Azərbaycanın daha bir qadın güləşçisi Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında yarımfinal görüşünü keçirib.
“İki sahil” xəbər verir ki, 59 kq-da çıxış edən Alyona Kolesnik ukraynalı Yuliya Tkaçla üz-üzə gəlib.
Rəqibinə 0:10 hesabı ilə məğlub olan Azərbaycan təmsilçisi finala çıxmaq şansını əldən verib. O, bürünc medal qarşılaşmasında türkiyəli Eda Tekini sınağa çəkəcək.
55 kq-da yer alan Elnurə Məmmədova da 3-cü yer uğrunda mübarizə aparacaq. Buna idmançının 1/4 finalda uduzduğu rumıniyalı Andrea Ananın finala vəsiqə qazanması səbəb olub.
Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Əliabbas Rzazadə (57 kq) və Hacı Əliyev (70 kq) qızıl, Maqomedxan Maqomedov (97 kq) gümüş medal əldə edib. Avropa çempionatı aprelin 23-də başa çatacaq.