06 mart 2023 16:16
576

İsmayıllıda "Azərbaycanda dövlət qadın siyasətində Heydər Əliyevin rolu" mövzusunda tədbir keçirilib - FOTO

İsmayıllı rayon İcra Hakimiyyəti və YAP İsmayıllı rayon təşkilatının təşəbbüsü, İsmayıllı UGİM-nin təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyası İsmayıllı rayon təşkilatının yaradılmasının 30 illiyi münasibətilə və “Heydər Əliyev İli” çərçivəsində "Azərbaycanda dövlət qadın siyasətində Heydər Əliyevin rolu" mövzusunda tədbir keçirilib.

“İki sahil” xəbər verir ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub, Ulu Öndərin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə Uşaq Gənclər İnkişaf Mərkəzinin direktoru Xuraman Qurbanova, mərkəzin əməkdaşları Ülviyyə Cəbiyeva, Könül Abdullayeva və İhamə Həsənova çıxış edərək  qeyd etmişlər ki, Azərbaycanda qadınların hüquqlarının qorunması, onların ictimai fəallığının təşkili məsələsi Ulu Öndər Heydər Əliyev tərəfindən hər zaman diqqət mərkəzində saxlanılıb. Ümummilli Liderimizin hələ 1969-cu ildə hakimiyyətə gəldiyi dövrə nəzər salsaq, dövlət strukturlarına, məsuliyyətli ictimai işlərə qadınların irəli çəkildiyini görə bilərik. Bu mənada 1993-cü ildən sonrakı dövrdə də ölkəmizdə qadınlarımızın aktiv fəaliyyəti hər zaman diqqət mərkəzində olub. Azərbaycan qadınına ən yüksək qiyməti Heydər Əliyev verib. Ölkəmizdə dövlət qadın siyasətinin əsas prinsiplərinin müəyyən edilməsinin və dövlət səviyyəsinə qaldırılmasının məhz Ulu Öndərin adı ilə bağlı olması danılmaz bir tarixi faktdır. O, qadınların idarəetmə, qərarqəbuletmə və sosial həyatın bütün sahələrində irəli çəkilməsini vacib sayırdı.

 İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Sevil Əhmədova çıxış edərək bildirmişdir ki, Ümummilli Liderin qadınlarla bağlı məsələlərin həlli üçün imzaladığı mühüm fərman və sərəncamlar qadınların hüquqlarının təminatı istiqamətində irəliyə doğru atılmış tarixi addımlar idi. Heydər Əliyev hər zaman vurğulayırdı ki, dövlət quruculuğunun bütün mərhələlərində xüsusi xidmətləri olan Azərbaycan qadınları ölkəmizdə ictimai-siyasi sabitliyin və əmin-amanlığın qorunması, milli dövlətçiliyimizin daha da möhkəmləndirilməsi üçün bu gün də var-qüvvələrini sərf edirlər. Azərbaycanda lider qadınlar, sahibkar qadınlar yetişir. İqtisadiyyatda, siyasətdə, elmdə, təhsildə, bir sözlə, bunu hər sahədə görmək olar. Hökumətdə, nazirliklərdə, Milli Məclisdə qadınlarımızın fəallığı artmaqda davam edir. Bu kimi müsbət nəticələrin əldə olunmasında Heydər Əliyevin hakimiyyətdə olduğu illərdə qadın hüquqlarının qorunması üçün bir çox qanunlar qəbul etməsi, fərman və sərəncamlar imzalaması, beynəlxalq təşkilatlara üzv olaraq mühüm sənədlərin ölkəmizdə tətbiq olmasını reallaşdırması tarixi gerçəkliklərdir. Azərbaycan qadınları cəmiyyətin dinamik inkişafı istiqamətində həyata keçirilən irimiqyaslı layihələrdə öz fəallığı ilə seçilirlər.

   Sonda çıxış edən YAP İsmayıllı rayon təşkilatının sədri Zaur Muradov rayon təşkilatının həyatında əlamətdar bir günün yaşandığını vurğulayaraq  bildirib ki, arxada qalan illər uğurlarımızın davamlılığı ilə müşayiət olunub.  Bu gün sıralarında 8 minə yaxın üzvü birləşdirən YAP İsmayıllı rayon təşkilatı  partiyanın ilk  təsis olunan təşkilatlarındandır. 30 il təşkilatın həyatında mühüm hadisələrlə yadda qalıb. Təşkilatın 30 illiyi münasibətilə   bütün  üzvlərini təbrik edir,  yeni hədəflərin gerçəkləşdirilməsi istiqamətində səylərimizi daha da birləşdirməyi, gələcəyə doğru daim inamla irəliləməyi arzulayıram.