13 sentyabr 2023 01:36
323

Qırmızı xaçlıların qara əməlləri

BQXK-nı öz nizamnaməsini ayaqlar altına atmağa nə vadar edir?

Beynəlxalq Qırmızı Xaç Komitəsinin vəzifəsi çətinliyə düşmüş və ya fəlakətə düçar olmuş ölkələrə humanitar yardım etmək, insanlara kömək əli uzatmaqdır. Bu təşkilat siyasətə qarışmamalı, digərinin zərərinə tərəf tutmamalı, yalnız xeyirxah fəaliyyət göstərməlidir. Ancaq belə böyük beynəlxalq təşkilat vəzifəsinə əməl edirmi? "Bəli" deyə bilmərik.

Sən demə, qırmızı xaçın arxasında gizlənən "humanist"lər qara əməllərlə məşğul olurlar. Azərbaycan dövlətinin qanunlarına, həm də beynəlxalq hüquqa zidd olaraq Qarabağda ofisini quran, separatçılara “yengəlik” edən qırmızı xaçlılar hədlərini aşmaqdadırlar. Məlumdur ki, qırmızı xaçlılar hələ Birinci Qarabağ müharibəsində erməni quldurları tərəfindən vəhşi işgəncələrlə öldürülən, tibbi yardıma ehtiyacı olan yaralıların və əsir kimi ən pis şəraitdə saxlanan minlərlə azərbaycanlının taleləri ilə o qədər də maraqlanmayıblar. Ancaq erməni tərəfdən əsir düşənləri axtarıb tapır, yaralananların xidmətində qul kimi dururdular. İndi də belədir. Laçın yolu ilə guya "xəstə" erməniləri İrəvana daşıyır, Qarabağdakı terrorçulara yemək-içmək və dava-dərman gətirirlər.Yəni, onlar daim ermənipərəstlik, vicdansızlıq  və məsuliyyətsizlik nümayiş etdiriblər.

Təəssüf ki, keçən otuz ildə əməllərini dəyişməyən BQXK-nın əməkdaşları əvvəlki ənənələrini davam etdirirlər. Ağdam-Xankəndi yolunda iki həftədir gözləyən yükün ünvanına çatdırılmasına müqavimət göstərən haylara havadarlıq etməkdən utanmırlar. Laçın yolu vasitəsilə Meşəli soyqırımının Vaqif Xaçaturyan və digər başkəsənlərini qaçırıb əvəzində çoxlu  pul qazanan xaçlılar Azərbaycan dövlətinin bu marşrutu nəzarətə almasından, faktiki olaraq ifşa olunmalarından sonra gərək rədd olub gedəydilər, qalıb sırtıqlıq etməyəydilər. Amma görünür, həm haylar qarşısında öhdəlikləri var, həm də korporativ maraqları. Odur ki, sonadək dirəşib getmək istəmirlər. Hətta Rusiya Qırmızı Xaç Təşkilatının 10 sentyabr saat 10-da Xankəndiyə daxil olmalı olan ərzaq dolu TIR-ının qarşısının erməni separatçıları tərəfindən kəsilməsinə də nail olub bu hayçı qırmızı xaçlılar. Bunların hikkəsinə baxın, yüklər Ağdamdan yox, Ermənistandan Laçın yolu ilə daşınmalıymış...Bu üzdəniraqlara sırf erməni düşüncəsinin müdafiəçiləri deməyək, bəs nə deyək?

Sual olunur: Ermənilər acından ölürlərsə, ərzağın hansı yolla gətirilməsinin nə fərqi var? Əvvəl dedilər “ölərik, türkün göndərdiyi ərzağı yemərik”. İndi isə hətta Rusiyanın yolladığı ərzaqdan imtina edirlər ki, niyə Ağdam-Xankəndi yolu ilə göndərilir? Bəzi beynəlxalq təşkilatlar, elə Beynəlxalq Qırmızı Xaç Komitəsi daxil olmaqla separatçıların bu müqavimətini pisləməkdənsə, yenə də onların çaldıqları havalara oynayırlar, yenə də Laçın yolu... Təbii ki, erməni terrorçurlar bu müzakirələrin gedişindən yararlanıb Qarabağda, Rusiya hərbi kontingentinin təsir zonasında istehkamlar qurur, minalar basdırır, diversiyalar törədir, hətta imkan tapıb Azərbaycan əsgərlərinə atəş də açırlar. Bu cinayətlərdə qırmızı xaçın da iştirakına şübhə ola bilməz.

Ötən il Qarabağdakı separatçılar Ukraynadakı separatçı qurumlara yardım yolladılar. Deyilənə görə, 14 milyon dollarlıq yük idi. Əgər BQXK Rusiya və onun təşkilatı ilə bu qədər gərgin münasibətlərdəydisə, o halda maraqlıdır, niyə Ukrayna separatçılarına göndərilən yardımının qarşısını kəsmədi, etirazını bildirmədi? Belə çıxır ki, qırmızı xaçlılar Azərbaycanın milli maraqlarının müdafiəsinə, dövlətin mənafeyinə uyğun addım atılmasına istiqamətlənmiş hər hansı addımı məqbul saymır.

Qarabağdakı separatçı rejim özünə yeni “prezident” seçib və beynəlxalq təşkilatlar, ayrı-ayrı ölkələr qondarma “seçki”nin nəticələrini tanımadılarını bəyan edirlər. Amma bu, çox azdır. Azərbaycan ərazisində belə “seçki”lər çox olub və hər dəfə nəticələri tanımayanlar dolayısı və ya birbaşa yolla terrorçuların başında dayananları himayə ediblər, onların qudurğanlığına gözlərini yumub qulaqlarını tıxayıblar. Təkcə müharibədən sonra Azərbaycanın 310 vətəndaşı mina qurbanı olub! Məgər BQXK bunları görmür? Görürsə niyə Ermənistana qarşı öz etiraz səsini ucaltmır? Bütün bunlar ondan xəbər verir ki, əsl sifətini maska altında gizlətmiş bədxahlarımızdan biri olan BQXK bir dəstə dığanın xatirinə öz nizamnaməsini də ayaqlar altına atır. Ar olsun şərəfini itirmiş belə təşkilata!

Vəli İlyasov, "İki sahil"