17 fevral 2023 12:28
631

Qardaş Türkiyə bu sıxıntıları da arxada qoyacaq

“Biz yaxşı günlərdə də, çətin günlərdə də hər zaman bir-birimizin yanındayıq və elə etməliyik və edəcəyik ki, qarşıda ancaq yaxşı günlər olsun. Türkiyə-Azərbaycan qardaşlığı, birliyi xalqlarımız üçün əsas yol istiqamətidir, bölgə üçün, dünya üçün də çox önəmli amildir, təhlükəsizlik, sabitlik amilidir. Nə qədər Türkiyə və Azərbaycan bir yerdə inamla addımlasa, bölgəmizdə sülh və barış o qədər də möhkəm olacaqdır. Bunu biz və bütün dünya İkinci Qarabağ müharibəsi zamanı gördük. Türkiyə bizim yanımızda idi. Əziz qardaşım, hörmətli Prezident Rəcəb Tayyib Ərdoğanın müharibənin ilk saatlarında “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” deməsi bizə əlavə güc verdi, ruh verdi, inam verdi. Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq.” Dövlət başçısı İlham Əliyevin bu fikirləri iki dost, qardaş və müttəfiq ölkə arasında əlaqələrin dünəninə, bu gününə işıq salaraq perspektivlər barədə aydın təsəvvür yaradır.

Tarixi Zəfərimiz bu birliyin nə qədər möhkəm təmələ söykəndiyini, Azərbaycan və Türkiyənin bir-biri ilə sıx tellərlə bağlı olduğunu dünyaya nümayiş etdirdi. Bu mühüm məqam da hər kəsə bəllidir ki, Azərbaycan və Türkiyə Prezidentləri  şanlı Qələbəmizin dünyaya təqdimatı olan Zəfər paradından bu günədək işğaldan azad edilmiş torpaqlarımızda hər bir mühüm hadisəni birlikdə qeyd edir və bu qardaşlağın bundan  sonra daha da möhkəmlənəcəyinə əminliyi ifadə edirlər. Bir xatırlatmanı da  diqqətə çatdırmaq istərdik ki, 2018-ci ildə Bakının işğaldan azad ediliməsinin 100 illiyinə həsr olunan hərbi paradda Türkiyə və Azərbaycan əsgərləri çiyin-çiyinə Azadlıq meydanına çıxmışdılar. Bunun təkrarını 2020-ci ildə Zəfər paradında gördük. Tarixi Zəfərimizdən sonra yenə də Azadlıq meydanında Azərbaycan və Türkiyə Prezidentləri birgə  hərbi paradı qəbul etdilər. Bu, birliyimizin təntənəsi idi. Bu, bütün dünyaya verilən aydın mesaj idi ki, biz bir yerdəyik, bir yerdə olacağıq, gücümüz də gündən-günə artacaq.

 Fevralın 6-da Türkiyədə baş verən dəhşətli zəlzələ zamanı  on minlərlə  insan həlak oldu, yaralandı.  Hadisə baş verən bölgələrdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın tapşırığına əsasən ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm, zəlzələ baş verən 10 şəhərdə 3 aylıq fövqəladə vəziyyət elan olundu.

   Qardaş ölkəyə dünyanın hər yerindən yardımlar göstərilsə də, ilk anlardan qardaş köməyinə çatan Azərbaycan xalqı oldu. Dövlətimiz və xalqımız səfərbər oldu. Hər gün dağıntılar altından sağ çıxarılan insanları gördükdə onların keçirdikləri hisslərin nə qədər ağır olduğunu dərk edir, göz yaşını saxlamaq mümkünsüz olur.  

Təbii fəlakətin ilk anlarında həmkarı Rəcəb Tayyib Ərdoğana başsağlığı verən, hər cür kömək göstəriləcəyini bildirən Prezident İlham Əliyev Türkiyənin Azərbaycandakı səfirliyinə gedərək matəm kitabına ürək sözlərini yazdı. Səfir Cahit Bağçı ilə söhbətində Azərbaycanın ilk dəqiqələrdən Türkiyənin dərdinə şərik olduğunu, eyni kədəri yaşadığını bildirən cənab İlham Əliyev zəlzələnin dağıntılarının, acı fəsadlarının aradan qaldırılmasında hər cür yardım göstərilməsini xalqımızın qardaşlıq borcu adlandırdı. Bildirdi ki, hər zaman Türkiyə də bizim yanımızdadır. Bu dəhşətli zəlzələ bizi çox sarsıtdı: “Yəni, hər birimizə böyük mənəvi əzab verdi. Biz qardaşlarımızın dərdinə şərikik. Yaralılara tezliklə Allahdan şəfa diləyirik. Mən əziz qardaşım, cənab Prezidentə telefonla başsağlığı vermək üçün zəng edəndə dedim ki, bütün varlığımızla biz Sizinlə bir yerdəyik və bilirsiniz ki, durmadan heyətlər göndərilir. Eyni zamanda, həkimlər, xilasedicilər, könüllülər göndərilir və göndəriləcəkdir.”

  Prezident İlham Əliyev onu da vurğulayır ki, zəlzələnin fəsadlarının aradan qaldırılmasında da Azərbaycan Türkiyəyə hər cür dəstək göstərəcək. Türkiyə dövlətinin operativ və çevik addımları bir daha göstərdi ki, insan amili bu ölkədə əsas məsələdir. Bu cür ağır sınaqdan çıxacağına əminliyini bildirən ölkə Prezidenti  Türkiyənin dünyanın ən güclü dövləti olduğunu bəyan etdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2020-ci ildə Zəfər paradında çıxışı zamanı  bu fikri böyük  inamla bildirmişdir ki, Türkiyə və Azərbaycan kürək-kürəyə verdikcə Allahın izni ilə çətinliklərin öhdəsindən gəlməyə, uğurdan-uğura çatmağa davam edəcək.

Arxada qalan illərə  nəzər salsaq hər iki qardaş ölkənin tarixin bütün sınaqlarından şərəflə çıxıdığını qürurla deyirik. Məhz bu reallıqlara, eyni zamanda, Türkiyənin günbəgün artan  qüdrətinə, gücünə söykənərək əminliklə bildiririk ki,  qardaş ölkə  bu sıxıntıları da arxa qoyacaq, gələcəyə daha böyük addımlarla irəliləyəcək.

Gülər Kərimova,
​​YAP Şabran rayon təşkilatının məsləhətçisi