31 may 2023 11:42
558

Laçın rayonunda bərpa-quruculuq işləri uğurla həyata keçirilir

44 günlük şanlı Vətən müharibəsi nəticəsində işğaldan azad olunan Laçında həyata keçirilən bütün layihələr Böyük Qayıdışa dair I Dövlət Proqramında nəzərdə tutulduğu kimi yüksək səviyyədə icra olunur. Yenidənqurma və bərpa işləri ilə yanaşı Azərbaycan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yeni idarəetmə üsulu həyata keçirir.

Laçın rayonunun böyük bir hissəsinin tamamilə yenidən qurulması cənab Prezident İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsidir. Ölkə başçısının göstərişi əsasında Laçın şəhərinin baş planı hazırlanmış, qısa müddət ərzində fərdi yaşayış binaları və çoxmənzilli binalar inşa edilmişdir. Laçın şəhərində sakinlərin rahat şəkildə yaşaması üçün hər cür şərait yaradılmışdır. Bütün bunlar Prezident İlham Əliyevin ölkə vətəndaşlarına göstərdiyi qayğının bariz nümunəsidir.

Azad edilmiş bütün bölgələr kimi, Laçın rayonunun da kənd təsərrüfatı, turizm potensialı çox böyükdür. Prezident İlham Əliyev bildirib ki, biz bu potensialdan məharətlə istifadə edərək Qarabağ bölgəsini nəinki Azərbaycanın, dünyanın ən gözəl bölgələrindən birinə çevirməliyik.

Digər azad edilmiş ərazilərimiz kimi, Laçın rayonunun da ictimai və iqtisadi həyatında yeni dövr başlamışdır. Bu gün Laçın rayonunda fərqli təyinatlı infrastruktur layihələri reallaşdırılır.

İşğal dövründən əvvəl Laçın rayonunun əhalisi əsasən, heyvandarlıq, bitkiçilik, arıçılıq və qismən də bağçılıq və bostançılıqla məşğul olub. Rayonun dağıdılan iqtisadiyyatının bərpası və Azərbaycan iqtisadiyyatına reinteqrasiyası mümkün olacaqdır.

İşğaldan öncə Laçın rayonunda fəaliyyət göstərən sənaye müəssisələri daha çox xammal növlərinin emalına əsaslanmışdı. Laçın, həmçinin, zəngin faydalı qazıntılarla - civə, əlvan və üzlük daşları, sement xammalı və tikinti daşı yataqları ilə zəngindir.

Azərbaycan 44 günlük Vətən müharibəsində təkcə öz ərazi bütövlüyünü bərpa etmədi, eyni zamanda, beynəlxalq hüququ, ədaləti, o cümlədən, azərbaycanlı keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdış hüququnu da təmin etdi. Bu mənada Laçın şəhərinin, Zabux və Sus kəndlərinin Azərbaycana qaytarılması, ilk növbədə, beynəlxalq hüququn, keçmiş məcburi köçkünlərimizin uzun illər pozulmuş qalan hüquqlarının da bərpasıdır. Cənab Prezident İlham Əliyev 28 May – Müstəqillik Günündə bütün dünyaya bəyan etdi ki, artıq Azərbaycan öz dövlətinin, müstəqiliyinin inkişafını daim dəstəkləyir. İşğaldan azad edilmiş ərazilərdə çox sürətlə yenidənqurma və bərpa-quruculuq işləri uğurla davam edir.

Cavid Mehdizadə,
YAP Xətai rayon təşkilatının fəalı