“Hazırda statistikaya nəzər yetirsək görərik ki, 90-dan çox ölkədən biletlərimiz alınır. Bu ölkələr arasında İsrailin, Birləşmiş Ərəb Əmirliklərini, Avstriyanın, İtaliyanı, Fransanı, İspaniyanı, Böyük Britaniyanı qeyd edə bilərik . “Top üçlük”də isə Niderland, Böyük Britaniya və Türkiyədir. Yəni, ən çox biletlər məhz bu üç ölkədən alınıb”.
Bu barədə “İki sahil” qəzetinə “Bakı Şəhər Halqası” əməliyyat şirkətinin milli mətbuat katibi Turab Teymurov bildirib.
T. Teymurov qeyd edib ki, Formula 1 Azərbaycan Qran Prisinə biletlər ötən ilin dekabr ayının 15-dən satışdadır. Aprelin 28-30-u tarixlərində keçiriləcək yarışın biletlərinin qiyməti 40-870 manat arasında dəyişir. Onları "Baku City Circuit.com" internet səhifəsindən və paytaxtın müxtəlif satış nöqtələrindən əldə etmək mümkündür.
Müsahibimiz deyib ki, Azərbaycanda artıq yeddinci dəfədir keçiriləcək bu yarışla bağlı belə bir termin var - “Bakı sindromu”. Yəni, Bakıda bir pilot iki dəfə qalib olmayıb : “Bu, bizim treki daha gözlənilməz edir. Biz inanırıq ki, bu il də Bakı sindromu davam edəcək. Trekin unikallığı imkan verir ki, hər növbəti yarış daha da gözlənilməz olsun. 7-ci ,8-ci və 9-cu - Qoşa qala qapısının yanından keçən döngələr Formula 1 təqviminin ən dar bölgəsidir. Maksimal sürət həddinə çatmaq üçün Dənizkənarı Milli Parkın yanından keçən trekin həmin o bölgəsi, şəhərin enişləri və yoxuşları treki unikal və ekstra ordinal edir”.
Vurğulanıb ki, builki Azərbaycan Qran Prisinə bir tədbir əlavə olunub. Bu da sprint yarışlarıdır: “Bu il cəmi 6 sprint yarışı keçiriləcək. Nə xoş bizə ki, mövsümün ilk sprint yarışı Azərbaycanda keçiriləcək. Bazar günü keçiriləcək yarışın sıralamasını məhz şənbə günü keçiriləcək sprint yarışı müəyyən edəcək”.
Ceyhun Piriyev, “İki sahil”