UEFA yaxında koronavirus pandemiyası ilə əlaqədar qoyulan bütün qadağaları aradan qaldırmaq istəyir.
“İki sahil” xəbər verir ki, bu barədə "Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Günüz Abbaszadə bildirib. O qeyd edib ki, Avropanın ali futbol qurumu avrokubokların pley-off mərhələsindən etibarən işinə pandemiyadan əvvəlki kimi davam etmək niyyətindədir: "UEFA avrokubokların pley-off mərhələlərindən etibarən tam şəkildə pandemiyadan əvvəlki kimi işə davam etmək istəyir. Xüsusilə də media ilə əlaqədar qadağalar böyük ehtimalla aradan qaldırılacaq. Mətbuat konfranslarında maska məcburiyyətindən tutumuş, miks zonada müsahibələrə, fləş müsahibələrə qədər bütün qadağaların aradan qaldırılması gözlənilir. Artıq bu barədə klublara xəbərdarlıq edilib. Lakin yekun qərar verilməyib. Yaxın günlərdə klub nümayəndələri ilə görüş olacaq. Klubların fikri öyrənildikdən sonra köhnə vəziyyətə qayıdışla bağlı qərar veriləcək. Böyük ehtmalla, koronavirus pandemiyası ilə bağlı olan qadağaların əksəriyyəti ləğv ediləcək".
Qeyd edək ki, "Qarabağ" Konfrans Liqasının pley-off mərhələsində Belçika "Gent"i ilə qarşılaşacaq.