12 sentyabr 2023 23:45
428

Siyasi kəndirbazlıq

ReAl sədri İlqar Məmmədovun nümunəsində

Son vaxtlar radikal müxalifət düşərgəsinin antimilli təmsilçiləri, xüsusilə də AXCP sədri Əli Kərimli, onun “sağ əli” olan Fuad Qəhrəmanlı, “Milli Şura” adlı  amorf qurumun Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublu, Respublikaçı Alternativ Partiyasının ( ReAL) rəhbəri İlqar Məmmədov kimilər xaricdəki ağalarının sifarişi və göstərişləri ilə, siyasi oyunbazlıqlarını, necə deyərlər, kəndirbaz prinsipi ilə davam etdirirlər. İctimaiyyət tərəfindən rədd olunan, antimilli fəaliyyətləri ilə özlərini cəmiyyətdən təcrid edən bu marginallar sözün həqiqi mənasında onlardan biri olan İlqar Məmmədovun dili ilə desək, yenə boş-boş guruldamağa başlayıblar.

 Əslində bunların hamısı atalar demişkən bir bezin qırağıdırlar. Belə ki, radikal müxalifətin başbilənlərindən biri, antimilli “Milli Şura”nın Koordinasiya Mərkəzinin üzvü, siyasi təlxək Tofiq Yaqublunun bu yaxınlarda sosial şəbəkələrin əsas platformalarından olan “YouTube”dəkı növbəti əxlaqsızcasına sərsəmləməsini görəndə buna bir daha əmin oldum. Qaranlıq xarici qrant mənbələrindən gizlincə aldığı çirkli pulları sakitcə, xımır-xımır yeyən T.Yaqublunun orada Fransa haqqında dediklərini dinlədikcə sanki başımıza qaynar su tökdülər.  “Milli Şura”çı, “müsavat”çı, nə bilim daha nəçi-nəmənəçi olan T.Yaqublu deyir ki, Fransanın ermənipərəst mövqedə olması qəbahət deyil. Bunun ardınca ağzı köpüklənə-köpüklənə deyir: “Bu ölkənin həm senatı, həm də xalq məclisi, yəni parlamentinin hər iki palatası “dağlıq qarabağın” müstəqilliyini tanıyıb. Orada cəmi bir addım qalıb ki, o da Makronun bu sənədi təsdiqləməsidir”. Bu xəyanətkar daha sonra bildirir: “Fransanın ermənipərəst mövqeyi bizə sərf edən mövqedir”.

Əxlaqi-mənəvi və psixoloji sarsıntılar içində çabalayan, merkantil maraqlar poliqonunun ön cərgələrində daimi saf tutan bu antimilli ünsürlərdən bundan artıq nəsə gözləmək olmaz. Siyasi əxlaqsızlıq, mənəviyyatsızlıq, xəyanətkarlıq, antimillilik bu şəxslərin düz sümüyünə, iliyinə qədər işləyib. Azərbaycan əleyhdarı olan qüvvələrin maşası rolunu oynayan, onlardan aldıqları çirkli qrantların müqabilində Vətənini, xalqını hər an satmağa hazır görünən, “demokrat” mantiyasına bürünən antimilli liderciklərin maskası yırtıldıqca əsl sifətləri, simaları üzə çıxır. Erməni lobbisinin inhisarında olan bəzi xarici təşkilatların direktivləri ilə hərəkət edən belələrinin və onların tör-töküntülərinin bu gün xaricdəki ağalarının gözünə girmək üçün çörəyini yeyib, havasını udduqları ölkəmizin əleyhinə təbliğat kampaniyasını davam etdirmələri cəmiyyətimiz tərəfindən qəzəblə qarşılanır. Gizli deyil ki, dağıdıcı müxalifət düşərgəsində təmsil olunan partiya rəhbərlərinin belə xəyanətkar əməlləri hətta həmin qurumlardakı sıravi üzvlərin hiddətinə səbəb olur. Buna görə də son vaxtlar onsuz da sosial baza sarıdan korluq çəkən həmin partiyalardan istefalar baş verir.

Bütün bunlar bir daha sübut edir ki, Azərbaycan əleyhinə olan güclərdən təlimat və qrantlar alaraq ölkəmizə qarşı qarayaxma kampaniyası aparan bu başıpozuq dəstənin başbilənlərindən olan ReAL rəhbəri İ.Məmmədov və onun kimilərin necə deyərlər, siyasi şou-biznez səhnəsini tərk etmələrini daha da sürətləndirəcək. Çünki bu tarixin zəruri diktəsidir.

Zahid Rza, “İki sahil”