16 yanvar 2023 14:18
563

Azərbaycan tarixi həqiqətlərə, real faktlara söykənərək haqq səsini dünyaya çatdırır

Tarixi qələbəmizdən sonra dövlətimiz tərəfindən milli maraqlarımızın təmin edilməsi, 10 noyabr tarixli üçtərəfli bəyanatın şərtlərinin yerinə yetirilməsi istiqamətində səylər davam etdirilir. Bir sözlə, müharibə bitsə də, mübarizə hələ davam edir. Çünki Ermənistan tərəfi bəyanta əsasən üzərinə götürdüyü öhdəlikləri hələ də yerinə yetirməyib və havadarları ilə birgə revanşist açıqlamalarından əl çəkməyib. Dövlət başçısı İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində də bu məqama xüsusi diqqət yönəltdi ki, İkinci Qarabağ müharibəsindən sonra əsas vəzifəmiz şanlı hərbi Qələbəmizi siyasi müstəvidə də təsdiqləmək idi. Prezident xüsusilə qeyd etdi ki, 2020-ci ilin 27 sentyabrında başlayan və 44 gün ərzində davam edərək erməni işğalı altında olan əzəli torpaqlarımızın azad edilməsi ilə nəticələnən zəfərimiz ən parlaq və şanlı  tariximizdir. İkinci Qarabağ müharibəsinin başa çatmasından və Ermənistanın kapitulyasiya aktına imza atmasından iki ildən çox vaxt keçir. Amma buna baxmayaraq, Ermənistan tərəfi, hələ də mövcud reallıqlardan yayınmaq üçün erməni xalqını və beynəlxalq ictimaiyyəti aldatmaqda davam edir. Azərbaycan tarixi həqiqətlərə, real faktlara söykənərək haqq səsini dünyaya çatdırdı və həm diplomatik mübarizədə qələbəsi, həm də 44 günlük İkinci Qarabağ müharibəsində öz sözünü dedi.  İki ildən artıq dövrdə Azərbaycanın möhtəşəm Zəfərimizin yaratdığı reallıqların dünya güclərinə qəbul etdirilməsi istiqamətində atdığı addımların uğurlu nəticələri göz önündədir. Əksər dünya gücləri bu reallıqları qəbul etdi və Azərbaycanın haqlı tərəf olduğunu təsdiqlədi. Bir daha sübut olundu ki, ədalət və beynəlxalq hüquq mövcuddur və onların tətbiqi üçün davamlı addımlar atmaq, bir sözlə, fədakarlıq göstərmək lazımdır. Bu günkü və gələcək nəsillərimiz bu tarixi hadisələri hər zaman qürurla xatırlayacaq və dövlətimizin, xalqımızın sınmaz iradəsi və qətiyyəti ilə fəxr edəcək. Biz təkcə hərb meydanında deyil, həmçinin siyasi, diplomatik sahələrdə də yüksək üstünlük qazanmışıq.

İstər Vətən müharibəsi zamanı, istərsə də postmüharibə dövründə baş verənlər bunu sübut edir. Dövlət başçısı, müzəffər Ali Baş Komandanın dünyanın tanınmış media orqanlarına verdiyi tutarlı və əsaslandırılmış, Ermənistanın və onun havadarlarının işğalçı mahiyyətlərini ifşa edən müsahibələr informasiya müharibəsində də qələbəmizə əsas oldu. Azərbaycan xalqı tarixin ayrı-ayrı dövrlərində ermənilərin soyqırımı və deportasiya siyasəti ilə üz-üzə qalıb. Bu, tarixdir. Bunu inkar etmək qeyri-mümkündür. Dövlət başçısı İlham Əliyev istər ötən il dekabrın 24-də Qərbi Azərbycandan  olan bir qrup ziyalı ilə görüşündə, istərsə də sözügedən müsahibəsində tarixin saxtalaşdırılmasının yolverilməzliyini diqqətə çatdırdı.  Hazırkı dövrün əsas çağırışılarından biri Qərbi Azərbaycana qayıtmağımızdır. Bunun üçün təbliğat işinin gücləndirilməsi prioritetdir. Dünya tarixi həqiqətlər barədə aydın təsəvvürə malik olmalıdır. Ən əsası dünya bilməlidir ki, Qərbi Azərbaycan bizim tarixi torpağımızdır.

Bu gün Azərbaycan dünyada çox etibarlı və ciddi tərəfdaş kimi tanınır. Təbii ki, bu imicin və etimadın formalaşmasının əsasları var. Çünki Azərbaycan özünün iqtisadi inkişafı, bu sahədə həyata keçirdiyi davamlı və səmərəli islahatların nəticələri, enerji sahəsində bir çox ölkələrlə, xüsusilə Avropa ilə mövcud əlaqələri bu etimadın formalaşmasında əhəmiyyətli rol oynayır. Ölkəmizin birbaşa təşəbbüsü və iştirakı ilə regional və daha irimiqyaslı iqtisadi layihələr uğurla icra olunur, perspektivdə yeni layihələrin icrası nəzərdə tutulur.  Ölkəmiz ötən il iqtisadi və sosial sahədə müsbət makroiqtisadi göstəricilərə nail oldu, beynəlxalq müstəvidə milli maraqlarını qətiyyətlə təmin etdi. Müharibədən təzə çıxmış, ərazisinin 20 faizi tamamilə dağılmış vəziyyətdə olan ölkəmizin Qarabağ və Şərqi Zəngəzurda apardığı bərpa və yenidənqurma işləri, sosial siyasətimizin dəyişməz olaraq qalması bir daha təsdiq edir ki, Prezident cənab İlham Əliyevin iqtisadi strategiyası dövlətimizin qarşısında dayanan məqsədləri layiqincə təmin edir. Artıq Qarabağ və Şərqi Zəngəzura qayıdış üçün yeni yollar salınır. Həmin yolların inşa edilməsi ilə işğaldan azad edilmiş ərazilərdə möhtəşəm yol şəbəkəsi keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtmalarına, Qarabağın və Şərqi Zəngəzurun gələcək inkişaf planlarının həyata keçirilməsinə ərməğandır. Ölkə Prezidenti cənab İlham Əliyev müsahibəsində işğaldan azad olunmuş ərazilərdə bu il icra layihələrdən danışarkən qeyd edib ki, cari ildə infrastruktur layihələri ilə yanaşı, şəhərsalma layihələri də icra ediləcəkdir.

Ölkə başçımız cənab İlham Əliyev müsahibəsində eyni zamanda ötən il bizim ümumi daxili məhsulumuzun rekord həddə çatdığını diqqətə çatdırıb. Əsas məqsədimizin ölkəni gücləndirmək və hər bir vətəndaşın həyatını daha da yaxşı etmək olduğunu vurğulayan Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində aparılan islahatlar öz bəhrəsini verir.

Ayaz Cəbrayılov,

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri