Tay-brekdə Aniş Giriyə qalib gəldikdən sonra Nicatı saxlamaq mümkün deyildi. Ardıcıl olaraq Pyotr Svidler, Saleh Salem və Vidit Qucratini məğlub etdi.
“İki sahil” xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti, Beynəlxalq Şahmat Federasiyasının (FİDE) vitse-prezidenti, Mahir Məmmədov Nicat Abasovun Bakıda davam edən Dünya Kubokundakı çıxışı barədə danışarkən deyib.
O, 28 yaşlı qrossmeysterin hazırda ən xoşagəlməz püşk qarşısında qaldığını bildirib: "Nicat son 12-13 ildə dünyanın ən güclü şahmatçısı olan Maqnus Karlsenlə görüşür. Birinci partiyada çox gərgin mübarizə oldu. Uzun müddət bərabərlik hökm sürdü, hətta sonda Nicatın udmaq şansı var idi. Vaxt qıtlığı səbəbindən bir gedişi sonadək hesablayıb görə bilmədi".
Mahir Məmmədovun sözlərinə görə, Bakıdakı yarışda ajiotajın əsas səbəbi, yaxşı təşkilatçılıqla yanaşı, həm də Nicat Abasovun gözəl oyunudur: "İlk "dördlüy"ə çıxmaqla, Torontoda keçiriləcək İddiaçılar Turnirinə, demək olar ki, vəsiqə qazanıb. Maqnus Karlsen artıq bəyanatlar verərək həmin yarışdan imtina edəcəyini açıqlayıb. Nicatın İddiaçılar Turnirinə vəsiqə alması Azərbaycan şahmatının növbəti yüksək zirvələrindən biridir. İndiyədək yalnız Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov bu yarışda iştirak edib. Şəhriyar bir dəfə ikinci olmuşdu, turnirin qalibi olmağa bir addım qalmışdı. Sonuncu yarışda Teymur Rəcəbov üçüncü yeri tutdu. Karlsen imtina etdiyi üçün Şahmat Tacı uğrunda oyunda 1 və 2-ci yerin sahibləri qarşılaşdı. Onda da bir addım qalmışdı. Qapını çoxdan döyürük, istərdik ki, artıq o qapı bizim üçün açılsın. Digər ümidlərimiz də var. İddiaçılar Turnirinin səkkiz iştirakçısından üçü Bakıdakı Dünya Kubokunda müəyyənləşəcək. Bir yerin sahibi əvvəldən bəlli idi. Bu, rusiyalı Yan Nepomnyaşidir. Yarışa daha dörd yer qalıb. Bu sırada bizim şahmatçılarımız da ola bilər. İstər Şəhriyar, istər Teymur, istərsə də digərləri olsun. Onlara da uğurlar arzulayırıq. Qoy, Nicat Abasov "səkkizlik"də tək qalmasın".
FİDE rəsmisi Abasovun yüksək səviyyəli şahmatçı olduğunu vurğulayıb: "Nicat əvvəl də belə idi, indi də güclü şahmatçı olaraq qalır və bundan sonra da öz ustalığını artıracaq. Onun potensialı bizə məlum idi. Çox sistemli şahmatçıdır. Bəzilərindən fərqli olaraq, öz üzərində hər gün çalışır. Həddindən artıq zəhmətsevərdir. Vaxtilə Teymur Rəcəbovla əməkdaşlığı olub. Teymur dünya səviyyəli qrossmeysterlərdən biridir. Hesab edirəm ki, bu əməkdaşlıq Nicata müsbət təsir göstərib. Abasov klassik dəsti-xəttə malik şahmatçıdır. Öz üzərində sistemli şəkildə çalışır. Ona görə də bugünkü nailiyyəti məni təəccübləndirmir. Məni o təəccübləndirirdi ki, nəyə görə indiyədək belə uğurlara nail olmayıb. Həm mental nöqteyi-nəzərdən, həm də hazırlığına görə bu uğura layiq idi. Bundan sonra da onun nailiyyətlərini görəcəyik. Ümid edirik ki, bu yarışda "dördlüy"ə yox, ən azı "üçlüyü"ə düşəcək".
