31 may 2023 12:05
664

Qarabağ və Şərqi Zəngəzur əsl gülüstana çevrilir

Mayın 27- və 28-də Prezident İlham Əliyev Kəlbəcərdə və Laçında yeni ifrastrukturların təməlqoyma mərasimində iştirak etdi. Xüsusilə 31 ildən sonra laçınlıların bir hissəsinin Laçın şəhərinə qayıdaraq öz doğma torpaqlarında əbədi yaşamalalarına başlamaları və ölkəmizin başçısının onlarla görüşü tarixi hadisə kimi dəyərləndirildi. Bir daha aydın oldu ki, hər bir vədini zamanında reallığa çevirən Prezident İlham Əliyev  növbəti dəfə Böyük Qayıdışın yeni addımlarını atdı.

İşğaldan azad edilən rayonlarımızda aparılan böyük tikinti- quruculuq işləri bir daha göstərdi ki, Azərbaycan dövləti yalnız hərbi deyil, həm də iqtisadi gücü ilə böyük ölkədir. Bu gün Qarabağ və Şərqi Zəngəzur əsl gülüstana çevrilib. Hazırda bütün azad edilmiş torpaqlarımız müasir tələblər səviyyəsində yenidən qurulur, soydaşlarımızın rahat yaşayışı üçün bütün imkanlar yaradılır. Ötən ilin avqustunda Müzəffər Ali Baş Komandan İlham Əliyev bu müjdəni vermişdir ki, biz Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Ölkə Prezidenti sentyabr ayında Laçın rayonuna səfər etdi və şəhərin mərkəzində Azərbaycan Bayrağını ucaltdı. Bu tarixi məqamı xatırlatmağımız səbəbsiz deyil. Qısa müddətdə, 8 ay ərzində Laçın şəhərinin böyük bir hissəsinin  yenidən qurularaq sakinlərini  qarşılaması bir daha ölkəmizin hansı imkanlara malik, eyni zamanda, Azərbaycan xalqının qurucu xalq olduğunu dünyaya nümayiş etdirir. Cənab İlham Əliyev Laçın şəhərinə qayıdan əhali ilə görüşündə bildirdi ki, ilk 20 ailə artıq Laçında yerləşdi və iyun ayının sonuna qədər əlavə bir çox ailələr gələcək. Birinci mərhələdə Laçında 4 minə yaxın, bəlkə də çox insan yaşayacaq. Bütövlükdə 7-8 ay ərzində 700 bina inşa edilib. Onlardan 620-si fərdi, 9 çoxmənzilli binadır. Bu, hələ tam proqram deyil. Laçın şəhərində ikinci mərhələdə görüləcək işlərlə bağlı dəqiq təsəvvür var. İlin sonuna qədər daha çox insanın Laçında yaşaya biləcəyi diqqətə çatdırıldı.

Bəli,  artıq üç ildir Prezident İlham Əliyev tarixi günləri, bayramları işğaldan azad edilmiş ərazilərimizdə qeyd edir.Bu mühüm addım harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlını qürurlandırır. 30 il işğal altında qalaraq tamamilə dağıdılan, yerlə-yeksan edilən torpaqlarımızda yeni həyatın başlanması, bərpa-quruculuq işlərinin geniş miqyas alması, Böyük Qayıdış proqramı çərçivəsində soydaşlarımızın mərhələli şəkildə dogma yurd-yuvalarına qayıtması böyük xoşbəxtlikdir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimizə hər bir səfəri bu məkanlardan Ermənistana və ona havadarlıq edən dövlətlərə mesajları ilə də zəngin olur. Laçın şəhərinə qayıdan əhali ilə görüşündə 30 illik işğal və postmünaqişə dövrünün reallıqlarından geniş bəhs edən dövlət başçısı bildirdi ki, delimitasiya, sülh müqaviləsi beynəlxalq şərtlər əsasında olmalıdır, Naxçıvana yolumuz açılmalıdır. Qarabağda hələ də kök salmış Ermənistan ordusunun nümayəndələri oradan çıxarılmalıdır.

İsmayıl İbrahimov,
YAP Hacıqabul rayon təşkilatının sədri