13 aprel 2023 00:58
640

Formula-1 könüllüləri iş başında!

Uniforma və Akkreditasiya Mərkəzi mühüm istiqamətlərdə yarışın yüksək səviyyədə təşkilində uğurla xidmət göstərəcək

Aprelin 3-dən etibarən paytaxt Bakıda Formula-1 Azərbaycan Qran-Prisinin Uniforma və Akkreditasiya Mərkəzi artıq tam gücü ilə fəaliyyətə başlayıb.

Bununla əlaqədar aprelin 12-də Əl Oyunları Sarayında yerləşən Mərkəzin fəaliyyəti ilə bağlı keçirilən brifinqdə Bakı Şəhər Halqasının (BŞH) İnsan resursları və işçi qüvvəsi şöbəsinin rəhbəri İranə Əhmədova bildirdi ki, mərkəzdə 100-ə yaxın könüllü fəaliyyət göstərir: “Bakı Şəhər Halqasının könüllüləri bütün əməliyyatlara cəlb olunurlar. Belə irimiqyaslı tədbir üçün könüllülər ciddi təlim proqramından keçirlər.”

İ.Əhmədova əlavə etdi ki, 28-30 aprel tarixlərində paytaxt Bakıda keçiriləcək Formula-1 Azərbaycan Qran-Prisi ilə bağlı mərkəzdə 9000 ədəd uniforma və 14000 ədəd akkreditasiyanın verilməsi planlaşdırılır.

Bildirilib ki, builki möhtəşəm idman tədbirinə sayılı günlər qaldığı müddətdə yarışın keçirilməsində rolu olan əməkdaşlar, könüllülər, marşallar, təhlükəsizlik əməkdaşları və podratçı şirkətlərin nümayəndələri mərkəzə gələrək, akkreditasiya kartlarını, həmçinin uniformalarını əldə edə biləcəklər. Mərkəz cari ilin 30 aprel tarixinədək fəaliyyət göstərəcək.

Qeyd edilib ki, Formula-1 Azərbaycan Qran-Prisində iştirak etmək üçün cari ilin əvvəlində 10000-dən çox namizəd qeydiyyat üçün müraciət edib. Müraciət edənlərin 1500 nəfəri yarışların təşkilinə könüllü olaraq qatılmaq fürsəti qazanıb.

Yarış əməliyyatlarına xüsusi hazırlaşan könüllülərin bilik və bacarıqlarının artırılması məqsədilə Bakı Şəhər Halqası Akademiyası tərəfindən intensiv təlimlər keçirilib. Bununla da BŞH könüllüləri Formula-1 Azərbaycan Qran- Prisi 2023 çərçivəsində insan resursları, işçi qüvvəsi, media, tamaşaçı xidmətləri, şəhər əməliyyatları, marşal klubu əməliyyatları, inzibati əməliyyatlar, hava limanı əməliyyatları və digər mühüm istiqamətlərdə yarışın yüksək səviyyədə təşkilində müstəsna xidmət göstərəcəklər.

Cavid Əkbərov, “İki sahil”