“Futbolçu olaraq tərif kimi, tənqidləri də qəbul etməliyik”.
“İki sahil” bunu müsahibəsində Azərbaycan millisinin futbolçusu Bəxtiyar Həsənalızadə AVRO-2024-ün seçmə mərhələsində Avstriya (1:4) və İsveçlə (0:5) oyunlardan sonra futbol ictimaiyyəti və azarkeşlər tərəfindən təndiq olunmalarına münasibət bildirərkən deyib.
31 yaşlı müdafiəçi uğursuz çıxışa görə tənqid olunmalarını normal qarşılayıb: “Futbolda elədir ki, bu gün yaxşısansa, hamı səni tərifləyəcək, sabah səhv edən kimi, təndiq obyekti olacaqsan. Futboldan başı çıxan insanlar bir az analiz eləsələr, vəziyyətin nə yerdə olduğunu görərlər. Normal tənqidə normal yanaşmaq lazımdır”.
Həsənalızadə Avstriyaya məğlubiyyətə görə özünün və “Sabah”dakı komanda yoldaşı Yusif İmanovun günahlandırılmasına da toxunub: “Həm mənim, həm də Yusifin millidə rəsmi debüt matçları idi. İstənilən futbolçu səhv edə bilər. Böyük millilərin oyunçuları da kobud səhvə yol verirlər. Təbii ki, səhvlərimizin olmasını istəməzdim. Ancaq futbolda belə şeylər qaçılmazdır. İnanıram ki, bunun gələcək oyunlara təsiri olmaz. İsveç və Avstriya ilə qarşılaşmaları unudub, qarşıdakı görüşləri düşünəcəyik”.
Mərkəz müdafiəçisi seçmə mərhələnin qarşıdakı oyunlarında uğurlu çıxış edəcəklərinə inanır: “Millinin formasını geyinirsənsə, məsuliyyəti hiss etməlisən. İki matçda uduzmuşuqsa, o demək deyil ki, qarşıdakı görüşlərin hamısında məğlub olacağıq. Səhvlərimizi düzəltməli, növbəti görüşlərə yaxşı köklənməli və məyus etdiyimiz azarkeşləri sevindirməliyik”.