Tamhüquqlu üzv olduğumuz ötən 22 ildə Azərbaycan Avropa Şurasına öz töhfəsini verib, həmçinin daha demokratik, insan hüquqlarının qorunduğu bir dövlət mexanizmi qurub
Öncə tarixə nəzər salaq. Avropa Şurasının yaranma tarixini o dövrdə Böyük Britaniyanın Baş naziri olmuş Uinston Çörçillin 1942-ci ilin oktyabrında verdiyi bəyanatla əlaqələndirirlər. Sözügedən bəyanatda millətlər arasındakı sədləri əhəmiyyətli dərəcədə aradan qaldıran, maneəsiz hərəkət imkanı yaradacaq Avropa Birləşmiş Ştatlarının yaradılması və Avropa iqtisadiyyatına vahid bir tam halında baxılması göstərilirdi. II Dünya müharibəsindən sonra - 1946-cı ildə U.Çörçill Sürixdəki çıxışında bu ideyanı reallaşdırmaq üçün birinci addım kimi Avropa Şurası yaratmaq fikrini irəli sürdü. 3 il sonra - 1949-cu ilin yanvarında Avropa Şurasının yaradılması qərara alındı. Avropa Şurasının əsas orqanları Nazirlər Komitəsi və Parlament Assambleyasıdır.
Azərbaycan özünün xarici siyasətində bütün ölkələrlə dostluğa və beynəlxalq təşkilatlarla əməkdaşlığa böyük önəm verir. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu xarici siyasət kursunda beynəlxalq təşkilatlarla münasibətlərin qurulması və inkişaf etdirilməsi prioritet istiqamətlərdən biridir. Bu siyasi kursun nəticəsi olaraq Azərbaycan dünyanın nüfuzlu beynəlxalq təşkilatlarının – BMT, ATƏT, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər mötəbər qurumların üzvü kimi onların işində yaxından iştirak edir. Ötən illərdə Azərbaycanın üzv olduğu və əməkdaşlıq etdiyi bütün beynəlxalq təşkilatlarla əlaqələri daha da genişlənib və möhkəmlənib.
Azərbaycanın Avropa Şurasına üzv kimi qəbulu ölkəmizin beynəlxalq münasibətlər sistemindəki mövqeyinin formalaşmasında önəmli rol oynayıb. Müstəqilliyinin ilk illərində ağır daxili və xarici böhran yaşayan Azərbaycan bu beynəlxalq təşkilata tamhüquqlu üzv olmaq üçün çətin yol qət edib. 2001-ci il yanvarın 17-də Avropa Şurası Nazirlər Komitəsinin nümayəndələr səviyyəsində keçirilmiş iclasında Azərbaycan Respublikasının Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsinə dair qərar qəbul edilib. 2001-ci il yanvarın 25-də ulu öndər Heydər Əliyevin iştirakı ilə Strasburqda Azərbaycanın Avropa Şurasına üzv qəbul edilməsi münasibətilə rəsmi mərasim keçirilib və qurumun binasının qarşısında dövlətimizin bayrağı ucaldılıb.
2001-ci il aprelin 24-27-də keçirilən Avropa Şurası Parlament Assambleyasının plenar sessiyasında Azərbaycan Respublikasının AŞPA-dakı nümayəndə heyəti cənab İlham Əliyevin rəhbərliyi ilə ilk dəfə olaraq tamhüquqlu üzv kimi iştirak edib. Elə ilk sessiyadan başlayaraq nümayəndə heyətinin rəhbəri cənab İlham Əliyev tərəfindən Ermənistanın işğalçılıq siyasətinin nəticələri avropalıların diqqətinə çatdırılıb. Sessiyada 9 ölkə və AŞPA-da fəaliyyət göstərən 5 siyasi qrupu təmsil edən 29 nümayəndə tərəfindən imzalanmış “Ermənilər tərəfindən azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımının tanınması” adlı yazılı bəyanat və 14 ölkəni təmsil edən 20 nümayəndə tərəfindən imzalanmış “Ermənistan və Dağlıq Qarabağda saxlanılan müharibə əsirləri və girovları” adlı tövsiyə üçün təklif AŞPA-nın rəsmi sənədləri qismində yayılıb. Göstərilən sənədlərdə ermənilər tərəfindən Xocalı əhalisinin tamamilə qətlə yetirilməsi, Ermənistanın Azərbaycan ərazilərinin 20 faizini işğal etməsi, Ermənistanda və işğal altındakı Azərbaycan torpaqlarında uşaqlar, qadınlar və yaşlılar da daxil olmaqla 783 azərbaycanlı girovun saxlanılması faktı və digər vacib məsələlər vurğulanıb.
