26 avqust 2026 15:53
63

Azərbaycan-Özbəkistan siyasi- iqtisadi tərəfdaşlığı  yeni və daha səmərələ mərhələdədir

Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri iki dost və qardaş ölkə arasında münasibətlərin keyfiyyətcə yeni səviyyəyə yüksəlməsində mühüm əhəmiyyət kəsb edir. Xüsusilə ticarət dövriyyəsinin həcmində müşahidə olunan dinamika və yaradılan birgə maliyyə institutları yaxın illər üçün qoyulan hədəflərin tam real olduğunu göstərir. Belə ki, Prezident İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin müəyyənləşdirdikləri strateji kursa uyğun olaraq, iki ölkə arasında ticarət dövriyyəsinin 2030-cu ilədək 1 milyard dollar səviyyəsinə çatdırılması nəzərdə tutulur. Statistik göstəricilər bu hədəfin reallığını təsdiqləyir. Məlumdur ki,  2025-ci il ikitərəfli ticarət dövriyyəsi təqribən  795 milyon dollar təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 3 dəfədən çox artım deməkdir. Müsbət  artım tempi cari ildə də davam edir. Bu ilin  5 ayında ticarət dövriyyəsi 144 milyon dollar olub və ötən ilin müvafiq dövrü ilə müqayisədə 33 faiz artım qeydə alınıb. Qeydə alınan yüksək artım templəri göstərir ki, 1 milyard dollarlıq həddəfə  daha tez çatmaq olacaq.

Hazırda ticarət və investisiya əlaqələrinin şaxələndirilməsinini lokomotivi  mövcud Azərbaycan-Özbəkistan İnvestisiya Fondudur.  Nizamnamə kapitalı 500 milyon dollar olan Fond səmərəli, operativ və nəticəyönümlü maliyyə mexanizmini özündə ehtiva edir. Fondun əsas məqsədləri sırasına həm Azərbaycanda, həm də Özbəkistanda birgə sənaye müəssisələrinin, montaj xətlərinin və emal zavodlarının qurulması, kənd təsərrüfatı məhsullarının emalı durur. Bu gün iki ölkəni birləşdirən mühüm layihələrdən biri  Azərbaycanda Çevrolet avtomobillərinin istehsalıdır. Məlumata görə, 13 iyul 2026-cı il tarixinədək Azərbaycanda 10 720 Chevrolet avtomobili istehsal olunub. Həmçinin, Azərbaycanda Isuzu avtobuslarının istehsalı. 13 iyul 2026-cı il tarixinə qədər 275 belə avtobus istehsal olunub.

Maraqlı məqamlardan biri də Azərbaycanın özəl sektorunun Özbəkistanda həyata keçirdiyi iri layihələrdir. Prezident İlham Əliyevin sözlərinə görə, Daşkənddə PASHA Holding tərəfindən Ritz-Carlton brendi altında hotel və yaşayış kompleksi, həmçinin Daşkənd vilayətində «Sea Breeze Uzbekistan» böyük turizm və yaşayış kompleksi layihəsi həyata keçirilir.

Ən böyük strateji istiqamətlərdən biri Orta Dəhlizdir. Özbəkistan Mərkəzi Asiyanın mərkəzində, Azərbaycan isə Xəzərin qərb sahilində yerləşdiyindən iki ölkə Şərq-Qərb marşrutunda bir-birini tamamlayır. 2026-cı ilin yanvar-mart aylarında Özbəkistanla Azərbaycan arasında beynəlxalq yükdaşımaların həcmi 28,3 min tona çatıb və bir il ərzində 2,9 dəfə artıb. Perspektivdə olan layihələrdən biri Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun Orta Dəhlizlə inteqrasiyasıdır. Bu, Özbəkistanın Çindən gələn yükləri Azərbaycan üzərindən Avropaya çıxarmasına imkan verə bilər. Azərbaycan bu layihənin Orta Dəhliz və TRIPP ilə əlaqələndirilməsini dəstəkləyir. Göründüyü kimi, Daşkənddə keçirilmiş görüşlər və dövlət başçılarının bəyanatları göstərdi ki, qarşıdakı mərhələdə əsas məqsəd iqtisadi əlaqələri daha da dərinləşdirmək, qarşılıqlı ticarəti artırmaq, investisiya layihələrinin sayını çoxaltmaqdır. Bu baxımdan Azərbaycan–Özbəkistan əməkdaşlığının gələcəyi olduqca nikbin görünür.

Xüsusi vurğulanmalıdır ki, bu gün iki ölkə arasındakı dostluq və qardaşlıq münasibətlərinin yüksəlməsində Prezident İlham Əliyevlə Prezident Şavkat Mirziyoyevin şəxsi dostluq münasibətləri də mühüm rol oynayır. Qeyd edək ki, Özbəkistan Prezidentinin qətiyyəti və müdrikliyi sayəsində bu ölkə inkişafa doğru iri addımlarla irəliləyir. Hər iki ölkə liderinin Daşkənddə mətbuat birgə bəyanatları zamanı Prezident İlham Əliyev bu barədə demişdir: «Bu gün Daşkənd və bütün Özbəkistan yüksəliş dövrünü yaşayır. Bu isə mənim əziz qardaşım Şavkat Miromonoviçin Özbəkistanın potensialının gücləndirilməsinə, beynəlxalq arenadakı mövqeyinin möhkəmləndirilməsinə və ən mühüm sosial-iqtisadi məsələlərin həllinə yönəlmiş fəaliyyətinin nəticəsidir.

Şavkat Miromonoviç Özbəkistana rəhbərlik etməyə başlayanda vəziyyət tamamilə başqa cür idi. Özbəkistan vətəndaşları bunu yaxşı bilirlər, biz də bunu bilirik. Buna görə də ölkəni inkişaf yoluna çıxarmaq, əslində, dövlətin inkişafı üçün iqtisadi əsasları sıfırdan formalaşdırmaq, iqtisadiyyatı şaxələndirmək, sənayeni inkişaf etdirmək, kənd təsərrüfatını, yenə də şaxələndirilmiş şəkildə inkişaf etdirmək, iqtisadiyyatın böyük potensiala malik olan və potensialını qoruyub saxlayan sahələrinə investisiyalar cəlb etmək üçün o, böyük səylər göstərməli oldu. Bu gün isə biz tamamilə fərqli Özbəkistan görürük. Bu, dünya birliyinin böyük hörmət bəslədiyi, sənayenin inkişafı, kənd təsərrüfatı, energetika və nəqliyyat infrastrukturu ilə bağlı məsələlərin operativ və səmərəli şəkildə həll olunduğu Özbəkistandır. Şavkat Miromonoviçin ikitərəfli münasibətlərimizlə bağlı söylədiyi bütün fikirlər ilk növbədə onun və komandasının Özbəkistan üçün gördüyü işlərə aiddir.»

İsmayıl İbrahimov,
YAP Hacıqabul rayon təşkilatının sədri