13 may 2023 22:25
423

“Qarabağ” çempion oldu

“Qarabağ” 2022/2023 mövsümü üçün Azərbaycan çempionu adını qazanıb.

“İki sahil” xəbər verir ki, Qurban Qurbanovun komandası buna “Səbail” üzərində 3:0 hesablı qələbə ilə nail olub. 

Komandanın heyətində 71-ci dəqiqədə Bəhlul Mustafazadə, 77 və 86-cı dəqiqələrdə isə Ramil Şeydayev fərqləniblər.

ASCO Arena”da keçirilən görüşdə Ağdamlılar sona 2 tur qalmış çempionluğu təmin ediblər.

Beləliklə, “köhlən atlar” tarixində 10-cu dəfə Azərbaycan çempionu olub və yeni rekorda imza atıb. Buna qədər rekord 9 çempionluqla “Neftçi”yə məxsus olub.

Qurban Qurbanov isə Ağdam təmsilçisinin sükanı arxasında 9-cu çempionluq sevincini yaşayıb.

“Sabah” cari mövsümü gümüş, “Neftçi” isə bürünc mükafatçı kimi başa vurmağı təmin edib. Bu isə o deməkdir ki, 2023/2024 mövsümündə “Qarabağ” Azərbaycanı UEFA Çempionlar Liqasında, “Sabah” və “Neftçi” isə UEFA Konfrans Liqasında təmsil edəcəklər. Konfrans Liqasına üçüncü vəsiqənin sahibi hələ bəlli deyil.

Qeyd edək ki, XXXIV turun bundan əvvəlki oyunlarında “Zirə” ilə “Kəpəz” 1:1 hesablı heç-heçə ediblər, “Turan Tovuz” səfərdə “Qəbələ”yə 2:1 hesabı ilə qalib gəlib. Mayın 14-də “Neftçi” – “Şamaxı”, 17-də isə “Sumqayıt” - “Sabah” görüşləri olacaq.