2003-cü il yanvarın 27-də AŞPA Bürosunun iclasında Azərbaycan Respublikasının Assambleyadakı nümayəndə heyətinin rəhbəri İlham Əliyev Büronun üzvü və AŞPA-nın vitse-prezidenti seçilib.
Azərbaycan Avropa Şurasına tamhüquqlu üzv seçildikdən sonra bu qurumla əlaqələrin genişləndirilməsi istiqamətində önəmli addımlar atılıb. Əlaqələrin daha da dərinləşdirilməsi məqsədilə bir sıra qarşılıqlı səfərlər həyata keçirilib. 2004-cü il aprelin 28-29-da Prezident İlham Əliyev Strasburqa səfəri çərçivəsində Avropa Şurasının bir sıra yüksək rütbəli nümayəndələri ilə görüşüb. Səfər zamanı Avropa Şurası Parlament Assambleyasının sədri Piter Şider Azərbaycan Prezidentinə AŞPA-nın fəxri üzvü diplomunu və medalını təqdim edib.
Azərbaycan Respublikası 2001-ci ildə Avropa Şurasına üzv olduqdan sonra ilk dəfə 2014-cü il mayın 14-dən altı aylıq dövr üçün təşkilatın Nazirlər Komitəsində sədrlik edib. Sədrlik dövründə Azərbaycan Avropa Şurasının fəaliyyətinin əsas sütunlarını təşkil edən insan hüquqları, qanunun aliliyi və demokratiyanın daha da inkişafı istiqamətində mühüm səylər göstərib, bu xüsusda qurumun üzv ölkələri və müxtəlif təsisatları ilə qarşılıqlı anlaşma şəraitində çalışıb. Azərbaycan Respublikasının sədrliyinin prioritetləri Avropa Şurasının gündəliyində duran aktual məsələlər, üzv dövlətlərin üzləşdikləri təhdidlər, ölkəmizin müsbət təcrübəsi və fərqli üstünlükləri nəzərə alınmaqla korrupsiyaya qarşı mübarizə, mədəniyyətlər və dinlərarası dialoq, sosial həmrəylik və sosial davamlılıq, gənclərin hüquqi maarifləndirilməsi kimi sahələr üzrə müəyyən edilmişdi. Həmin prioritetlərin dəstəklənməsi məqsədilə Azərbaycanda 18 mühüm beynəlxalq tədbir keçirilib.
Bu gün Azərbaycan ilə Avropa Şurası arasında əməkdaşlıq yüksək səviyyədədir və ölkəmiz bu quruma üzv olduğu vaxtdan indiyədək demokratiyanın inkişafı, insan haqlarının və azadlıqlarının qorunması, vətəndaş cəmiyyətinin qurulması yolunda böyük uğurlar qazanıb. Hazırda Azərbaycan Avropa Şurasının insan haqlarının qorunması, demokratiyanın daha da inkişaf etdirilməsi, qlobal problemlərin həllinə yardım göstərilməsi, beynəlxalq öhdəliklərə vicdanla əməl edilməsi kimi prinsiplərini rəhbər tutaraq bu qurumla əməkdaşlığı dinamik şəkildə inkişaf etdirir.
Cavid Əkbərov, “İki sahil”
Şanxay Əməkdaşlıq Təşkilatı ölkəmizin xarici siyasətində mühüm istiqamətlərdən biridir
Kamran Bayramov: Azərbaycan Avrasiyada siyasi və iqtisadi mövqelərini gücləndirir