Milli maraqlara söykənən, praqmatik və rasional xarici siyasət yürüdən Azərbaycanın beynəlxalq nüfuzu gündən-günə artır, fəal diplomatiya kursu sayəsində dünyanın ayrı-ayrı ölkələri ilə ikitərəfli və çoxtərəfli formatda qarşılıqlı faydalı əməkdaşlığı gündən-günə inkişaf edir. Dünya nizamının yenidən formalaşdığı bir dövrdə, yeni geosiyasi şəraitdə Avropa və Asiyanın əksər ölkələri, eləcə də dünyanın ayrı-ayrı güc mərkəzləri son illərdə beynəlxalq münasibətlər sistemində mövqeyini getdikcə möhkəmləndirən Azərbaycanı etibarlı tərəfdaş kimi qəbul edərək ölkəmizlə çoxvektorlu əməkdaşlıq əlaqələrinin qurulması üçün ciddi addımlar atırlar.
Belə ölkələrdən biri də hazırda müstəqilliyinin 75-ci ildönümünü qeyd edən İsraildir. Azərbaycan-İsrail münasibətləri tarixi dostluq əlaqələrinə, qarşılıqlı faydalı əməkdaşlığa və ortaq maraqlara söykəndiyi üçün daim inkişaf edir. Əminliklə demək olar ki, iki ölkə arasında səmimi dostluq və tərəfdaşlıq münasibətləri müxtəlif sahələrdə əlaqələrin inkişafı üçün yeni perspektivlər açır.
Prezident İlham Əliyevin düşünülmüş və uzaqgörən daxili və xarici siyasəti, unikal diplomatik manevrləri ilə regionun lider dövlətinə çevrilən Azərbaycanın İsrail ilə ikitərəfli strateji tərəfdaşlığı daha da dərinləşir. İki ölkə arasındakı sıx əlaqələr yalnız qarşılıqlı marağa deyil, hər şeydən əvvəl ortaq dəyərlərə əsaslanır. 2017-ci ilin aprel ayında İsrail ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümü münasibətilə Baş nazir Benyamin Netanyahunun ölkəmizin başçısı İlham Əliyevə göndərdiyi təbrik məktubunda bildirilirdi: “İsrail Azərbaycan Respublikasının müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olması ilə fəxr edir. Ötən 25 il ərzində ölkələrimiz arasında yəhudi və Azərbaycan xalqlarının səmimi dostluğuna əsaslanan möhkəm münasibətlər qurulub... Dini və etnik çəkişmələrin çox olduğu bir dövrdə Azərbaycan dinlərarası və multikultural harmoniyanın nümunəsidir. Azərbaycan kimi, İsrail də qeyri-sabit regionda sabitliyin və tolerantlığın mayakıdır. Üzləşdiyimiz çətinliklərə baxmayaraq, ölkələrimiz inkişaf edən iqtisadiyyat, firavan və sülhsevən cəmiyyət qurmağa nail olublar”.
Azərbaycan və İsrail 1992-ci ildən bəri sıx əməkdaşlıq edir. İsrail Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biridir. Dost ölkə 1991-ci il dekabrın 25-də Azərbaycanın dövlət müstəqilliyini tanıyıb. İki ölkə arasında diplomatik əlaqələr isə 1992-ci il aprelin 6-da qurulub. 1993-cü ilin avqustundan İsrailin Azərbaycanda səfirliyi fəaliyyət göstərir.
Ulu Öndər Heydər Əliyev 1995-ci il yanvarın 28-də İsveçrədə keçirilən Dünya İqtisadi Forumunda İsrailin xarici işlər naziri Şimon Pereslə, elə həmin il oktyabrın 22-də BMT Baş Məclisinin iclasında İsrailin ovaxtkı Baş naziri İsak Rabinlə, 1996-cı il yanvarın 11-də Fransanın keçmiş Prezidenti Fransua Mitteranın dəfn mərasimində İsrailin artıq Baş naziri olan Şimon Pereslə, 1996-cı il dekabrın 2-də isə ATƏT-in dövlət başçılarının Lissabon Sammiti çərçivəsində İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşüb, qarşılıqlı maraq doğuran məsələləri müzakirə edib.
