01 iyun 2023 00:57
452

Laçından terrorçulara sərt mesajlar

Ya özləri boyunlarını büküb gələcəklər, ya da ki, indi hadisələr başqa cür inkişaf edəcək

Xankəndidəki separatçı rejimin qondarma liderlərindən biri, milyarder Ruben Vardanyan son açıqlamasında Azərbaycanla müharibənin qaçılmaz olduğunu deyib. Bu məqamda bu zırramadan soruşmaq gərəkidr ki, sənin ətin-budun nədir ki, belə başından böyük qələtlər edirsən?!

Təbii ki, onu belə pafoslu danışmağa məcbur edən gücü deyil, əlacsızlığıdır. Çünki Prezident İlham Əliyevin Moskvada keçirilən Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibli iclasında Ermənistanın baş naziri Nikol Paşinyanı növbəti dəfə ifşa etməsi, eyni zamanda, mayın 28-də Laçında öz doğma yurdlarına qayıtmış laçınlılarla görüşündə Xankəndiyə yönəlik açıqladığı antiterror əməliyyatlarının gündəmdə olması bu separatçının quyruğunun qapı arasında sıxıldığını  göstərir.  Əslində, bu, qorxan tulanın bərk hürməsi mənzərəsini yaradır.

Bəli,  əvvəldə qeyd etdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycanın Xankəndi və ətraf bölgəsində tezliklə antiterror əməliyyatlarının başlaya biləcəyini bildirib. Yəni, bu, o deməkdir ki,  Xankəndidəki terrorçular üçün vaxt daralır və Azərbaycan Ordusu Şuşadan əlin içi kimi görünən Xankəndiyə girmək üçün əmr gözləyir.  Bunu separatçı rejimin qondarma rəhbərləri də yaxşı anlayırlar.

Prezident İlham Əliyev laçınlılarla görüşündə birmənalı olaraq bildirdi ki, biz Xankəndiyə heyət göndərmişdik: « Mənim nümayəndəm gedib onlarla birinci görüş keçirib və ondan sonra onları dəvət etmişik Bakıya ki, gəlin danışaq. Onlar bundan imtina etdilər. Bundan sonra ikinci dəfə biz onları dəvət etmişik Bakıya. Yəni, Qarabağda yaşayan erməni azlığının nümayəndələrini. Ondan da imtina etdilər. Daha üçüncü dəvət olmayacaq. Ya özləri boyunlarını büküb gələcəklər, ya da ki, indi hadisələr başqa cür inkişaf edəcək».

Göründüyü kimi,  belə şəraitdə Azərbaycanın Xankəndi və ətraf bölgəsində hələ də müqavimət göstərməyə çalışan erməni separatçı-terrorçular üçün sonun başlanğıcı başlayıb. Prezident İlham Əliyev çıxışlarında bildirib ki, artıq beynəlxalq siyasi dairələrdə də «müstəqillik» və «status» barədə qətiyyən danışılmır: « Onu da bildirməliyəm ki, son vaxtlar beynəlxalq təşkilatlar faktiki olaraq bizim mövqeyimizlə tamamilə razılaşıblar. Bunu mən müxtəlif görüşlər əsnasında artıq görürəm. Yəni, nəyə görə razılaşıblar? Ona görə ki, biz haqlıyıq və ona görə ki, biz mövqeyimizdən kənara bir addım belə atmırıq. Ona görə bu gün nə müstəqillikdən, nə muxtariyyətdən, nə başqa bir şeydən heç kim artıq söhbət açmır. Sadəcə olaraq, bizə gələn son mesajlar belədir ki, bəs orada dırnaqarası rəhbərliyin aqibəti necə olacaq? Onlara amnistiya düşürmü, düşmürmü? Mən isə deyirəm ki, buna baxmaq lazımdır.»

Diqqətçəkən məqamdır ki, Azərbaycan Prezidenti Qarabağdakı qondarma erməni «məmurlar»a hansı hallarda güzəşt oluna biləcəyini də açıqlayıb. Bildirib ki, onların yeganə çıxış yolu qondarma «parlament»i buraxmaqdan, özünü «prezident» adlandıran ünsürün təslim olmasından və qondarma «nazirlər»in, «deputatlar»ın öz vəzifələrindən imtina edərək Azərbaycan vətəndaşlığını qəbul etmələrindən keçir.

Qeyd edək ki, Xankəndidəki qondarma rejimə digər növbəti zərbə Ermənistanın baş naziri Nikol Paşinyandan gəldi. Belə ki, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımaq məcburiyyətində qalması rəsmi İrəvanın ölkəmizin bölgədəki böyük hərbi-siyasi uğurunu qəbul etməsi anlamını verir. Bir sözlə, Ermənistanın «Qarabağ Azərbaycandır» reallığını qəbul etməsi terrorçuların bütün xəyallarını darmadağın edib.

Bəli, bu gün Azərbaycan bölgədə elə bir hərbi-siyasi qüdrətə malikdir ki, nəinki, işğalçı ölkə, hətta  son 30 ildə onu himayə edən bəzi supergüclər  mövcud situasiya ilə barışmaqla Azərbaycanın şərtlərini qəbul etmək məcburiyyətində qalıblar. Məhz bütün bunlara rəğmən demək olar ki, Ermənistanın əlavə manevrlərlə sülh prosesini uzatmaq imkanları tükənib. Ona görə də bu yarımvassal ölkə yaxın gələcəkdə ya sülh müqaviləsini imzalamalıdır, yada ki,  bir dövlət kimi öz iflasına imza atmalıdır.

Elçin Zaman, «İki sahil»