Azərbaycanın xarici siyasətində dünya ölkələri ilə qarşılıqlı etimada əsaslanan bərabəhüquqlu münasibətlərin qurulması prioritetdir. Azərbaycana yaxın dost və tərəfdaş ölkələrdən biri də İsrail dövlətidir.
Azərbaycan və İsrail xalqları arasında dostluq əlaqələrinin qədim tarixi var. Bu xalqlar həmişə bir-birinin dilinə, dininə, mədəniyyətinə dərin hörmətlə, ehtiramla yanaşıblar. Azərbaycan və İsrail xalqları daim tarixin çətin dönəmlərində qarşılıqlı anlaşmaya, tolerantlığa əsaslanan birgəyaşayış nümunəsini bütün dünyaya nümayiş etdirə bilmişlər. Əsrlər boyudur ki, Azərbaycanda yaşayan yəhudi icması özünü bu xalqın, cəmiyyətin ayrılmaz tərkib hissəsi hesab edir, ölkə həyatının bütün sahələrində fəal iştirak edir.
Azərbaycanın müstəqiliyini tanıyan ilk dövlətlərdən biri də məhz İsrail olmuşdur. Həmin dövrdən hər iki dövlət arasında siyasi, iqtisadi, hərbi-texniki, səhiyyə, mədəni və digər sahələrdə əməkdaşlıq yüksələn xətt üzrə inkişaf edir. İki ölkə arasında həm də enerji, kənd təsərrüfatı, telekommunikasiya, kibertexnologiyalar və turizm sahələrində də əlaqələr genişlənib və inkişaf edib. Bu gün iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 1,7 milyard dollardan çoxdur. Hazırda İsrailin neftə olan tələbatının xeyli hissəsini Azərbaycan təmin edir. Bütün bunlar onu deməyə əsas verir ki, İsrail ilə Azərbaycan arasında hərtərəfli əməkdaşlıq gələcəkdə də geniş müstəvidə davam edəcəkdir.
May ayının 30-da İsrail Dövlətinin Prezidenti İsxak Hersoq Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. Bu səfər iki ölkə arasında əməkdaşlığın daha da möhkəmlənməsi genişlənməsi işlərində mühüm əhəmiyyət kəsb edir və digər sahələrdə də əməkdaşlığın genişlənməsinə təkan olacaqdır. Səfər zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İsrail Dövlətinin Prezidenti İsxak Hersoq ilə təkbətək və geniştərkibli görüşləri oldu. Görüşdə Azərbaycan Respublikası ilə İsrail Dövləti arasında ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlıqdan məmnunluq ifadə olunaraq, siyasi, iqtisadi, ticarət, o cümlədən energetika, səhiyyə, təhsil, yüksək texnologiyalar və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri ətrafında müzakirələr aparılıb, iki dövlət arasında bir sıra sənədlər imzalandı. Prezidentlər mətbuata bəyanatla çıxış ediblər. Prezident İlham Əliyevin mətbuata bəyanatında bildirilir ki :
“Cənab Prezident, ölkəmizə xoş gəlmisiniz. Sizi Azərbaycanda qəbul etmək imkanına malik olduğuma görə çox şadam. Sizin səfəriniz ölkələrimiz arasında sıx tərəfdaşlıq əlaqələrini nümayiş etdirir. Əminəm ki, səfər bizim ikitərəfli əlaqələrimizi gücləndirəcək. Aramızda çox fəal siyasi dialoq var və biz cənab Prezidentlə telefonla əlaqə saxlayırıq. İndi isə, əlbəttə ki, rəsmi səfər zamanı bizim ikitərəfli gündəliyimizdə duran önəmli məsələləri müzakirə etmək üçün daha çox imkanımız var. Bu il İsraildə Azərbaycan səfirliyinin açılması, əlbəttə ki, əlaqələri daha yüksək səviyyəyə qaldıracaq və eyni zamanda, daha sıx qarşılıqlı əməkdaşlıq üçün geniş imkanlar yaradacaq.”
Həmçinin bəyanatda bildirilib ki, növbəti illərdə biz ticarət dövriyyəmizi şaxələndirməyə çalışmalıyıq və bu ticarət dövriyyəsi sadəcə enerji ilə kifayətlənməyəcəkdir. İsrailin kənd təsərrüfatı sahəsində nailiyyətlərindən hər birimizin məlumatı var və bu görüşdə gələcəkdə kənd təsərrüfatı ilə bağlı ediləcək işlər də müzakirə edilmişdir. Nisbətən bu yaxınlarda əməkdaşlığa başladığımız sahələrdən biri kibertəhlükəsizlik sahəsidir. Bu gün artıq sirr deyil ki, kibertəhlükəsizlik hər bir ölkənin milli təhlükəsizliyinin mühüm hissəsidir. Əlbəttə ki, bu sahədə İsrail şirkətlərinin böyük təcrübəsi bizim üçün faydalı olacaq. Həmçinin gənc nəslin təlimi və tədrisi də məqsədlərimizə nail olmaq və özümüzü təhlükədən qorumaq üçün mühüm amil olacaq.
