13 sentyabr 2023 23:23
285

Düşmən səngərindən boylanan baş trol

Ölkəmizin Cənubi Qafqazdakı  indiki mövqe üstünlüyü və Ermənistanın davamlı geosiyasi məğlubiyyəti  anti-Azərbaycan qüvvələri həm xaricdə, həm də daxildə ciddi şəkildə əndişələndirib. Xüsusilə AXCP sədri Əli Kərimli ənənəsinə sadiq qalaraq Azərbaycan dövləti əleyhinə  sosial şəbəkələrdə «tezislər»  tirajlayır. Hətta özünün antimilli çıxışları ilə kifayətlənməyib inhisarına aldığı dağıdıcı düşərgəni də böhtan kampaniyasına sövq  edir. Məsələn, o, «cəbhəçi»lərə təlimat verib ki, Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi məsələsində rəsmi Bakıya qarşı açıq ittihamlar səsləndirsinlər.

Onun təlimatına uyğun olaraq  AXCP Rəyasət Heyətinin üzvü İlham Hüseyn  öz sosial şəbəkə hesabında yazıb ki, «münaqişənin bitməsi üçün rəsmi Bakının siyasi xarakteri dəyişməlidir. «Dəmir yumruq» təbliğatını dayandırıb, diplomatiyada dəmir iradə nümayiş etdirmək gərəkdir.» Diqqət  yetirdikdə aydın şəkildə görmək olar ki, Əli Kərimli və onun  bu qulbeçələri dövlətimizin  Laçın- Xankəndi yolundakı  şərti sərhəddə yaratdığı  buraxılış–keçid məntəqəsində sərhədçilərimizin  qətiyyətli fəaliyyətindən ciddi narahatlıq keçirirlər. Bir sözlə, əli kərimlilərin «dəmir yumruq»u  «xəmir yumruq»a çevirmək istəyi ondan qaynaqlanır ki, onlar ermənidən artıq ermənilik etmək olmaq mərəzinə tutulublar.

Əslində bu məntəqə ölkəmizin suveren hüquqlarını qorumağa, ərazilərimizə terrorçuların  və separatçıların giriş və çıxışına  tam nəzarəti  ələ almağa hesablanıb. Eyni zamanda, Azərbaycanın bu qətiyyətli addımları Qarabağ iqtisadi rayonundakı  erməni hərbi birləşmələrinin silahlandırılmasının qarşısını almaqla onların hərbi təxribatlarının kökünü kəsməyə xidmət edir.

Əli Kərimlinin həm trolları, həm də özü hələ də Ermənistana  yarınmaq üçün   mövqelərindən geri çəkilə bilmirlər. Məsələn, niyə onlar  bu vaxta qədər bir dəfə də olsun  Azərbaycanın «Sülhə nail olmaq üçün Ermənistanın konstruktiv, üçtərəfli Bəyanata və beynəlxalq hüquq normalarına uyğun mövqe tutması lazımdır» təkliflərinə  dəstək verməyiblər. Ona görə ki, onlarda cəsarət və millilik problemi var.

İkinci Qarabağ müharibəsindəki tarixi Qələbəmizdən məyusluq keçirən bu antimilli liderciyin iddialarından biri odur ki, Azərbaycanın indiki iqtidarının hakimiyyətdə qalması guya sülhə təhlükədir. Məhz İrəvandakı  revanşistlər də belə düşünürlər. Demək, Kərimli ilə revanşistlərin Azərbaycan əleyhinə fikirlərində bir xeyli oxşarlıqlar mövcuddur. O deyir ki, yalnız Ermənistanda və Azərbaycanda demokratik qüvvələrin hakimiyyətə gəlməsi problemin sülh yolu ilə həllini təmin edə bilər. Onda Kərimlidən  soruşmaq lazımdır ki, sənin təbirincə desək, əgər bu Qarabağ münaqişəsi  «hər iki ölkədə demokratiyanın bərqərar olması» nəticəsində həll edilə bilərdisə, bəs  onların «demokratik prezident» elan etdikləri Əbülfəz Elçibəyin və Qərbin hakimiyyətə gətirdiyi Levon Ter-Petrosyanın vaxtında niyə həll edilmədi, əksinə daha da pisləşdi?

AXCP sədrinin absurd iddialarının əksinə olaraq bu gün təcrübə göstərir ki, Qərb Ermənistanı təkcə Paşinyan hakimiyyətə gələndən sonra yox, ondan əvvəl də dəstəkləyib. Qeyd edək ki, ABŞ-ın ölkəmizə tətbiq etdiyi «Azadlığı müdlafiə Aktı»na  907-ci düzəliş də   Azərbaycana AXCP sədrinin mənsub olduğu hakimiyyətin dövründə  tətbiq olunub.

Davamlı olaraq beynəlxalq birliklərdən Azərbaycana qarşı sərt mövqe göstərilməsini istəyən və əvəzində işğalçı Ermənistanı «demokratik» adlandıraraq erməni cəlladlarının cinayətlərinə bəraət qazandıran, eyni zamanda, sosial şəbəkələri hakimiyyətə qarşı şər- böhtan alətinə çevirən Əli Kərimlinin Azərbaycan dövləti ilə düşmənçiliyi pik həddə çatmaqdadır. Təbii ki, o, ölkəmizə qarşı bəslədiyi  bu kin-küdurət burulğanında  gec- tezözü  boğulmağa məhkumdur.

Elçin Zaman, «İki sahil»