Federasiya prezidenti Azərbaycanın digər şahmatçılarının Dünya Kubokunda mübarizəni erkən dayandırmasına da toxunub: "Məni daha çox Teymur Rəcəbov təəccübləndirdi. Çünki bu, onun daha çox uyğunlaşdığı, bildiyi formatdır. Teymur dünya şahmat təqviminin ən ağır yarışlarından olan Dünya Kubokunda oyun strategiyasına, taktikasına daha yaxşı yiyələnib. 2019-cu ildə bu bacarığını nümayiş etdirərək yarışın qalibi olmuşdu. Əlbəttə, Şəhriyar Məmmədyarovun özündən 200 reytinq xalı aşağı olan şahmatçıya uduzmağı da bizi çox məyus etdi. Lider şahmatçılarımızın bu turnirdə bəxtləri gətirmədi. Ola bilsin, digər səbəblər də var. Qarşıda yeni startlar olacaq. Abdulla Qədimbəyli öz növbəsində yaxşı oynadı. Xüsusilə Ülviyyə Fətəliyevanı qeyd etmək istəyirəm. Qadınlar arasında Dünya Şahmat Tacının hazırkı qalibi Yu Vençjunla duelin əsas vaxtında qalib gəlməliydi. Qara fiqurlarla oynayırdı, bəzi məqamlarda vəziyyət onun xeyrinə idi. Bəlkə də elə bu amilə görə sonradan öz vəziyyətini yavaş-yavaş pisləşdirməyə başladı. Doğrudan da biz gözləyirdik ki, dünya çempionu bu dəqiqə məğlub olacaq. Əfsuslar olsun ki, Ülviyyə vaxt qıtlığına görə bir sıra səhvlər etməyə başladı. Bir də Aydın Süleymanlını qeyd edərdim. O da yaxşı oynadı, hətta bir dəfə çox ağır tay-brekdə qalib gəldi. Şahmatçılarımızın əksəriyyəti belə böyük turnirdə ilk dəfə idi oynayırdılar. Fikirləşirəm ki, hər şey hələ qabaqdadır".
Dünya Kubokuna olan azarkeş marağından da söz açan Mahir Məmmədov bunu yarışla bağlı daha bir əlamətdar hal kimi qeyd edib: "Burada görünməmiş ajiotaj var. Azarkeş axınının ardı-arası kəsilmir. Dünən rekord göstərici qeydə alınıb. Bəlkə də azarkeş sayı mini ötmüşdü. Zalda oturmağa yer yox idi. Veteranlar söyləyirlər ki, Azərbaycanda sonuncu dəfə belə şahmat yarışı, izdiham və maraq 1961-ci ildə SSRİ çempionatı Bakıda keçirilərkən olub. O vaxt iştirakçıların adları çox gurultulu idi. Yarışda sonradan dünya çempionu olan Boris Spasski qalib gəlmişdi. Bu mənada, fəxr etmək üçün əlimizdə əsas var. Çox gözəl Dünya Kuboku alındı. Digər tərəfdən, Nicat Abasov hamımızı sevindirdi. Şahmat yarışlarında doğma divarlar şahmatçılara kömək etmir. Hətta belə bir hal da var ki, şahmatçılar öz ölkələrində oynamağı xoşlamırlar. Yəqin, şahmat zəka oyunu olduğu üçün belə təsir göstərir. Azarkeş isə səs-küylə şahmatçıya dəstək ola bilmir".
FİDE-nin vitse-prezidenti təşkilatçılıqla bağlı da qısaca olaraq fikirlərini bölüşüb: "Dünya Kubokuna 80-dən çox ölkədən şahmatçı qatılmışdı. Yarışın birinci günü bir az çətinlik oldu. Ondan sonra hər şey yaxşı gedir. Ümidvaram ki, sonadək belə olacaq".