13 sentyabr 2023 22:36
251

Qarşılarında güclü Azərbaycan Ordusunu görəcəklər

Xankəndidəki hərbi xunta rejimi işğalçı Ermənistanın və onun havadarlarının dəstəyi ilə Qarabağın sülhməramlılar olan hissəsində “boz zona” yaratmaq istəyir. Bir daha təsdiqlənir ki, xunta yeni təhlükələr törədir.

Mövzunu “İki sahil”ə şərh edən Gənc Demokratlar İnstitutunun sədri, politoloq Yeganə Hacıyeva bildirdi ki, 44 günlük Vətən müharibəsinədək Azərbaycanın istər Qarabağ inzibati ərazisi, yəni iqtisadi rayonu, istərsə də onun ətrafında Ermənistanla və İranla sərhəddəki əraziləri qeyri-qanuni daşımalar, kommunikasiyalar üçün fəal şəkildə istifadə edilən nəzarətsiz zonalar idi: “Bu nəzarətsiz zonaların faydasını təkcə Ermənistan deyil, həm də regionda bir neçə ölkələr, eyni zamanda Avropa və Asiya, Yaxın Şərq-Avropa daşınmalarında iştirak edən bəzi dairələr görüblər. Baxmayaraq ki, əslində bu kommunikasiyalar qeyri-qanuni idi, amma Avropaya yük daşımaq istəyən bu dairələr tərəfindən Yaxın Şərqdən, Mərkəzi Asiyadan, İrəvan və s. üzərindən silah, narkotik trafiki fəal istifadə edilib. Həmçinin birmənalı olaraq həm də bu ərazi saxlanma yeri kimi təhlükəli yüklər üçün bir neçə məqsədlə istifadə edilirdi.”

Y.Hacıyeva xatırlatdı ki, daha sonra Yaxın Şərqdə təhlükəli silahların qeyri-qanuni trafikinin izlənməsi ilə məşğul olan mərkəzlər Qarabağdan bu yolla, həmin məqsədlər üçün istifadə ilə bağlı faktlar açıqlamışdı: “Bu, istər işğal illərində, istərsə də işğaldan sonra olmuşdu. Yəni, bu ərazilər dünya erməniləri və Ermənistanı dəstəkləyən havadarları tərəfindən sözügedən məqsədlər üçün istifadə edilmişdi. Əslində bu nəzarətsiz zonalar elə “boz zona”lar deməkdir. Ermənistan yaxşı başa düşür ki, Azərbaycan ərazi bütövlüyünün pozulmasına heç vaxt imkan verməyəcək. Beynəlxalq hüquq Azərbaycanın tərəfindədir. Dövlətimiz öz ərazisində belə bir zonanın qalması ilə qəti razılaşa bilməz. Heç bir dövlət ərazisində belə bir nəzarətsiz zonanın olmasını qəbul etməz. Tarixi Qələbəmizdən sonra Ermənistan tərəfindən dəstəklənən separatçı marionet rejim bu səbəbdən də dalana dirənib”.

Y.Hacıyeva qeyd etdi ki, həmin dairələr nəzarətsiz ərazilərin, yəni beynəlxalq münasibətlərdə geniş tanınan və təhlükəli qəbul edilən “boz zona”ların qalmasında maraqlıdırlar. Ona görə maraqlıdırlar ki, ötən 30 ilə yaxın müddət ərzində işğal altındakı ərazilərimizdən qeyri-qanuni daşınmalardan, narkotrafiklərdən və təbii sərvətlərimizin talanmasından milyardlarla dollar vəsait qazanıblar. İndi də onların ən böyük arzusu regionun “boz zona” kimi qalmasıdır. Amma ərazi bütövlüyünü bərpa edən Azərbaycan buna imkan verməyəcək”.

Politoloq, həmçinin bildirdi ki, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərimizdə suverenliyimizə zidd olan hər hansı bir ssenarinin reallaşdırılması mümkün deyil: “Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etdi və bununla da dövlətimizin ərazi bütövlüyü təmin edildi. “Boz zona” ilə bağlı məkrli planlar quran hər hansı qüvvə Azərbaycanı mövqeyindən döndərə bilməz. Ya Azərbaycan qanunlarına əməl edərək yaşayacaqlar, ya da Laçın sərhəd-buraxılış məntəqəsi Ermənistana getmək istəyənlər üçün açıqdır. “Boz zona” xəyalı quranlar qarşılarında güclü Azərbaycan Ordusunu görəcəklər.

Cavid Əkbərov, “İki sahil”