14 sentyabr 2023 01:58
370

“Boz zona” avantürası fiaskoya uğrayacaq

2020-ci ilin sentyabrın 27-də başlayan qırx dörd günlük müharibədə qəhrəman Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bütün döyüş əməliyyatlarını yüksək səviyyədə həyata keçirməklə mənfur düşməni diz çökdürdü, şanlı Zəfər qazandı və tarixi ədaləti, ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Rüsvayçı məğlubiyyətə düçar olan Ermənistan kapitulyasiya aktına imza atdı. 

Qırx dörd günlük Vətən müharibəsindəki tarixi Qələbədən sonra tikinti-quruculuq meydanına çevrilən Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı layihələr uğurla reallaşdırılır. Bu gün tarixinin ən qüdrətli və şərəfli dövrünü yaşayan Azərbaycan işğaldan azad edilmiş ərazilərdə yalnız öz iqtisadi gücünə arxalanaraq misilsiz işlər görür.  Azərbaycan Həmçinin Qarabağ bölgəsində yaşayan erməni sakinlərin cəmiyyətimizə reinteqrasiyası ilə bağlı təşəbbüslərin həyata keçirilməsi istiqamətində addımlar atılır.

Azərbaycan sülh danışıqlarına sadiqdir. Azərbaycan dövləti beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq Ermənistanla dayanıqlı sülh əldə olunması üçün lazımı addımlar atır. Çox təəssüf ki, Ermənistanın baş naziri Nikol Paşinyan dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını açıqlasa da bu ölkə hələ də öz destruktiv mövqeyi ilə sülh prosesinə mane olur. Ermənistan ən çirkin vasitələrdən istifadə edərək “gərgin humanitar vəziyyət”, “blokada” yalanları ilə beynəlxalq ictimai rəyi də çaşdırmağa çalışır. Bundan başqa, Ermənistan öz havadarlarının yardımı ilə Qarabağın Rusiya sülhməramlılarının nəzarətində olan hissəsini “boz zona”ya çevirmək üçün dəridən-qabıqdan çıxır. Təbii ki, bütün bunlar əbəsdir. Bu ölkənin hərbi-siyasi rəhbərliyi birdəfəlik yadda saxlamalıdırlar ki, Azərbaycan heç zaman buna icazə verməyəcək. Bu yaxınlarda Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ağdam-Xankəndi yolunda jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycan öz ərazisində hər hansı bir “boz zona”nın olmasını qəbul etməyəcək. Yeri gəlmişkən, siyasi lüğətdə “boz zona” iki dövlət və ya region arasında bufer rolunu oynayan və onları ayrı saxlamaq funksiyasını daşıyan ərazi kimi səciyyələndirilir. Həmçinin həmin ərazi qarşıduran tərəflərin heç birinin nəzarətində olmur. Eləcə də orada konkret cəbhə xətti mövcud deyil.

Məsələ burasındadır ki, Ermənistanın, erməni lobbisinin və Qarabağda separatçı rejimi dəstəkləyən bəzi xarici dairələrin yaratmaq istədiyi “boz zona” Azərbaycanın suveren ərazisidir. Qırx dörd günlük müharibədə təcavüzkar Ermənistanın silahlı qüvvələrini darmadağın edərək ərazi bütövlüyünü təmin edən Azərbaycan öz suveren ərazisində belə bədnam “boz zona”nın yaradılmasına imkan verməyəcək. Azərbaycan dövləti bu istiqamətdə bütün lazımı addımları ataraq, beynəlxalq təcrübədən istifadə edərək bu problemi öz milli maraqlarına uyğun olaraq həll edəcək.

Yeri gəlmişkən, bir vaxtlar Şimali İrlandiya da belə zona idi. Orada mərkəzi hakimiyyətin nəzarətindən kənar silahlı dəstələr, qanunsuz birləşmələr meydan sulayardı. O zaman rəsmi London bütün vasitələrdən istifadə edərək bu məsələni həll etdi. Bundan başqa, Kolumbiyada da narko kortellərin nəzarət etdiyi məntəqələrə qarşı ciddi mübarizə aparılır.

Nəhayət, Ermənistan rəhbərliyinə, erməni lobbisinə, Qarabağdakı separatçı rejimi dəstəkləyən bəzi xarici dairələrə bir daha xatırlatmaq istəyirik ki, qırx dörd günlük müharibədə tarixi Zəfər qazanaraq dəmur yumruğu ilə torpaqlarını işğaldan azad edən Azərbaycan tarixi ədaləti bərpa edərək öz ərazi bütövlüyünü təmin edib. Ona görə də Ermənistanın və onun havadarlarının Azərbaycanın suveren ərazilərində “boz zona” yaratmaq istiqamətindəki bütün cəhdləri fiaskoya uğrayacaq.

Zahid Rza, “İki sahil”