Martın 3-də Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev və Azərbaycanın Milli Təhlükəsizliyi” mövzusunda konfrans keçirilib.
“İki sahil” xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə Ulu Öndərin büstünü ziyarət edib, büstün önünə gül dəstələri qoyublar.
Sonra konfrans iştirakçıları Heydər Əliyev guşəsində təşkil edilən kitab sərgisi ilə tanış olublar.
Sərgidə Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edilən onlarla kitab sərgilənib.
Konfransdan öncə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsindən sonra konfransı açıq elan edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini polkovnik Cəlil Xəlilov dahi şəxsiyyətin Azərbaycanın milli təhlükəsizliyinin təmin olunması istiqamətindəki tarixi xidmətlərinə diqqət çəkib. O qeyd edib ki, Ulu Öndər dövlətimizin təhlükəsizliyini təmin etməklə yanaşı, milli təhlükəsizlik sahəsində peşəkar kadrların hazırlanması, milli ideyaların daşıyıcısı olan ziyalıların sovet repressiyasından qorunması istiqamətində də mühüm addımlar atıb.
Daha sonra çıxış edən Prezident Administrasiyasının məsul əməkdaşı Əli Pənahov Ümummilli Liderin ölkə həyatının bütün sahələrində olduğu kimi, milli təhlükəsizlik sahəsində də gördüyü böyük işlərdən danışıb.
Əli Pənahov qeyd edib ki, Heydər Əliyevin milli təhlükəsizlik siyasəti xalqımızın və dövlətimizin təhlükəsizliyinin etibarlı şəkildə təmin olunmasına ciddi töhfə verib. Bu müstəvidə yeni və mütərəqqi ənənələrin formalaşmasına səbəb olub. Həmin ənənələr bu gün də yaşadılmaqda, inkişaf etdirilməkdədir. Azərbaycan xalqı var olduqca Heydər Əliyev də var olacaq, əbədi yaşayacaqdır.
Tədbirdə Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının rəisi Elşad Nəsirov, Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının Hüquq kafedrasının müdiri professor İsaxan Vəliyev, Azərbaycan Respublikası Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov, Azərbaycan Xüsusi Xidmət Orqanları Veteranlarının İctimai Birliyinin üzvü Elşad Həsənov, hüquqşünas Şəmsəddin Əliyev çıxış edərək Ulu Öndərin milli təhlükəsizlik sahəsindəki xidmətlərinə diqqət çəkiblər.
Sonda Respublika Veteranları Təşkilatının sədri Fatma Səttarova çıxış edərək Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb, universitet illəri ilə bağlı maraqlı məqamlardan söhbət açıb. Ulu Öndərin həyat və fəaliyyətinin hər bir azərbaycanlıya örnək olduğunu vurğulayan Fatma Səttarova onun irsinin bundan sonra da sevə-sevə tədqiq edilərək öyrəniləcəyini bildirib.