12 sentyabr 2023 23:57
470

“İstiqlal marşı” ilə əbədi yüksələn al bayraq

Türkiyə Cümhuriyyəti - 100

100 ildən çoxdur ki, qardaş Türkiyə əl-ələ, çiyin-çiyinə, səs-səsə "Şanlı 29 Ekim" (oktyabr) tarixini böyük Vətən şairi Məhmət Akif Ərsoyun “İstiqlal marşı” ilə qarşılayır. Mustafa Kamal Paşa Atatürkün rəhbərliyi ilə bu tarixdə şəhidlərin müqəddəs qan rəngini ifadə edən ay-ulduzlu bayraq İstiqlal marşının sədaları altında bir daha enməmək üçün ucaldılmış, yeni, müstəqil Türkiyə Cümhuriyyəti yaradılmışdır. Marşa əvvəlcə Osman Zəki Üngör (1924), sonra isə Əli Rıfat Çağatay (1930) musiqi bəstələyib. Əsər Türkiyə ərazisinin xeyli hissəsinin itirildiyi, ölkənin gələcək taleyinin Anadoluda gedən döyüşlərdə həll olunduğu dövrdə (1921) yazılıb. Qələbəyə qədər isə türk xalqı böyük çətinliklər yaşamış, çilələr çəkmiş, şanlı tarixini şəhidlərin qanı ilə yazmışdır.

1914-cü il yanvarın 26-da Rusiya ilə Türkiyə arasında sülh sazişi imzalansa da, bir neçə aydan sonra - iyulun 19-da başlanan Birinci Dünya müharibəsi bu sazişi qüvvədən salır. Türkiyənin vəziyyəti getdikcə ağırlaşır, dünyanın bir neçə güclü dövləti silah-sursatlarını və canlı qüvvələrini İstanbula istiqamətləndirir. Müharibə Osmanlı dövləti üçün böyük fəlakətlə nəticələnir. İstanbul Antanta dövlətlərindən tamamilə asılı vəziyyətə düşür. Anadolunun böyük bir hissəsi və boğazlar ingilis-fransız və yunan işğalçılarının nəzarətinə keçir, Şərq ərazilərində Ermənistan və Kürdüstan dövlətlərinin qurulması planlaşdırılır. İstanbulda isə bütün dövlətlərin gözü var idi. Lakin nə qanlı savaşlar, nə də canlı qüvvə itkiləri imperialist dövlətlərə arzuladıqları qələbəni gətirdi. Türkiyəni tamamilə işğal edib aralarında bölüşdürmək istəyən İngiltərə, Fransa, Almaniya və Yunanıstan donanmaları 1915-ci ilin martında boğazlar vasitəsilə içərilərə doğru hərəkətə başladılar. Ancaq elə boğazdaca türklərin top zərbələri ilə qarşılaşdılar. Martın 18-də bir neçə düşmən gəmisi Çanaqqala boğazında minalara çırpılaraq parçalandı. Bu qanlı savaş boğazlardakı döyüşün taleyini həll etdi. Uğurlu müdafiəyə başçılıq edən möhkəmləndirilmiş qala komandanı Cavad Paşa tarixə "18 Mart" qəhrəmanı kimi daxil oldu. Bu qanlı savaşdakı qələbədən türk xalqı bir gözündən gülür, o biri gözündən yaş axıdırdı. Düşmənlə savaşan 700 min türk məhmətciyinin 213 min 882-si şəhid olmuşdu. Türk dünyasının böyük şairi Məhmət Akif Ərsoy məşhur "Çanaqqala şəhidlərinə" şeirini də onların müqəddəs ruhuna həsr etmişdi.

Türk şairləri və yazarları xalqını qəflət yuxusundan oyatmaq, İstanbulu, Anadolunu düşmənlərə tapdaq etdirməmək üçün son nəfəsədək vuruşmağa səsləyir, vətənpərvər şeirlər, nəsr əsərləri yazırdılar. Ən böyük istəkləri çökmüş Osmanlı quruluşunun yerində yeni, müasir, mədəni Türkiyə dövləti yaratmaq idi ki, bunun üçün də savaşmaq, qan tökmək gərək idi. Belə də oldu. Çox keçmədən hürriyyət və millət uğrunda savaşlar görünməmiş vüsət aldı, analar oğullarını Vətəni qorumağa göndərdilər. O dönəmlər Azərbaycanda da milli azadlıq hərəkatı genişlənmiş, Hüseyn Cavid, Məhəmməd Hadi, Əhməd Cavad, Abbas Səhhət, Cəfər Cabbarlı kimi şair və yazıçılar Məhmət Akif Ərsoylarla bir sırada qədim türk xalqlarını millət kimi təsdiq etmək üçün savaşdılar, əski türk düşüncəsini müsəlman toplumu fəlsəfəsindən millət müstəvisinə qaldırdılar. Böyük Hüseyn Cavid yazırdı: "Azadlıq! Öylə nazlı afət ki, qan tökülməyincə üzə gülməz o işvəkar!”

