28 may 2023-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev işğaldan azad olunmuş Laçın şəhərində gedərək burada aparılan quruculuq işlərilə tanış olmuşdur. Cənab Prezident İlham Əliyevə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi əsasında Bakı Dövlət Layihə İnstitutu tərəfindən beynəlxalq məsləhətçi şəhərsalma qrupu - İsveçrənin “SA Partners” şirkətinin iştirakı ilə hazırlanmış Baş plan təqdim edildi və haqqında geniş məlumat verildi.
Şirkətin həmtəsisçisi və tərəfdaşı Laçının özünəməxsus füsunkar təbiəti və rəngarəng landşaftı şəhərin turizm məkanı kimi inkişaf etdirilməsinə, fəal rekreasiya, idman, açıq hava istifadəsi və sağlam həyat imkanları olan canlı və cəlbedici regional mərkəzə çevrilməsinə şərait yaratdığını, Baş planın konseptual əsasını “Təbiətlə vəhdətdə olan şəhər” yanaşması təşkil etdiyini diqqətə çatdırdı. Laçın şəhərinin “ağıllı idarəetmə”, müasir qabaqcıl təhsil və inklüziv mobillik həlləri ilə seçilən davamlı və innovativ mərkəzə çevrilməsi nəzərdə tutulur. Şəhərdə əsasən, həyətyanı sahəsi olan fərdi evlərə üstünlük veriləcəyi, eyni zamanda, çoxfunksiyalı zonalarda və digər yaşayış ərazilərində çoxmənzilli binaların tikiləcəyi, xəstəxana, İşğal və Zəfər muzeylərinin yerləşəcəyi Memorial Park, məktəbəqədər və tam orta təhsil müəssisələri, peşə məktəbi, mədəniyyət və turizm obyektləri də yaradılacaqdır.
Yaxın gələcəkdə burada ekoloji və səmərəli kənd təsərrüfatı, tikinti, yüngül və qida sənayesi, balıqçılıq, tingçilik və digər sosial xidmət sahələrinin inkişafı nəzərdə tutulur.
Cənab Prezident İlham Əliyev Laçın rayonunun ərazisində Şərqi Qafqaz turlarının və şahin quşlarının təbiətə və 32 mindən artıq çəki, qızılbalıq və qızılxallı forelin Həkəri çayına buraxılması mərasimində də iştirak etdi. Ölkə Başçısının iştirakı ilə rayonun ərazisinə boyunlarına xüsusi siqnalötürücü xaltalar bağlanmış Şərqi Qafqaz turları və şahin quşları təbiətə buraxıldı. Qeyd olundu ki, adı “Qırmızı kitab”a düşən şahin quşları Qətərdən Azərbaycana gətirilmiş, bundan əvvəl də 200-dək şahin quşu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Qətər Dövlətinin Proqramı çərçivəsində ölkəmizin bioloji müxtəlifliyinin inkişafına dəstək məqsədilə Xızı, Siyəzən və Şabran rayonları ərazisində vəhşi təbiətə buraxılımışdır.
Cənab Prezident İlham Əliyevə otuz ildən sonra ilk dəfə Qarabağda və Şərqi Zəngəzurda fauna və flora növlərinin tədqiqi, Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan “Qırmızı kitab”ın üçüncü nəşri ilə bağlı görülmüş işlər və perspektivlər barədə də məlumat verildi. Ölkə başçısına məlumat verildi ki, işğal dövründə tamamilə məhv edilmiş hidrometeoroloji müşahidə və ekoloji monitorinq şəbəkəsi müasir şəkildə yenidən qurulmuşdur. Ərazidən axan əsas çaylar üzərində 11 avtomat hidroloji, Şuşa, Ağdam, Füzuli, Kəlbəcər və Zəngilan rayonlarında 5 avtomat meteoroloji, Zəngilan rayonundakı “Ağıllı kənd” ərazisində avtomat aqrometeoroloji, transsərhəd ərazilərdə radiasiya fonunun nəzarətdə saxlanılması məqsədilə avtomat radioekoloji stansiyalar quraşdırılmışdır. Ölkə başçısı Laçın şəhərində Heydər Əliyev, Zəfər və 28 May küçələrinin, Xosrov bəy Sultanov və Zəngəzur küçələrinin kəsişmələrində istiqaməti bildirən lövhələrin açılışını etdi. Laçın şəhərində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adını daşıyan, Vətən müharibəsində şanlı Qələbənin şərəfinə adlandırılan Zəfər, 28 May küçələri haqqında da məlumat verildi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev İşğal və Zəfər Muzeyi Kompleksinin təməlini qoydu.
Bu ilki 28 may Müstəqillik Gününün qeyd edilməsi Laçında aparılmış bu quruculuq və abadlıq işləri xalqımız üçün ikiqat bayran olmuşdur.
Bahar Məmmədova,
YAP Xətai rayon təşkilatının "General Şıxlinski 56/2" ünvanı üzrə ərazi partiya təşkilatının sədri