Prezident İlham Əliyev iki ölkə arasında münasibətlərin inkişafını daim diqqətdə saxlayır. 2023-cü il martın 9-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun israilli həmkarı Eli Kohenin iştirakı ilə Azərbaycanın İsraildə səfirliyinin açılışı, iki ölkə arasında ticarət dövriyyəsinin 1,7 milyard ABŞ dollarından çox olması, enerji, təhlükəsizlik, müdafiə sənayesi, kənd təsərrüfatı, mədəniyyət, turizm sahəsində əlaqələrin yüksək səviyyəyə qalxması qırx dörd günlük Vətən müharibəsindən sonra işğaldan azad edilmiş Qarabağda və Şərqi Zəngəzurda yenidənqurma işlərində İsrail şirkətlərinin iştirak etməsi bunun əyani təsdiqidir.
Dövlətimizin başçısı bu günlərdə Azərbaycanda rəsmi səfərdə olan İsrailin prezidenti İsxak Hersoqla geniş tərkibdəki görüşdə bu səfərin ölkələrimiz arasında dostluq münasibətlərinin inkişafına stimul verəcəyini bildirib: “Əminəm ki, heyət nümayəndələri ilə görüşlər, bilavasitə Sizinlə bu gün və sabah aparacağımız söhbət çərçivəsində geniş səpkidə məsələlər müzakirə olunacaq. Aramızda çox fəal siyasi dialoq var və biz cənab Prezidentlə telefonla əlaqə saxlayırıq. İndi isə, əlbəttə ki, rəsmi səfər zamanı bizim ikitərəfli gündəliyimizdə duran önəmli məsələləri müzakirə etmək üçün daha çox imkanımız var. Bu il İsraildə Azərbaycan səfirliyinin açılması, əlbəttə ki, əlaqələri daha yüksək səviyyəyə qaldıracaq və eyni zamanda, daha sıx qarşılıqlı əməkdaşlıq üçün geniş imkanlar yaradacaq”.
Mayın 30-da Bakıda Heydər Əliyev Mərkəzində İsrail Dövlətinin Müstəqillik Günü münasibətilə rəsmi qəbulda çıxış edən İsrail Prezidenti İsxak Hersoq bildirib ki, Azərbaycan ilə İsrail arasında əlaqələrin qurulmasının 30-cu ildönümündə ölkələrimiz arasındakı münasibətlər yalnız qarşılıqlı marağa deyil, hər şeydən əvvəl ortaq dəyərlərə əsaslanır: “Yəhudilər üçün Azərbaycan təhlükəsiz məkandır, onlar burada inkişaf edib, öz mədəniyyətlərini qoruyub saxlayıblar. Yəhudilər yalnız öz icmaları çərçivəsində deyil, Azərbaycanın zəngin siyasi və mədəni mühitində də tərəqqi tapıblar. Bu, kiçik məsələ deyil. Dinlərarası əməkdaşlıq və xalqlararası tolerantlıq, qarşılıqlı hörmət hər iki ölkənin üstünlük verdiyi dəyərdir. Azərbaycanın Təl-Əvivdə səfirliyinin açılması əlaqələrimizin yeni müstəvidə inkişafına kömək edəcək”.
Tarixən Azərbaycanla İsraili qarşılıqlı hörmət və etimada əsaslanan əsl dostluq münasibətləri birləşdirib. Bu gün əminliklə demək olar ki, iki ölkə arasında möhkəm təmələ, dostluğa, tərəfdaşlığa əsaslanan əlaqələr bundan sonra da yüksələn xətlə inkişaf edəcək.
Zahid Rza, “İki sahil”