13 sentyabr 2023 01:57
293

Türkiyə dünya silah bazarında danılmaz gücdür

Qardaş ölkənin qüdrətli hərbi sənayesi düşmənlərin kabusu, dostların qürur mənbəyidir

Qardaş Türkiyənin son bir neçə ildə hərbi sənayedə qazandığı ciddi uğurlar dünyanı heyrətləndirir.  Xüsusilə 44 günlük müharibədə ordumuzun Türkiyə istehsalı olan PUA-lardan məharətlə istifadə edərək işğalçı Ermənistan ordusunu darmadağın etməsi hərb tarixinə qızıl hərflərlə yazıldı. Həmin uçuş aparatlarının döyüş tapşırıqlarını dəqiq və vaxtında icra etməsindən sonra dünyanın bir çox ölkəsi qardaş Türkiyədən  bu aparatlardan almaq üçün növbəyə durdu.

Bu gün Rusiya- Ukrayna müharibəsində Ukrayna Ordusu Türkiyədən alınan PUA-larla dünyanın ən güclü ordusuna qarşı cəsarətlə vuruşur. Hazırda həmin PUA-lar dünyanın 10-dan çox ölkəsinə ixrac olunur.  Qeyd edək ki, 2022-ci ildə Türkiyə yalnız PUA-ların ixracatından 4 milyard dollardan çox gəlir əldə edib. Qardaş ölkə bu uğurlarını davamlı etmək üçün hərbi büdcəsini durmadan artırır. Belə ki, 2023-cü ildə bu sahəyə 25.2 milyard dollar ayrılıb. Qeyd edək ki, bu vəsait 2021-ci ildə 15,4 milyard dollar olmuşdu.

Digər sevindirici xəbər isə Türkiyənin  bu ilin əvvəlində dünyanın ilk hərbi PUA gəmisi – «TCG Anadolu»nu istifadəyə verməsi oldu. Gəmi orduda xidmətə tam hazırdır və Prezident Rəcəb Tayyib Ərdoğanın da qatıldığı mərasimlə Dəniz Qüvvələri Komandanlığına (DQK) təhvil verilib. Amfibiya hücum gəmisinin layihəsi DQK-nin ehtiyaclarına uyğun olaraq 2015-ci ildən hazırlanmağa başlanılıb və 2022-ci ildə onun  sınaqları həyata keçirilib. Gəminin uzunluğu 231, eni isə 32 metrdir. Maksimum yükdəyişmə qabiliyyəti  27 min 436 ton olan gəmi 13 tank, 27 zirehli amfibiya hücum maşını, 6 zirehli personal daşıyıcısı, 33 müxtəlif texnika və 15 qoşqu olmaqla ümumilikdə 94 nəqliyyat vasitəsini göyərtəsində daşıya bilir.

Belə bir məşhur atalar sözü var: «Borcluyam düşmənə, qoymur məni düşməyə». Yəni, mənası odur ki, düşmənlə mübarizədə ona ciddi müqavimət üçün fərd olaraq hər bir insan, cəm olaraq hərbi ölkə inkişaf etməyə, heç kimdən asılı olmamağa çalışır və buna məcburdur. Bu mənada qardaş Türkiyə ötən onilliklərdə ona tətbiq edilən ədalətsiz sanksiyalara qarşı özü ayaqda durmağa çalışdı və bacardı.  Belə ki, son illərdə ABŞ-ın Türkiyəyə «F-16» döyüş təyyarələri satışını dayandırması, Türkiyənin Rusiyadan «S-400» zenit-raket komplekslərini (ZRK) almasından sonra ABŞ-ın Türkiyəni «F-35» qırıcılarının istehsalı proqramından çıxarması və bu kimi bəhanələrlə hərbi sanksiyaların tətbiqi qardaş ölkənin hərbi sənaye sahəsinə ciddi yatırımlar etməsinə və nəticədə uğurlar qazanmasına səbəb oldu. Pilotsuz uçuş aparatları (İHA) və silahlı pilotsuz uçuş aparatlarının (SİHA) istehsalı ilə Türkiyə dünyada yüksələn bir gücə çevrildi. Müdafiə sənayesi sahəsində «Akıncı», «Hürkuş», «Singur», «Aksungur» kimi adlar adətən dünyada bir marka olaraq tanınmağa başlandı.

Həmçinin 2023-cü ildə Türkiyə Jandarma Baş Komandanlığına GÖKBEY helikopterlərinin və Hərbi Hava Qüvvələrinə «Özgür» layihəsi əsasında modernləşdirilən «F-16» döyüş təyyarələrinin ilk partiyasının təhvil verilməsi planlaşdırılır. Eyni zamanda, «Meltem-3» layihəsi çərçivəsində hazırlanan sonuncu (6-cı) P-72 dəniz patrul təyyarəsi də Hərbi Dəniz Qüvvələrinin (HDQ) istifadəsinə təqdim olunacaq. Dəniz platformalarına gəldikdə burada «İstif» sinifinə aid «İstanbul» adlı freqat, «Derya» təminat gəmisi, habelə yeni tipli sualtı qayıq olan «Piri Reis» Türkiyəə aktiv şəkildə xidmət göstərməyə başlayacaq.  Həmçinin embarqolar ilə üzləşməsi səbəbindən xaricdən alınan bəzi alt sistemləri də  qardaş ölkə özü istehsal edəcək. Bununla da «Altay» tankının ilk seriyalı istehsalı tamamlanacaq.

Bunlara əlavə olaraq yaxın gələcəkdə  «Şimşək» hədəf dronunun, uzun mənzilli «Siper» hava hücumundan müdafiə (HHM) sisteminin, «hava-hava» tipli «Bozdoğan» və «Gökdoğan» raketlərinin, habelə tank əleyhinə idarəolunan raket (TƏİR) kompleksinin ilk partiyası Türkiyə Silahlı Qüvvələrinə təhvil veriləcək. Eləcə də bu il «Gökdeniz» yaxın məsafəli raketlərinin döyüş gəmilərinə inteqrasiya edilməsinə və sualtı qayıqlar üçün hazırlanan AKYA torpedosunun istehsalına başlanılacaq.

Təbii ki, qardaş Türkiyənin  hərbi sənayesinin qlobal gücə çevirilməsi təkcə özünün deyil, bütün türk dünyasının əmin- əmanlığının qarantıdır. Xüsusilə indiki gərgin mərhələdə  Azərbaycan Ordusunun NATO-nun ən güclü ordusu hesab edilən Türkiyə Silahlı Qüvvələrinə uyğun modernləşdirilməsi önəmli hadisədir və hərbi gücümüzə güc qatacaq amildir.

Elçin Zaman, «İki sahil»