Heç kimə sirr deyil ki, XXI əsrin ikinci onilliyində-dünya nizamının, qlobal siyasi məkanın yenidən qurulduğu, siyasi, iqtisadi, hərbi böhranların və münaqişələrin getdikcə dərinləşdiyi, bütün bəşəriyyəti təhdid edən, böyük iqtisadi, sosial və ekoloji problemlər yaradan iqlim dəyişikliklərinin gücləndiyi bir dövrdə yaşayırıq.
Belə bir mürəkkəb zamanda Prezident İlham Əliyevin yürütdüyü düşünülmüş, milli maraqlara söykənən, praqmatik, rasional daxili və xarici siyasət sayəsində Azərbaycanın bu burulğanların və təlatümlərin qoynunda çırpınan dünyada nüfuzu gündən-günə artır, beynəlxalq münasibətlər sistemində mövqeyi güclənir. Yürütdüyü fəal diplomatiya kursu sayəsində respublikamızın dünyanın ayrı-ayrı ölkələri, güc mərkəzləri və nüfuzlu beynəlxalq təşkilatları ilə ikitərəfli və çoxtərəfli formatda qarşılıqlı faydalı əməkdaşlığı gündən-günə inkişaf edir. Həyata keçirilən uğurlu xarici siyasət sayəsində ölkəmiz bütün dövlətlərlə ikitərəfli münasibətlər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı-faydalı əməkdaşlıq əlaqələri formalaşdırıb.
Bu gün bütün beynəlxalq tərəfdaşlar Azərbaycanın gələcəyinə inanır, onu etibarlı tərəfdaş kimi qəbul edərək ölkəmizlə çoxvektorlu əməkdaşlıq əlaqələrinin qurulması üçün ciddi addımlar atırlar.
Prezident İlham Əliyevin ikinci dəfə təşkil olunan, iyunun 1-də Moldovanın paytaxtı Kişineudan 35 kilometr aralıda yerləşən Bulboaka kəndində ümumilikdə 50-yə yaxın ölkənin dövlət və hökumət başçılarının iştirakı ilə keçirilən “Avropa siyasi birliyi”nin 2-ci Zirvə toplantısına dəvət edilməsi “Qoca qitə”nin, ümumilikdə, bütün dünyanın ölkəmizə xüsusi əhəmiyyət verməsinin, onu etibarlı tərəfdaş kimi qəbul etməsinin parlaq təzahürüdür. Bu Sammitdə liderlər sülh və təhlükəsizliyin təmin edilməsi, enerji təhlükəsizliyinin təkmilləşdirilməsi və Avropada ölkələrarası əlaqələrinin gücləndirilməsi mövzularında müzakirələr aparacaqlar.
Dövlətimizin başçısının “Avropa siyasi birliyi”nin 2022-ci il oktyabrın 6-da Çexiyanın paytaxtı Praqada keçirilən 1-ci Zirvə toplantısından sonra bu platformanın baş tutan ikinci tədbirinə dəvət edilməsi həm də onu deməyə əsas verir ki, Azərbaycan nəinki Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır, eyni zamanda, qitənin və Avropa İttifaqının gələcəyi ilə bağlı müzakirələrdə də rəyinə, mövqeyinə xüsusi önəm verilən ölkə kimi çıxış edir. Təbii ki, bütün bunlar son illərdə, xüsusilə Azərbaycanın tarixi Zəfəri ilə nəticələnən qırx dörd günlük Vətən müharibəsindən sonra Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin artan nüfuzu, verdiyi vədlərə əməl etməsi, etibarlı tərəfdaş, regionda söz sahibi olması ilə bilavasitə bağlıdır. Ölkəmizin başçısı bu barədə bildirib: “.... bu gün Azərbaycanla hesablaşırlar. Ən azı regional təhlükəsizlik və inkişaf məsələlərində Azərbaycanın razılığı olmadan heç bir təşəbbüs həyata keçirilə bilməz. Deyirəm, ən azı regional, amma, eyni zamanda, bu gün dünya miqyasında bir çox məsələlərdə Azərbaycanın mövqeyi önəmli mövqe kimi sayılır”.
Qətiyyətlə demək lazımdır ki, ölkəmizin bu tədbirlərə mütəmadi dəvət olunması həm də dövlətimizin başçısının şəxsi nüfuzunu, Azərbaycanın dünya miqyasında mühüm aktora çevrildiyini, beynəlxalq proseslərə təsir etmək imkanına malik olduğunu bir daha nümayiş etdirir.
“Avropa siyasi birliyi” Avropa İttifaqı (Aİ) tərəfindən təşviq edilən platformadır. Təsadüfi deyil ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel bununla bağlı bildirib: “Aİ özünün strateji hədəflərini genişlənmə ilə məhdudlaşdırmamalıdır. Aİ-nin geosiyasi liderliyinin güclənməsi ilə beynəlxalq ictimaiyyətin ondan gözləntiləri artır. Həmin gözləntilər bir sıra qonşuların Aİ ilə yeni münasibətlər qurması ilə əlaqədardır. Bu isə Reykyavikdən Bakıya, Oslodan Ankaraya uzanan geosiyasi birlikdən qaynaqlanır”.
Avropa İttifaqının bildirdiyi kimi, “Avropa siyasi birliyi” genişlənmə prosesini əvəzləmək və ya ləngitmək niyyəti daşımır, eyni zamanda, orada yer alan ölkələrin nə vaxtsa mütləq Aİ-nin üzvü olacağı anlamına gəlmir. Bu platforma Avropanın üzləşdiyi əsas çağırışların, habelə Avropa ölkələri arasında regional və ikitərəfli məsələlərin müzakirəsi məqsədilə dövlət və hökumət başçıları üçün qeyri-rəsmi və sərbəst mühit yaratmaq məqsədi daşıyır.
Prezident İlham Əliyevin 2022-ci ildə Praqada Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə görüşü zamanı səsləndirilən fikirlər Azərbaycanın etibarlı və perspektivli tərəfdaş kimi tanındığını, ölkəmizlə əməkdaşlığın Avropanın strateji prioritetlərindən biri olduğunu növbəti dəfə təsdiqləyir. Həmin tədbirdə dövlətimizin başçısı Azərbaycan həqiqətlərini, regional təhlükəsizlik məsələlərini daha bir mühüm platformadan beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı.
Ölkəmizin başçısı Praqa Sammiti çərçivəsində “Avropa qitəsində sülh və təhlükəsizlik” mövzusunda keçirilən “dəyirmi masa”da çıxışı zamanı ikitərəfli və çoxtərəfli münasibətlər, yeni geosiyasi reallıqlar, sülh, təhlükəsizlik və əməkdaşlıqla əlaqədar Azərbaycanın aydın və prinsipial yanaşmasını, qətiyyətli mövqeyini ortaya qoydu. Praqa Zirvə toplantısı ilə bağlı daha bir məqam ondan ibarətdir ki, Sammit çərçivəsində Azərbaycan və Ermənistan liderlərinin görüşü zamanı tərəflər 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıdılar.
Bütün bunlar onu deməyə əsas verir ki, bu gün dünya miqyasında nüfuzu güclənən, Cənubi Qafqazın lider dövlətinə çevrilən Azərbaycan Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətin nəticəsində yeni-yeni zirvələr fəth edəcək.
Zahid Rza, “İki sahil”