Mənfur qonşumuz, faşizm ideologiyasının daşıyıcısı olan Ermənistan 30 ilə yaxın torpaqlarımızı işğal altında saxladı. Bu müddət ərzində şəhər və kəndlərimizi viran qoydular, taladılar. İnsanlarlmızı qətlə yetirməklə yanaşı təbiətimizi də məhv etdilər. Təəssüflər olsun ki, o vaxtlar AXC-Müsavat cütlüyü hakimiyyətə gəlmək üçün satqınlığa, çirkin əməllərə əl ataraq Şuşanı, Laçını düşmənə təhvil verdilər. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra erməni işğalına son qoyuldu. Azərbaycan dövləti böyük inkişaf yoluna qədəm qoydu. Ulu Öndər Heydər Əliyev tərəfindən güclü Azərbaycan Ordusunun təməli qoyuldu.
Prezident İlham Əliyev Azərbaycan ordusunu dünyanın ən güclü orduları sırasına yüksəltdi. Azərbaycan xalqının Prezident cənab İlham Əliyevə inamı, öz lideri ətrafında sarsılmaz birliyi və Azərbaycan ordusunun rəşadəti nəticəsində torpaqlarımız işğaldan azad edildi və ölkəmizin ərazi bütövlüyü bərpa edildi. Müharibədən dərhal sonra azad edilmiş ərazilərimizdə quruculuq və abadlıq işlərinə başlanıldı.
Prezident İlham Əliyev öz doğum günündə, milli bayramlarımızda işğaldan azad edilmiş torpaqlarımıza səfərlər edir, infrastruktur, sosial obyektlərin, yaşayış binalarının, istehsal müəssisələrinin təməlqoyma, açılış mərasimlərində iştirak edir. Səfərləri zamanı Prezidentin işğaldan azad edilmiş şəhər və kəndlərimizin sakinləri ilə bir arada olması, onlarla səmimi söhbət etməsi dövlət başçısının öz xalqını ürəkdən sevdiyini, hər bir vətəndaşımıza diqqət və qayğı ilə yanaşdığını bir daha göstərir.
Müstəqilliyimizin 105-ci ildönümündə Prezident İlham Əliyev işğaldan azad edilmiş Laçına səfər etdi və sakinlərlə görüşdü. Bu, o Laçın idi ki, 28 il işğal zamanı ermənilər bu şəhəri də viran qoymuşdular. Prezident İlham Əliyev Laçını tək regionun deyil, dünyanın ən gözəl bir diyarına çevirmişdir. Görüşdə dövlət başçısı Laçın rayonunun bir qrup sakininə yeni inşa edilmiş evlərin açarlarını təqdim etdi. Bu adi bir görüş deyil, Azərbaycanın necə güclü, qüdrətli bir dövlət olduğunun nümunəsidir. Görüşdə Prezident İlham Əliyev Ermənistana və Qarabağdakı separatçılara son şans və sonuncu xəbərdarlıq da etdi. Separatçıların ağlı olsa, bu şansı dəyərləndirməlidilər və əfv olunmaları üçün dövlət başçımıza müraciət etməlidilər. Əks halda aqibətləri çox ağır olacaq. Separatçılar bilməlidilər ki, Prezident İlham Əliyev nə deyibsə, ona əməl edib.
Kamilə Əliyeva,
Milli Məclisin deputatı, professor