"Güclü ordu qurmuşuq. Bu ordu düşməni 44 gün ərzində darmadağın edib, onları diz çökdürüb və torpaqlarımızdan qovub."
Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev mayın 28-də Laçında bu rayondan olan sakinlərlə görüşdə deyib.
“Gözəl gənc nəsil yetişdirdik – vətənpərvər, tərbiyəli, milli ruhda tərbiyə almış gənc nəsil. Həmin bu gənclər bizim torpaqlarımızı azad ediblər”, - söyləyən dövlətimizin başçısı qeyd edib ki, Laçını, Kəlbəcəri, o vaxt işğal altında olan digər torpaqları görməyən, bu bölgələrdən olan gənclər ölümə getməyə hazır idilər, ölümə də gedirdilər.
"Bu il Bakıda iki hərbi parad keçirilmişdir - həm ordumuzun, həm də Bakının işğaldan azad edilməsinin 100 illiklərinə həsr edilmiş paradlar. Paradlarda nümayiş etdirilən imkanlarımız hesab edirəm ki, çox təsirlidir. Bu gün beynəlxalq reytinqlərə görə, Azərbaycan Ordusu dünya miqyasında 50 ən güclü ordu sırasındadır və bu, reallıqdır". – Bu sözləri isə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev sentyabrın 21-də Milli Məclisdə Azərbaycan parlamentinin 100 illiyi münasibətilə təntənəli iclasda deyib.
"Bir sözlə, biz ölkəmizi bundan sonra da bu siyasətlə inkişaf etdirəcəyik. Bu gün biz innovasiyalara, texnologiyalara daha çox üstünlük veririk. Bir neçə gündən sonra Azərbaycan orbitə üçüncü süni peyki çıxaracaq. Azərbaycan artıq bir neçə ildir ki, kosmik klubun üzvüdür. Orbitdə iki peykimiz var, üçüncü də çıxarılır", -Prezident İlham Əliyev vurğulayıb.
Daha sonra Prezident İlham Əliyev: “Ermənistanda gedən proseslərə baxdıqda istər-istəməz müəyyən paralellər meydana çıxır. 1992-ci ildə də Azərbaycanda hakimiyyətə insanlar meydanlardan, küçələrdən gəlmişdilər. Onların heç bir təcrübəsi, siyasi biliyi yox idi. Onlar iqtisadiyyatın nə olduğunu bilmirdilər. Ümumiyyətlə, onlar cəmiyyətdə elementar davranış qaydalarını gözləmirdilər. Nəticədə Azərbaycan xalqı o hakimiyyətə cəmi bir il dözə bildi və ondan sonra onlar siyasi səhnədən birdəfəlik çıxarıldılar. Ermənistanda da biz eyni mənzərəni görürük”- deyə vurğulayıb.
“Meydanda çığırıb-bağıranlar bu gün yüksək postlara təyin olunur, heç bir təcrübəsi olmayan insanlar bu gün Ermənistanın taleyini həll edirlər. Yeni hökumət tərəfindən atılan addımlar onu göstərir ki, bu adamların heç bir biliyi, hazırlığı yoxdur və bu, nəinki Ermənistan üçün, bölgə üçün böyük təhlükə mənbəyidir. Bir tərəfdən, - mən bunu artıq bir dəfə demişəm, - indiki Ermənistan hakimiyyəti nə qədər çox hakimiyyətdə qalsa, bizim üçün bir o qədər yaxşıdır. Çünki o, mövcud olan problemlərin üstünə problemlər gətirir.
Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin qətiyyəti, hərbi qələbəni siyasi qələbəyə çevirən diplomatik məharəti nəticəsində Ağdam və Kəlbəcər kimi Laçın rayonunun da qan tökülmədən, şəhid verilmədən geri qaytarılması tarixi hadisədir.
Dövlətin qüdrətini şərtləndirən amillər sırasında iqtisadi yüksəliş və güclü ordu daha böyük rola malikdir. Bu gün qürurla deyə bilərik ki, ölkəmiz iqtisadi və siyasi nailiyyətlərə imza atmaqla yanaşı, ordu quruculuğu prosesində də böyük uğurlar əldə edib. Dünya ictimaiyyəti etiraf edir ki, Azərbaycan Ordusu Cənubi Qafqazın ən güclü ordusudur.
Torpaq həsrətinə son qoyan zəfər bizi Azərbaycan Respublikasının işğal altındakı bütün əraziləri üzərində suverenliyinin bərqərar olunduğu böyük günə çatdırdı. Tarixi yaşayış məskənlərimiz azad edildi. Artıq müstəqil Azərbaycan Respublikasının güclü ordusu, məğrur xalqı və bütün dünyada böyük nüfuzu var. Bu uğurların qazanılmasında Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun misilsiz xidmətləri danılmazdır. İndi hər bir Azərbaycan vətəndaşı onu xarici və digər təhlükələrdən layiqincə hifz edəcək ordunun olmasına tam arxayındır. 105 yaşlı Azərbaycan Ordusu dövlətin dayağı, xalqın güvənc yeri və qürur mənbəyidir.
Aytac Əkbərzadə,
Heydər Əliyev adına liseyin informatika müəllimi,
YAP Xətai rayon təşkilatının fəalı