1923-cü ilin əvvəllərində Mustafa Kamal Paşanın komandanlığı altında türk ordusu imperialist qüvvələr üzərində tam və qəti qələbə çalaraq işğal olunmuş bütün ərazilərini düşmən qüvvələrindən təmizlədi. Böyük Atatürkün türk məhmətcikləri ilə yenidən yaratdığı müstəqil Türkiyə Respublikası 1923-cü il oktyabrın 29-da dünyaya bəyan edildi. Bir neçə il öncə Türkiyəni aralarında bölüşdürməyə cəhd edən dövlətlər nəinki onun müstəqillik bəyanatını tanıdı, bu sevinci paylaşmaq üçün İstanbula təşrif buyurdular. Atatürkün irəli sürdüyü təklifləri qeyd-şərtsiz qəbul edir, dostluq sazişi imzalayırdılar. Məhmət Akif Ərsoyun yazdığı “İstiqlal marşı” ilə ay-ulduzlu bayraq yüksəklərə qaldırıldı. Məhmət Akif bununla bağlı demişdir: “O şeir artıq mənim yox, millətindir. Allah bu millətə bir daha İstiqlal Marşı yazdırmasın”.

“İstiqlal marşı”nın yaranmasının maraqlı tarixçəsi var. Marşın yazıldığı dönəmə qədər Mehmet Akif artıq xalq içində həm milli mücadilə tərəfdarı, həm islami birlik çağırışçısı, həm də məşhur şair kimi tanınırdı və buna görə də marşı Mehmet Akifin yazması istənilirdi. Şair isə həm yaşına görə müsabiqəyə qatılmağı doğru hesab etmir, həm də ortada pul məsələsi olduğu üçün uyğun hesab etmir. Nəhayət, nazirin məktubu, dostlarının xahişi və pulun bir xeyriyyə qurumuna veriləcəyi şərtindən sonra şair marş yazmağa razılaşır. 10 gün içində tamamlanan şeir 17 fevral 1921-ci ildə “Sebiülreşad” dərgisinin ilk səhifəsində “Qəhrəman ordumuza ithaf” başlığı ilə yayımlanır. 1 mart 1921-ci ildə marş Məclisin gündəminə çıxarılır, 12 günlük müzakirədən sonra qəbul edilir. Mətnin qəbulundan sonra artıq marş adını aldığı üçün millət vəkilləri ikinci dəfə marş oxunarkən ayaq üstə dinləyirlər. Marşı bəyənən Mustafa Kamal bu barədə deyir: “Bu marş bizim inqilabımızın ruhunu anladır... “İstiqlal marşı”nda mücadiləmizi anlatması baxımından böyük mənası olan misralar vardır. Ən bəyəndiyim yer bu misralardır: “Haqqıdır hürr yaşamış bayrağımın hürriyyət, haqqıdır Haqqa tapan millətimin istiqlal”. Mənim bu millətdən əsla unutmamasını istədiyim misralar budur. Bu o deməkdir ki, əfəndilər, Türkün hürriyyətinə toxunula bilməz”.

Müsabiqənin qalibinə verilən pula gəlincə, şair qazandığı 500 lirəni yoxsul qadın və uşaqlara iş öyrədən Darülmesai adlı quruma verir. Həmin vaxt isə şairin qışda geyinməyə paltosu belə yox idi. Dostlarından biri 500 lirəni özünə xərcləməsinin daha doğru olduğunu söyləməsinə hiddətlənən şair iki ay ərzində onu dindirməmişdi. Məhmət Akif Ərsoy 27 dekabr 1936-cı ildə İstanbulda vəfat edir. Xəstə yatağında ikən dostlarının “İstiqlal marşı” ilə bağlı sualına belə cavab verir: “İstiqlal Marşı... O günlər necə səmimi, həyəcanlı günlər idi. O şeir millətin o günkü həyəcanının ifadəsidir... O şeir bir daha yazıla bilməz. Onu kimsə yaza bilməz. Onu mən də yaza bilmərəm. Onu yazmaq üçün o günləri görmək, o günləri yaşamaq lazım idi. O şeir artıq mənim deyil. O millətindir və mənim millətə qarşı ən qiymətli hədiyyəmdir”.

Şair İstiqlal savaşının mənəvi sütunlarından biridir və bütün şeirlərini ürəyinin hökmü ilə yazıb. Şairə görə, sahibi olan məmləkət heç vaxt məğlub olmaz. Məmləkətin, millətin çətin günündə meydanda sinəsini sipər edən igidləri varsa, o ölkənin işğalı mümkün deyil. Türkiyə yoxluq içindəykən əynində paltosu belə olmayan böyük Vətən şairini sayğı və minnətdarlıq hissi ilə anırıq.

Sevinc Azadi, “İki sahil”