13 sentyabr 2023 15:30
230

Separatizm yuvasının birdəfəlik ləğvi mütləqdir - Cəlil Xəlilov

“Qarabağdakı qondarma “seçki”lər beynəlxalq hüququn ayaqlanması deməkdir”.

Bunu “İki sahil”ə açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, bir tərəfdən təmas xəttində hərbi təxribatlarını davam etdirən ermənilərin, digər yandan siyasi təxribatlara əl atması yolverilməzdir:

“Separatçılar, eləcə də Ermənistan hərbçiləri mütəmadi şəkildə təmas xəttində ordumuza qarşı hərbi təxribatlar törətməyə cəhd edir, bunun üçün ən ağlagəlməz üsullara əl atırlar. Düşmənin Xocavənd istiqamətində ordumuza qarşı təxribat məqsədi ilə itdən sui-qəsdçi kimi istifadəyə cəhd göstərməsi erməni xixlətinin nə qədər qorxunc və məkirli olduğunu göstərir.

Separatçıların Qarabağda qondarma “seçki”lər keçirməsi isə onların həm də siyasi təxribatlarla məşğul olduğuna dəlalət edir. Bu fakt sübut edir ki, separatçılar bu cür qanunsuz “seçkilər”lə beynəlxalq ictimaiyyəti aldatmağa, onlarda bölgədəki reallıqlar haqqında yanlış təsəvvürlər formalaşdırmağa çalışır. Onlar bu cür qurama “seçkilə”rlə göstərmək istəyirlər ki, guya Qarabağdakı ermənilər öz müstəqilliklərini qoruyub saxlayıblar və özlərinə azad şəkildə lider seçərək bundan sonrakı mübarizələrini davam etdirəcəklər. Halbuki, həm Xankəndi, həm də ətraf ərazilər Azərbaycan torpaqlarıdır və Konstitusiyamıza zidd olan bu seçkilərin heç bir hüquqi əsası yoxdur.

Bununla yanaşı, ölkəmizə qarşı davamlı xarakter alan bütün bu təxribatlar onu göstərir ki, erməni separatizminə qarşı daha sərt addımlar atmağa, separatizm yuvasını birdəfəlik ləğv etməyə ehtiyac var”.