəfə fiaskoya uğrasa belə dörd dəfə BMT Təhlükəsizlik Şurasına müraciətlər ünvanlayıb? Bəlkə fransız yüksək çinli məmurların, siyasətçilərin bu ölkədə başqa adlar altında fəaliyyət göstərən erməni terror təşkilatları ilə əlaqələrindən, işğal dövründə Qarabağa qaranlıq səfərlərindən xəbərləri yoxdur? Axı bütün bunları Azərbaycanda heç siyasətlə məşğul olmayanlar da bilir?

Deməli, məsələ məlumatsızlıqda deyil. Əli Kərimli hər zaman olduğu kimi, Azərbaycanın maraqlarını, milli mənafeyimizi qorumaq, haqqın, ədalətin tərəfini saxlamaq əvəzinə aldığı tapşırıqları icra edir. Maraqlıdır, bəs onun partiyasının özü kimi xəyanətkar üzvlərinə verdiyi Fransanı, Makronu müdafiə etmək tapşırığının sifarişçiləri kimlərdir? Axı bu mövqe daha çox Ermənistanın, ermənilərin mövqeyidir...

Mahir Rəsuloğlu, “İki sahil”