15 sentyabr 2023 02:58
316

“Freedom House”dan növbəti həyasızlıq

Siyasi məqsədlərlə “silahlanan”, minlərlə kilometr uzaqlıqda oturaraq regionda baş verən prosesləri analiz etmədən hər cür qərəzli fikirlərə yol verən bu təşkilatın qayəsində erməni təəssüb­keşliyi dayanır

“Freedom House” – yəni “Azadlıq Evi”. Mənzil qərargahı Vaşinqtonda yerləşən, demokratiya və insan hüquqları sahəsində formalaşan bu qeyri-hökumət təşkilatının ilk baxışdan adının qarşılığını verdiyini düşünmək olar. Lakin təşkilatın fəaliyyət prinsipləri və sərgilədiyi mövqe ilə tanış olduqda düşüncələr tamamilə alt-üst olur. Bu qənaətə gəlmək üçün sadəcə təşkilatın Azərbaycana qarşı münasibətini incələmək kifayətdir. Özünü dünyaya “demokratiya və azadlıqların carçısı” kimi sırıyan təşkilat, əslində yalnız siyasi maraqlarına uyğun şəkildə hesabatlar hazırlayır. Bu hesabatlarda Azərbaycana qarşı qərəz isə hər zaman hiss olunur. Təşkilat Azərbaycanı gah internetin azad olmadığı ölkələr sırasına salır, gah “qeyri-azad” ölkələrin sıralamasında göstərir, gah da Bakını qeyri-demokratik mühit yaratmaqda günahlandırır.

Təşkilatın qeyri-obyektiv və olduqca qərəzli siyahısını uzatmaq mümkündür. Ən gülməlisi isə bu təşkilatın Qarabağdakı vəziyyət və Azərbaycanla Ermənistan arasında artan hərbi gərginlik barədə sərgilədiyi mövqedir. Bu dəfə də təşkilat Ermənistanı müdafiə etmək məsələsində ifrata vararaq necə deyərlər, qaşınmayan yerdən qan çıxarmağa çalışır. Xatırladaq ki, hələ aylar öncə “Freedom House” Şuşa-Xankəndi yolunda “sülhməramlılara” və separatçılara dinc etiraz edən Azərbaycan vətəndaşlarını hədəfə almaqdan və ölkəmizə qarşı ikili standartlar çərçivəsində yanaşmaqdan çəkinməmişdi. Belə ki, təşkilatın “Twitter” səhifəsində Azərbaycanın Laçın dəhlizini bağlamasına və Dağlıq Qarabağa qazın verilməsini dayandırmasına dair olduqca qərəzli fikirlər yer alırdı. Doğrusu, minlərlə kilometr uzaqlıqda oturaraq regionda baş verən prosesləri analiz etmədən bu cür fikirlərin səsləndirilməsini heç bir məntiqə sığdırmaq mümkün deyil. Əgər “Freedom House” həqiqətən də Şuşa-Xankəndi-Laçın yolunda baş verənlərdən narahat idisə, o zaman sözügedən əraziyə gəlmək üçün Azərbaycan hökumətinə müraciət edə, icazə ala və həqiqəti öz gözləri ilə görə bilərdi. Əks halda erməni saytlarında yayımlanan birtərəfli və həqiqətə uyğun olmayan məlumatlara istinad edərək belə vacib bir məsələyə münasibət bildirməyin özü başdan-ayağa kimi qərəzdən xəbər verir.

Bu qərəz hazırda da davam edir. Məsələn, bu günlərdə “Freedom House” təşkilatının prezidenti Maykl Abramovitsin adından yayılan bəyanatda “Azərbaycan hərbçilərinin Ermənistan sərhədi boyunca texnika yığması ilə bağlı xəbərlər bizi dərindən narahat edir. Biz Ermənistanın suveren ərazisinə hücum planlarını pisləyir və vasitəçi tərəfləri Ermənistan sərhədlərinin növbəti dəfə pozulmasının qarşısını almaq üçün işləməyə çağırırıq” iddiası yer alıb. Bəyanatda, həmçinin Qarabağda mövcud vəziyyətin humanitar böhranı dərinləşdirdiyi və etnik təmizləmə riski yaratdığı qeyd edilib. Məsələnin beynəlxalq reaksiya gərəkdirdiyini bildirən “Freedom House” BMT İnsan Hüquqları Şurasını Qarabağda insan haqlarının vəziyyətini qiymətləndirmək üçün xüsusi məruzəçi təyin etməyə də çağırıb.

Əslində, "Freedom House"un ölkəmizə qarşı hər zaman sərgilədiyi bənzər və dəyişilməz oyunbazlığı kimsədə təəccüb doğurmamalıdır. Çünki dırnaqarası demokratiya axtarışına çıxan bu qurumun, bilavasitə erməni lobbisindən maliyyə qaynağı kimi istifadə etməsi haqqında kifayət qədər faktlar və dəlillər mövcuddur. Bir sözlə, “Freedom House” siyasi məqsədlərlə “silahlanmış” təşkilatdır. Bu siyasilikdə erməni təəssüb­keşliyi dayanır. Təsadüfi deyil ki, qurum ötən ilə dair he­sabatında dünyada azadlığa və demok­ratiyaya mənfi təsir göstərən fəaliyyətlər sırasında Moskvanın Ukraynaya qarşı müharibəsindən əlavə, Tacikistan və Qır­ğızıstan arasında sərhəd toqquşmalarını, habelə “Azərbaycan qüvvələrinin Ermə­nistana artan müdaxilələri”ni göstərmişdi. Sən demə, ölkəmizin öz ədalətini bərpa etmək istiqamətindəki səyləri demokratik prin­siplərə zidd imiş... Bəli, indi görünür ki, nə üçün Er­mənistanın baş naziri Nikol Paşinyanın sözünün əvvəli də, axırı da demokrati­yadır. Baş nazir hər cür həyasızlığını, Azərbaycana münasibətdəki ədalətsiz mövqeyini, sülh danışıqlarından yayın­masını demokratikliklə “əsaslandırır” və elə görüntü formalaşdırır ki, sanki Ermənistanı müdafiə etmək bəşəri dəyərləri qorumaqdır. Yəqin buna görə “Freedom House” hesabatında Azərbay­canın Ermənistana “artan müdaxilələrini” mənfi meyil kimi təqdim edir. Bu zaman dövlətlərin ərazi bütövlüyü prinsipi təşki­latın “başbilənlərinin” yadına, qətiyyən, düşmür.

Sonda bu qənaətə gəlirik ki, “Freedom House” və digər bu kimi təşkilatların məqsədi heç də dünyada demokratiya­nın və azadlığın, o cümlədən digər təməl insan hüquq və azadlıqlarının keşiyin­də dayanmaq deyil, əksinə bu dəyərləri manipulyasiya, siyasi məqsədlər naminə təzyiq predmetinə çevirməkdir. Bu, əlbət­tə, konkret ölkələrə, xüsusilə də Azərbaycana münasibətdə aşkar qərəzdir. Amma bir qədər geniş baxsaq, belə yaramaz yanaşma demok­ratiyanın və insan azadlıqlarının atribut­larının dəyərdən düşməsi baxımından son dərəcə ziyanlıdır. Əgər bu prinsiplər adiləşsə, onların ali səviyyədə qorunma­sına ehtiyac duyulmasa, bəşəriyyət məh­və sürüklənəcək.

Sevinc Azadi, “İki sahil”