30 mart 2023 12:27
382

"Siyasi partiyalar haqqında" yeni Qanun dialoq mədəniyyətinin yüksəlməsinə mühüm töhfə verəcək

Azərbaycanın siyasi sistemi milli və tarixi şəraitin xüsusiyyətlərini əks etdirməsi ilə səciyyəvidir. Siyasi sistemin formalaşmasında, fəaliyyətində müxtəlif amillər rol oynayıb və oynamaqdadır.

Cəmiyyətin siyasi sistemində dövlətlə yanaşı digər təşkilatlar da – siyasi partiyalar və ictimai birliklər faəliyyət göstərir. Onlar bu və ya başqa dərəcədə ölkənin siyasi həyatında iştirak edir və bununla da cəmiyyətin siyasi sisteminin ünsürləri kimi çıxış edirlər.

Bütün müasir siyasi sistemlər kimi Azərbaycanın siyasi siteminə də çoxpartiyalılıq, plüralizm xasdır. Siyasi partiyalar qanunverici  və yerli özünü idarəetmə orqanlarında təmsil olunmaq vasitəsi ilə dövlət hakimiyyətinin həyata keçirilməsində iştirak etmək imkanına malikdirlər.

Siyasi partiyalar – daimi  əsasda fəaliyyət göstərən, təşəkkül tapmış təşkilati quruluşa malik birliklərdir.

Siyasi partiyalar – öz üzvlərinin siyasi mənafelərini formalaşmasında yardımçı olan, əsas məqsədi dölət hakimiyyəti və idarəetmə orqanlarının təşkilində və habelə dövlət orqanlarına seçilən nümayəndələri vasitəsilə hakimiyyətin həyata keçirilməsində iştirak etməkdən ibarət olan ictimai birliklərin bir növüdür. Azərbaycan Respublikasında bütün partiyalar qanun qarşısında bərabərdirlər.

Siyasi partiyaları başqa ictimai birliklərdən fərqləndirən əsas cəhət ondan ibarətdir ki, siyasi partiyalar parlament və hökumətdə yer əldə etmək üçün açıq şəkildə mübarizə aparır. Siyasi partiyalar siyasi sistemin əsas komponentidir. Onlar siyasi prosesin bütün mərhələlərində (seçkilərdə, dövlət orqanlarının təşkilində, siyasi və dövlət qərarlarının qəbulunda və onların həyata keçirilməsində) fəal iştirak edir.

Azərbaycandakı bütün siyasi partiyaların fəaliyyəti “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. 1992-ci ildə qəbul olunmuş bu qanuna ötən 25 il ərzində müxtəlif əlavə və dəyişikliklər edilib. Hansı ki, edilmiş əlavə və dəyişikliklərin hamısı siyasi partiyaların fəaliyyətinə münbit şərait yaradılmasına xidmət edir.

Milli Məclisin 16 dekabr 2022-ci il tarixli iclasında "Siyasi partiyalar haqqında" yeni Qanun böyük  səs çoxluğu ilə qəbul edildi. Bununla da  Azərbaycanda siyasi partiyaların fəaliyyətini tənzimləyən, müasir çağırışlara cavab verən hüquqi-normativ aktın bazası daha da təkmilləşdirilirdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən də təsdiq edilən qanun 6 fəsil, 30 maddədən ibarətdir. Yeni qanun qüvvəyə mindiyi üçün 3 iyun 1992-ci ildə  qəbul edilmiş siyasi partiyalar haqqında qanun ləğv edilir.

“Siyasi partiyalar haqqında” yeni Qanunda bir sıra vacib məqamlar var. Siyasi partiyanın dövlət qeydiyyatı, fəaliyyətinin dayandırılması və ləğvi ilə bağlı mübahisəli məsələlərə apellyasiya məhkəməsində baxılır. Hər kəs bərabər şəkildə siyasi partiya yaratmaq və ya mövcud siyasi partiyaya daxil olmaq hüququna malikdir. Bu hüquq yalnız qanunla müəyyən edilmiş hallarda məhdudlaşdırıla bilər. Eyni zamanda, dövlət qeydiyyatdan keçmiş bütün siyasi partiyaların sərbəst fəaliyyətinə, təminat verir.

Həmçinin siyasi partiya, partiyanın adından rəsmi olaraq hərəkət edən üzvü tərəfindən qanunun pozulmasına görə cavabdehlik daşıyacaq.

Qanunda Siyasi partiyaların təsis edilməsi prosesi də tam və geniş şəkildə əksini tapıb. Siyasi partiyalar bu prosedura əməl edərək qeydiyyatdan keçə və Azərbaycanda fəaliyyətlərini davam etdirə bilərlər. Bu prosesə biz dövlətçiliyimizin daha da güclənməsi, müstəqilliyimizin daha da möhkəmlənməsi naminə indidən hazır olmalıyıq".

Qanun cəmiyyətdə yeni çağırışların, sürətli baş verən hadisələrin, sosial-siyasi tələblərin fonunda Azərbaycanda dövlətlə siyasi partiyalar arasında əməkdaşlığın güclənməsinə, siyasi dialoq mədəniyyətinin yüksəlməsinə mühüm töhfə verəcək. 

Kəmalə Əhmədova,
YAP Xətai rayon təşkilatının "Telnov 6" ünvanı üzrə ərazi partiya təşkilatının üzvü