Azərbaycanın xarici siyasəti nəticəsində ölkəmizin xarici əlaqələri və dostluq münasibətləri daim güclənir. Azərbaycana yaxın dost və qardaş ölkələrdən biri də İsraildir. İsrail-Azərbaycan əlaqələri 1990-cı illərin əvvəllərindən etibarən möhkəmlənmişdir. O vaxtdan bəri İsrail Azərbaycanla daha sıx əlaqələri inkişaf etdirir və Azərbaycan Silahlı Qüvvələrinin modernləşdirilməsinə kömək edir. Həmçinin İsrail Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biridir. Bu iki dövlət hər zaman bir-birinin dilinə, dininə, mədəniyyətinə dərin hörmət və ehtiramla yanaşırlar. Əsrlər boyu Azərbaycanda yaşayan yahudi icması özünü xalqın ayrılmaz tərkib hissəsi hesab etmişdir. İkinci Qarabağ müharibəsi zamanı da İsrail Azərbaycana dəstək olmuş, hərbi avadanlıqlarla yanaşı,ölkəmizə siyasi dəstək vermişdir. Bu gün də yəhudilər Azərbaycanın tam bərabər hüquqlara malik vətəndaşlarıdır və Azərbaycan onlar üçün doğma vətəndir. Ulu öndər iki ölkə arasında münasibətlərin daha da genişləndirilməsinin zəruri olduğunu vurğulayırdı və bu xətt bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və İsrail ilə Azərbaycan arasında iqtisadi əməkdaşlıq bu gün də xeyli artmaqdadır.
Mayın 30-da İsrail Dövlətinin Prezidenti İsxak Hersoq Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. Səfər zamanı Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin İsrail dövlətinin prezidenti İsxak Hersoq ilə görüşləri oldu. Görüşdə siyasi, iqtisadi, ticarət, o cümlədən energetika, təhsil, səhiyyə, yüksək texnologiyalar və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri ətrafında müzakirələr aparılıb. İki dövlət arasında əməkdaşlıq planı imzalanıb. İmzalanan bu sənəd hər ölkənin səhiyyəsi üçün strateji yol xəritəsidir. Mərasimin sonunda prezidentlər mətbuata bəyanatla çıxış ediblər. Həmçinin bu səfər zamanı İsrailin yaranmasının 75-ci il dönümü ilə bağlı xüsusi tədbir də keçirilib.
Prezident İlham Əliyevin görüşlərdə və açıqlamalarında ifadə etdiyi qəti mövqe onu göstərir ki, hər iki dövlət arasındakı dostluq münasibətləri heç bir qüvvə tərəfindən pozula bilməz.
Sayad Adilova,
YAP Xətai rayon təşkilatının "Məzahir Rüstəmov 35" ünvanı üzrə ərazi partiya təşkilatının üzvü