01 iyun 2023 16:00
589

Ölkəmizin milli maraqlarının qorunmasına hesablanmış müdrik xarici siyasət

Bir neçə gün əvvəl Prezident İlham Əliyevin Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında qonaq qismində iştirak etməsi ölkəmizin yüksək nüfuzunun növbəti təsdiqi oldu. Ermənistan istisna olmaqla, Azərbaycanın Avrasiya İqtisadi Birliyinin üzvləri ilə əməkdaşlığı 30 il ərzində uğurla inkişaf edir. Statistikaya nəzər yetirəndə görürük ki, ötən il Azərbaycanın Avrasiya İqtisadi Birliyi ilə əmtəə dövriyyəsi 31 faiz artıb və 4,7 milyard dollar təşkil edib. Bu ilin yanvar-aprel aylarında qarşılıqlı ticarətin həcmi daha 38 faiz artıb. Prezident İlham Əliyevin cari ilin 25 may tarixində Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında çıxışında qeyd etdiyi kimi, Azərbaycan iqtisadiyyatı özü-özünü təmin edir və kənardan dəstəyə ehtiyacı yoxdur. Son 20 il ərzində ölkəmizin ümumi daxili məhsulu (ÜDM) 3 dəfədən çox artıb. Yoxsulluğun səviyyəsi təxminən 50 faizdən 5 faizə enib. Xarici borc ÜDM-in 9 faizindən aşağı səviyyəsindədir və ildən-ilə azalır. Azərbaycanın valyuta ehtiyatları xarici borcu 10 dəfə üstələyir. Hazırda qarşımızda duran başlıca məsələlərdən biri ixracın şaxələndirilməsidir. Azərbaycan iqtisadiyyatının böyük hissəsi artıq qeyri-xammal sektorunda formalaşır.  Şərq-Qərb və Şimal-Cənub nəqliyyat yollarının coğrafi kəsişməsində yerləşən Azərbaycan Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısıdır. Dünya üçün əhəmiyyətli olan ortaq layihə - Zəngəzur dəhlizi region ölkələrinin tranzit potensialını yüksəldir və nəqliyyat sahəsində yeni imkanlar vəd edir. Müasir nəqliyyat-tranzit infrastrukturuna malik Azərbaycanın ərazisindən on beş milyon ton yükün daşınmasına hesablanmış Ələt Dəniz Limanı yaxın vaxtlarda modernləşdirilərək, yükdaşımaların həcminin 25 milyon tona çatdırılması nəzərdə tutulur. Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında çıxışı zamanı Prezident İlham Əliyev bildirib ki, ötən il Avrasiya İqtisadi Birliyinə üzv ölkələrin Azərbaycanın xarici ticarət dövriyyəsində payı 9 faizə yaxın olub. Biz əmtəə dövriyyəsinin gələcək artımında böyük potensialın olduğunu görürük. Ölkəmizin milli maraqlarının qorunmasına hesablanmış bu müdrik xarici siyasətin nəticəsidir ki, dünyanın bir çox ölkələri Azərbaycanla əməkdaşlıq etməyə, müttəfiqlik münasibətləri qurmağa can atır.

Dünyada ölkələr arasında münasibətlərin pisləşdiyi, qarşıdurma meyillərinin artdığı bir dövrdə Azərbaycan Prezidentinin dünyanın ən güclü dövlətlərindən biri olan Rusiyaya işgüzar səfəri,  rusiyalı həmkarı Vladimir Putinlə görüşdə səslənən bəyanatlar cənab  İlham Əliyevin siyasi-diplomatik bacarığının göstəricisdir. Hər iki prezidentin görüşdə səsləndirdikləri fikirlərə nəzər salsaq görərik ki, dövlət başçıları bərabərhüquqlu münasibətlərdən razıdırlar və bu münasibətlərin gələcəkdə daha da güclənməsi ilə bağlı həmfikirdirlər. Bu münasibətlərin uğurlu tarixi keçmişi olduğu kimi, gələcək planlarla bağlı da sistemli yanaşma mövcuddur. İkincisi, görüş regionda məsələlərə birbaşa təsir göstərə biləcək dövlətin Azərbaycan olduğunu bir daha nümayiş etdirdi. Moskva görüşündən bir daha aydın oldu ki, Azərbaycan və Rusiya arasındakı münasibətlər adi münasibət deyil və strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bunu dövlət başçılarının çıxışlarından da aydın görmək mümkündür. Ən əsası isə prezidentlərin bu münasibətlərin daha da inkişafı üçün ciddi planları var. Bu planlar hər iki dövlətin strateji maraqlarına və xalqların həyat səviyyəsinin yüksəlməsinə yönəlib. Daha bir mühüm amil prezidentlər arasındakı şəxsi dostluq və səmimi münasibətlərdir. Dövlət başçısı səfər çərçivəsində həmçinin Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında xüsusi qonaq qismində iştirak etdi və qeyd olunduğu kimi Bakı və İrəvanla dayanıqlı sülhün əldə olunması istiqamətində nəzərdə tutulmuş görüşdə Azərbaycan prezidenti daha bir diplomatik uğura imza atdı.

Azərbaycan dövləti hər zaman sülh tərəfdarı kimi çıxış edir. 44 günlük Vətən müharibəsindən qalib şıxan dövlətimizin mövqeyi regionda davamlı sülhün və təhlükəsizliyin təmin edilməsi olub. Ali Avrasiya İqtisadi Şurasının iclasındakı müzakirələrdə ölkə başçımız İlham Əliyevin növbəti dəfə Ermənistanın baş naziri Nikol Paşinyana diplomatiya dərsi keçib: “Mənim sözlərimdə ərazi iddialarının olmasını görmək üçün xüsusi canfəşanlıq etmək və ya güclü fantaziyaya malik olmaq lazımdır. Beləliklə, Ermənistanın baş naziri diplomatik müstəvidə növbəti dəfə fiaskoya uğradılması ilə yadda qaldı. Moskvada keçirilən son görüşdə Azərbaycan iddialarını tam şəkildə təmin etmiş tərəf oldu.Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı şəkildə tanınması əsas şərtdir.

Hazırda Azərbaycanla Rusiya arasında beynəlxalq əməkdaşlığın ikitərəfli formatı uğurla inkişaf edir. Həm Müstəqil Dövlətlər Birliyinin, həm də digər beynəlxalq təşkilatların platformalarında ikitərəfli əməkdaşlığın nəticəsidir ki, Ulu Öndər Heydər Əliyevin yubiley tədbirləri həm Moskvada, həm dövlət hakimiyyət təsisatlarında, həm də Rusiyanın regionlarında ehtiram və yüksək hörmət əlaməti olaraq yüksək səviyyədə keçirilib.

Ayaz Cəbrayılov,

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri