14 sentyabr 2023 00:12
247

Separatçıların saxta seçkilərinə bir quş

Beynəlxalq aləm daha bir erməni həyasızlığına «yox» dedi

Daha bir erməni həyasızlığı və saxtakarlığı sentyabrın 9-da Xankəndidə reallaşdı. Belə ki, Qarabağdakı qondarma rejimin təşkil etdiyi satxa «seçki»nin nəticələrinə görə, bir neçəgün əvvəl «dövlət naziri» (necə də pafosla səslənir) təyin olunmuş Samvel Şahramanyan «parlamentdə» 23 səsdən 22-ni toplayaraq guya «prezident» seçildi. Ermənistan mediasının yazdığına əsasən, separatçıların yeni quldurbaşısı Samvel Şahramanyan bu ilin martında Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin iştirakı ilə Azərbaycan və Qarabağ ermənilərinin nümayəndələri arasında baş tutan görüşdə erməni icmasını təmsil edən şəxslərdən biri olub. Həmin vaxt o, qondarma qurumun guya «təhlükəsizlik naziri» vəzifəsini icra edirdi.

Təbii ki, Azərbaycan dövlətinin bu erməni saxtakarlığına cavabı heç də gecikmədi. Xarici işlər naziri Ceyhun Bayramov operativ şəkildə bu məsələyə münasibət bildirərək Qarbağda keçirilən «prezident seçkiləri»ni Azərbaycan qanunlarına, eləcə də beynəlxalq hüququn norma və prinsiplərinə zidd olduğunu bəyan etdi. Həmçinin dünya ictimaiyyətini Azərbaycan ərazisində «seçki» adı altında aparılan bu qanunsuz fəaliyyəti qətiyyətlə pisləməyə çağırdı. Bundan sonra Avropa İttifaqı Qarabağda keçirilən «seçkiləri» tanımadığına dair bəyanat yaydı.

ABŞ Dövlət Departamenti Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində erməni separatçıların keçirdiyi «seçkilər»i tanımadığını açıqlayıb. Bu barədə xarici siyasət idarəsinin mətbuat katibi Metyu Miller brifinqdə bildirib: «Dağlıq Qarabağı müstəqil və suveren dövlət kimi tanımırıq. Beləliklə, oradakı qondarma «prezident seçkiləri»nin nəticələrini tanımırıq.» Diplomat, həmçinin Vaşinqtonun Bakı ilə İrəvan arasında birbaşa dialoqu dəstəklədiyini xatırladıb. Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld da vurğulayıb ki, London Qarabağ bölgəsində keçirilən qondarma «seçkilər»i tanımır: «Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik».

Türkiyənin Xarici İşlər Nazirliyi də qondarma «prezident seçkisi» ilə bağlı yaydığı məlumatda bildirib ki, Azərbaycanın Qarabağ bölgəsində qanunsuz erməni qüvvələrinin nəzarətində olan torpaqlarda keçirilən «seçkilər» regionda beynəlxalq hüquqa zidd olan mövcud vəziyyəti birtərəfli qaydada legitimləşdirmək cəhdlərinin yeni təzahürüdür: «Bu addım beynəlxalq hüququn, o cümlədən BMT Təhlükəsizlik Şurasının qətnamələrinin və ATƏT-in prinsiplərinin açıq şəkildə pozulmasıdır. Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının davam etdirilməsinə çalışıldığı bir vaxtda keçirilən «seçkilər»i sülh danışıqlarına xələl gətirmək cəhdi kimi qəbul edir və pisləyirik.»

Türk Dövlətləri Parlament Assambleyası da Ermənistan tərəfindən Azərbaycanın Qarabağ bölgəsində yaradılmış qanunsuz rejimin təşkil etdiyi qondarma «prezident seçkiləri»ni qətiyyətlə pisləyib. Bundan başqa Ukrayna, Moldova, Gürcüstan, Rumıniya, Macarstan və Orta Asiya ölkələri də saxta «seçkini» beynəlxalq hüquqa zidd hesab ediblər. Təbii ki, beynəlxalq ictimaiyyətin Azərbaycanın Qarabağ iqtisadi rayonundakı erməni separatçılarının «seçki» təxribatını kəskin pisləməsi haqq və ədalətin Azərbaycanın tərəfində olduğunun təsdiqidir. Eyni zamanda, Azərbaycan diplomatiyasının uğurudur. Xüsusilə ABŞ kimi qüdrətli bir ölkənin və Avropa İttifaqının simasında bir sıra nüfuzlu beynəlxalq təsisatların bu saxtakarlığı qınaması separatçılara vurulmuş növbəti ağır zərbədir. Bu, Azərbaycanın hərb meydanındakı «dəmir yumruğunun» geosiyasi arenada da qüvvədə olduğunun təsdiqidir.

Ən önəmlisi isə bu etirazlarla Ermənistanın və onun havadarlarının separatçıları diriltmək arzularının üzərindən birdəfəlik xətt çəkildi. Təbii ki, dünya birliyinin tanımadığı qondarma rejimi Ermənistan da tanımağa cəsarət etməz. Məhz bütün bunlardan sonra hayların bir çıxış yolu var-hərbi və siyasi təxribatların dəstəkçisi rolunda çıxış etməkdən vaz keçmək və Azərbaycanla münasibətlərin normallaşması prosesinə, sülh gündəliyinə qayıtmaq...

Bəli, məhz Qarabağdakı qanunsuz «prezident seçkiləri» ilə bağlı beynəlxalq ictimaiyyətin sərgilədiyi prinsipial mövqe bir daha onu göstərdi ki, separatçıların Xankəndidə keçirdikləri «seçkilər»in və aksiyaların heç bir hüquqi-siyasi əsası yoxdur. Çünki beynəlxalq hüquq tam qüvvəsi ilə Azərbaycanın tərəfindədir. Eyni zamanda bu kimi geosiyasi mövqe üstünlüklərimiz bizə bölgədə separatçılıq hallarının aradan qaldırılmasına və mülki ermənilərin reinteqrasiyası prosesinə əlverişli şərait yaradacaq.

Elçin Zaman, «İki sahil»