Eyni zamanda İlham Əliyev bildirib: “Bu gün biz, həmçinin qarşılılıqlı turist axını səviyyəsinin necə qaldırılmasını da müzakirə etdik. Həftədə yalnız dörd reys var və hesab edirəm ki, bu, yetərli deyil. Nümayəndə heyətlərinin üzvlərinə uçuşların sayının artırılması ilə bağlı göstərişlər verilmişdir və bunun təkcə mövsümi əsasda yox, - çünki adətən yay vaxtlarında daha çox uçuşlar olur, - daimi əsasda edilməsi tapşırılmışdır. Həmçinin İsraildə daha çox təqdimat imkanlarının araşdırılması da tapşırılmışdır ki, biz İsraildən daha çox turisti buraya dəvət edə bilək və əsrlər boyu Azərbaycanda yaşayan yəhudi icması haqqında daha çox məlumat verə bilək. “
Əməkdaşlıq əlaqələrimizin tarixində əlamətdar hadisə
Bu gün Azərbaycan-İsrail münasibətləri yüksələn xəttlə inkişaf edir. Bu çox sevindirici və qürurverici haldır. İki ölkə arasında dostluq əlaqələrinin kökü vardır. Bu kökü isə hələ sovet dönəmindən öncə tarixən burada yaşayan yəhudi qardaş və bacıları olub. O vaxtdan da bu günə qədər bizim münasibətlər yalnız inkişaf edib.
Məlumdur ki, Azərbaycanda yəhudi icması əsrlər boyu yaşayıb. Bu, bizim ölkənin böyük dəyəridir, yəhudi icmasının üzvləri - Azərbaycan vətəndaşları ölkəmizin müasir inkişafına çoxlu töhfə vermiş və töhfə verən insanlardır. Azərbaycanda yaşayan yəhudi qardaşlarımız bizim müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda bizimlə və bütün digər azlıqların nümayəndələri ilə birgə vuruşublar.
Bu gün bu, təkcə Azərbaycanın uğurlu inkişafı, mədəniyyətlərarası sülh və dostluq üçün yox, eyni zamanda, bizim ikitərəfli münasibətlərimiz üçün mühüm amildir. İsraildə yaşayan azərbaycanlılar ölkələrimiz arasında körpülərin qurulmasında mühüm rol oynayırlar. Bizim Dünya azərbaycanlılarının diaspor təşkilatları var, lakin yalnız bir ölkədə, İsraildə bu təşkilat əsasən Azərbaycandan İsrailə köçmüş yəhudi mənşəli insanlardan ibarətdir. Bu, aramızda heç bir fərqin, heç bir bölgünün olmadığını nümayiş etdirir. Onların iki ölkə arasında döstluq əlaqələrinin möhkəmləndirilməsi işlərində böyük əməkləri vardır.
Bu günlərdə qurulan yeni münasibətlərimiz də çox yaxşı inkişaf edir. Bu yaxınlarda Azərbaycanın İsraildə səfirliyi açılıb, hazırda mühüm layihələr həyata keçirilir, iqtisadi münasibətlər inkişafdadır və hərbi texnologiyalarla münasibətlər yüksələn xətlə inkişaf edir. Xüsusilə, kənd təsərrüfatında İsrailin böyük bir təcrübəsi var və o layihələr indi Azərbaycanda, həm də Qarabağda həyata keçirilir. Azərbaycan və İsrail arasında müdafiə sənayesi sahəsində uzunmüddətli əməkdaşlıq əlaqələri mövcuddur. Azərbaycanın uzun illərdir ki, bu sahədə İsrailin müasir avadanlığına çıxışı var, bu da bizə müdafiə qabiliyyətimizi müasirləşdirməyə kömək edir və dövlətçiliyimizi, əsas dəyərlərimizi, milli maraqlarımızı və ərazi bütövlüyümüzü müdafiə etməyə imkan yaradır. İsraildən alınan silah və digər avadanlıqlar 44 günlük Vətən müharibəsi günlərində özünü ən yaxşı tərəfdən göstərmişdir.
İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun 30 may Azərbaycana səfərində o, mətbuat açıqlamasında bildirib: “Bizim əlaqələrimizin dərin kökləri var. Yəhudilərin bu ölkədəki irsinin kökləri, yeri gəlmişkən, özlüyündə nümunə olan nadir irsi və yəhudi icmalarının 120-130 il əvvəl meydana gəlməsi ilə Azərbaycanın dünyada yazdığı hekayəsinə öz böyük töhfəsini verib. Sülh, ümumi rifah, yaxşı işlərə dair birgə strateji baxışımızla birlikdə, yəhudilərlə müsəlmanlar arasında səmərəli, ədalətli, səmimi, dostcasına dialoq, bizim arzulaya və nümayiş etdirə biləcəyimiz bir baxışdır.Sirr deyil ki, ölkəniz əhalisinin əksəriyyəti şiələr olan müsəlman ölkəsidir. Buna baxmayaraq, millətlərimiz arasındakı sevgi və bağlılıq dünyanı necə dəyişdirə biləcəyimizin və irəli gedə biləcəyimizin nümunəsidir.
Bizim ortaq baxışımız var, mən Azərbaycanın dünyada və regionda böyük təsirə malik olduğunu görürəm. Əlbəttə ki, biz elm, kənd təsərrüfatı və başqa bir çox sahələrdə əməkdaşlığı inkişaf etdirmək imkanlarımızı səbirsizliklə gözləyirik.
Biz İsrailin müstəqilliyinin 75 illiyini, eyni zamanda dövlətlərimiz arasında çox güclü əlaqələrimizin 30 illiyini qeyd edirik. Əminəm ki, mənim və nümayəndə heyətimin bu səfəri əlaqələrimizin daha da inkişafı baxımından bir mərhələ olacaq. “
Sevinc Rəhmanova,
YAP Xətai rayon təşkilatının "Mehmandarov 86" ərazi partiya təşkilatının üzvü