28 fevral 2023 16:27
1174

Heydər Əliyevin şərəfli ömür səlnaməsi gənc nəslin təlim- tərbiyə xəzinəsidir - FOTO

YAP Masallı rayon təşkilatı “Heydər Əliyev ili” çərçivəsində tədbir keçirib

“İki sahil” xəbər verir ki, fevralın 28-də Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatı aparatında  “Heydər Əliyev ili” çərçivəsində “Heydər Əliyevin şərəfli ömür səlnaməsi gənc nəslin təlim- tərbiyə xəzinəsidir” mövzusunda tədbir keçirilib.

İlk öncə Yeni Azərbaycan Partiyasının qurucusu və memarı, Ulu Öndər Heydər Əliyevin və Qarabağ müharibəsində vətən uğrunda canlarından keçmiş şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edilib.

Yeni Azərbaycan Partiyasının sədri Seyfəddin Əliyev çıxışında Ümummilli lider Heydər Əliyevin həyatı, zəngin və çoxşaxəli fəaliyyətindən, eləcə də müstəqil Azərbaycan dövlətinin inkişafı naminə həyata keçirdiyi müstəsna xidmətlərindən bəhs edərək bildirdi ki, tarixdə elə şəxsiyyətlər var ki, adı və əməlləri dünya durduqca yaşayır və gələcək nəsillərə örnək olmaqla, onların yolunda əbədi məşəl yandırır. Adı müasir bəşər tarixinə qızıl hərflərlə həkk olunmuş xalqımızın böyük oğlu, ümummilli lider Heydər Əliyev də məhz belə şəxsiyyətlərdəndir. Ulu Öndərin mənalı və şərəfli ömür yolunun hər bir səhifəsi xalqımızın yaxın tarixi keçmişi ilə ayrılmaz vəhdət təşkil edir. Heydər Əliyev siyasi fəaliyyətinin bütün mərhələlərində Vətənə, xalqa, torpağa sonsuz məhəbbət və sədaqət hissi ilə bağlı olub.

Seyfəddin Əliyev tədbir iştirakçılarının diqqətinə çatdırdı ki, Ulu Öndər bütün fəaliyyəti dövründə elm və təhsilin inkişafına xüsusi qayğı ilə yanaşırdı və Onun bu sahələrin inkişafında xidmətləri misilsizdir. Bu da təsadüfi deyildi. Çünki dahi şəxsiyyət yaxşı bilirdi ki, Azərbaycanın tərəqqisinin yeganə yolu məhz xalqın yüksək təhsil almasında, maariflənməsindədir. Ümummilli Liderimiz ölkənin və xalqın taleyində, hərtərəfli tərəqqisində, uğurlar qazanmasında təhsilin xüsusi rolunu, əhəmiyyətini yüksək dəyərləndirib. Dahi rəhbər deyirdi: “Hər bir dövlət əgər istəyirsə ki, öz ölkəsinin inkişafını təmin etsin, öz millətinin elmini, mədəniyyətini dünya standartlarına çatdırsın, o mütləq, hər şeydən çox, təhsilə fikir verməlidir, təhsilin inkişafına səy göstərməlidir, təhsil üçün bütün imkanları yaratmalıdır”.

Tədbirdə partiya fəallarından Ceyhun Qurbanov, Kübra Həsənova və başqaları çıxış edərək bildirdilər ki, bu gün ümummilli lider Heydər Əliyev ideyaları əsasında dinamik inkişaf edən, qüdrəti və beynəlxalq nüfuzu getdikcə artan Azərbaycan yeni zirvələr fəth edir.Qazanılan bütün nailiyyətlərin əsasında ulu öndər Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi dayanır.