Addım-addım reallaşdırılan Böyük Qayıdış strategiyası
İnfrastrukturun bərpası, məcburi köçkünlərin öz evlərinə qayıtması illərin məşəqqətinə sinə gərmiş xalqın dözümlülüyünün, qətiyyətinin təcəssümü olmaqla, həm də sülhün və diplomatiyanın münaqişə və təcavüz üzərində qələbəsinin ifadəsidir
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa-quruculuq işləri sürətlə davam etdirilir. Dövlət başçısı hər dəfə rayonlara səfər edərkən görülən işlərlə yaxından tanış olur, yeni obyektlərin təməlini qoyur. İşğaldan azad olunmuş ərazilərimiz tezliklə yenidən qurularaq sakinlərin öz evlərinə qaytarılması prioritet vəzifə olaraq qalır. Bu məqsədlə həmin regionlarda irimiqyaslı işlər görülür və yeni infrastruktur yaradılır.
İşğaldan azad edilmiş şəhər və kəndlərimizin müasir texnologiyalar əsasında yenidən qurulması istiqamətində ilk pilot layihənin icrasına Zəngilan rayonunun Ağalı kəndində start verilmişdir. “Ağıllı kənd”, “ağıllı şəhər” layihələri azad olunmuş ərazilərdə bərpa işləri istiqamətində atılan ilk addımlardan biri və eyni zamanda, Böyük Qayıdışın başlanğıcı oldu. Bir il bundan əvvəl inşaat işləri başlanılan Ağalıda hazırda 200 evdən ibarət gözəl kənd salınıb. Ağalı kəndində məşğulluq, məktəb, bağça, tibb məntəqəsi, bütün xidmətlər – “ASAN”, DOST, kiçik və orta biznesə dəstək xidmətləri mövcuddur. Eyni zamanda, kəndin genişləndirilməsi və əlavə 150 evin inşa edilməsi, o cümlədən ikimərtəbəli, üçmərtəbəli mənzil tipli evlərin inşa edilməsi nəzərdə tutulur.
Böyük Qayıdış strategiyası yeni infrastrukturun yaradılması ilə yanaşı, işğaldan azad olunmuş ərazilərin ümumən regionun yeni inkişaf modelinə çevirməkdən ibarətdir. Bu proqramın reallaşmasının davamı olaraq mayın 28-də Laçın şəhərinə ilk qrup əhalinin qayıdışı reallaşdı. Onlara yeni evlərinin açarlarını Prezident İlham Əliyev təqdim etdi. Prezident İlham Əliyev Laçın şəhərinə qayıdan əhali ilə görüşündə bildirdi ki, Laçında bütün lazımi şərait yaradılır: “Hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun. Tibb məntəqəsi hazırlanır. Məktəb yeni dərs ili üçün hazır olacaq. Onlarla müəssisənin yaradılması nəzərdə tutulur. Artıq Aqro və Sənaye Parkı yaradılmaqdadır, 1100-dən çox iş yeri yaradılacaq”.
Həmçinin Prezident İlham Əliyevə Laçın şəhərinin Baş Planı təqdim olundu. Plana əsasən Laçın şəhərinin mövcud planlaşdırma strukturunun saxlanılması və bərpası, o cümlədən yeni yaşayış ərazilərinin inkişaf etdirilməsi əsas hədəf götürülməklə zonalaşdırılıb. Növbəti 20 il ərzində şəhər ərazisinin genişlənərək 713 hektara, əhali sayının isə 18 min nəfərə çatacağı proqnozlaşdırılıb. Baş planın konseptual əsasını “Təbiətlə vəhdətdə olan şəhər” yanaşması təşkil edir. Buraya urbanizasiya mərkəzinin xüsusiyyətlərinin formalaşdırılması, iqtisadi şaxələndirmənin təmin edilməsi, ekoloji həssas ərazilərin mühafizəsi, yaşıl enerji mənbələrindən və müasir texniki infrastruktur texnologiyalarından istifadə, həmçinin şəhər xidmətlərinə piyada əlçatanlığının artırılması daxildir. Plana əsasən, Laçın şəhəri “ağıllı idarəetmə”, müasir qabaqcıl təhsil və inklüziv mobillik həlləri ilə seçilən davamlı və innovativ mərkəzə çevriləcək. Baş plan layihəsində təbii yaşıllıqlarla əhatələnmiş şəhərin tarixən mövcud olmuş təxminən 258 hektar məskunlaşma ərazisində həyətyanı sahəsi olan fərdi evlərə üstünlük verilib. Bununla yanaşı, çoxfunksiyalı zonalarda və digər yaşayış ərazilərində çoxmənzilli binaların tikilməsi təklif edilir. Şəhərdə xəstəxana, İşğal və Zəfər muzeylərinin yerləşəcəyi Memorial Park, məktəbəqədər və tam orta təhsil müəssisələri, peşə məktəbi, həmçinin mədəniyyət və turizm obyektləri də yaradılacaq. Planlaşdırmada tətbiq edilmiş “15 dəqiqəlik şəhər” prinsipi isə yaşayış məhəllələrinin, gündəlik tələbat obyektlərinin yaxın məsafədə olmasını və aşağı sürətli yol infrastrukturunun təşkilini nəzərdə tutaraq sakinlərin və qonaqların şəhər daxilində rahat hərəkətini təmin edəcək.
İşğaldan azad edilmiş digər ərazilərimiz - Zəngilan, Cəbrayıl, Ağdam, Füzuli və Şuşa şəhərlərində də quruculuq işləri sürətlə aparılır. İnfrastruktur layihələr, xəstəxanalar, yaşayış binaları, məktəblər, mədəniyyət obyektləri, eləcə də məscidlər bərpa edilir. Muzeylər, hava limanları tikilir, dəmir yolları çəkilir. Qarabağda ümumilikdə, 2022-2026-cı illərdə 34 min 500 mənzilin tikilməsi nəzərdə tutulur. Ağdam rayonunda isə daha 9700 mənzilin tikilməsi planlaşdırılıb. 2025-ci ildə Ağdam şəhəri və ilk bərpa olunacaq kəndlərə əhalinin köçürülməsi həyata keçiriləcək. Layihəyə Cümə məscidi, İşğal muzeyi, Pavilyon, Bayraq meydanı və Pənahəli xanın imarəti daxildir. Şəhər yollarının yenidən salınması məqsədilə 59 kilometr şəhərdaxili yolların və müvafiq kommunikasiya xətlərinin layihələri hazırlanır. Qarabağ İqtisadi rayonunun “yaşıl enerji” zonası elan edilməsi ilə əlaqədar olaraq Ağdam şəhərində mərkəzi istilik sisteminin yaradılması qərara alınıb. Şəhərin Baş planına əsasən inzibati ərazinin də layihələndirilməsi istiqamətində işlərə başlanılıb.
Bölgədə məktəblərin, mədəniyyət obyektlərinin və digər zəruri iaşə obyektlərinin tikintisi də çox uğurla gedir. İndi Qarabağda öz sahibini gözləyən nə qədər ünvanlar var. Ölkə başçısının da qeyd etdiyi kimi, biz zamanla öz tarixi torpaqlarımıza dönəcəyik. Axı, biz düşməndən fərqli olaraq qurub-yaradan xalqıq.
Sevinc Azadi, “İki sahil”