16 yanvar 2023 11:32
987

Azərbaycan dünyada etibarlı və ciddi tərəfdaş kimi tanınır

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycan iqtisadi, siyasi, mədəni, sosial və digər sahələrdə çox mühüm nailiyyətlər əldə etmişdir. Ötən illər ərzində ölkəmizin beynəlxalq mövqeyi daha da möhkəmlənmişdir.

Sirr deyil ki, tarazlaşdırılmış xarici siyasət kursuna malik olan Azərbaycan Cənubi Qafqaz regionunun lider dövləti olmaqla yanaşı, müasir beynəlxalq münasibətlər  sistemində etibarlı tərəfdaş kimi tanınır. Həyata keçirilən xarici siyasət sayəsində ölkəmiz ikitərəfli münasibətlər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı-faydalı əməkdaşlıq əlaqələri formalaşdırıb.

Bütövlükdə isə, müstəqil  milli  inkişaf  Azərbaycanın beynəlxalq münasibətlər sistemində nüfuzunu artıran əhəmiyyətli amildir.  

Ümumiyyətlə, sahib olduğu resurslardan səmərəli istifadə edərək qarşılıqlı-faydalı əməkdaşlıq əlaqələri formalaşdıran ölkəmiz həm beynəlxalq təşkilatlarda, həm də ayrı-ayrı əməkdaşlıq platformaları çərçivəsində öz  mövqeyini  gücləndirir.  Bu isə  Azərbaycanın pozitiv beynəlxalq imicinin möhkəmlənməsinə müstəsna töhfələr verir.

 Cənubi  Qafqaz  regionunun  lider  dövləti  olan  Azərbaycanın iştirakı ilə  regional  miqyaslı,  qlobal  xarakterli  strateji layihələrin  reallaşdırılması, eləcə də ölkəmizin beynəlxalq nüfuzunun daha da artması, ikitərəfli və çoxtərəfli əlaqələrin möhkəmlənməsi həyata keçirilən praqmatik xarici siyasətin pozitiv nəticələridir. 

Bundan  başqa, ölkəmiz  qlobal  xarakterli  taleyüklü  məsələlərin həllində  aktiv iştirak edir. Bu məqamda ölkəmizin Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasına, o cümlədən Avropa Şurası Nazirlər Komitəsinə uğurla sədrlik etməsini xüsusi qeyd etmək lazımdır. Eyni zamanda, Azərbaycan beynəlxalq münasibətlərin  milli  dövlətlərin  suverenliyi  və milli  maraqlara  hörmət  prinsipi əsasında inkişaf etdirilməsinin tərəfdarı kimi çıxış edir. Yəni istər yerləşdiyi Cənubi Qafqaz regionunda, istərsə də Avrasiya geosiyasi məkanında baş verən hadisələr Azərbaycanın həm beynəlxalq hüquq normaları əsasında fəaliyyət göstərdiyini, həm də regional və qlobal təhlükəsizliyin təmin olunmasında müstəsna rol oynadığını sübuta yetirir.

Azərbaycan Respublikasının  Prezidenti  İlham Əliyev çıxışlarının birində diqqətə çatdırıb ki, bizə beynəlxalq ictimaiyyət tərəfindən  olan  inam  artır: “Azərbaycan çox etibarlı tərəfdaş kimi tanınır və bölgədə sabitləşdirici rol oynayır”.  

Bu gün Azərbaycan dünyada artıq təkcə neft yox, eyni zamanda, qaz ixrac edən ölkə kimi də tanınır. Xüsusən 2020-ci ilin sonundan TAP-ın işə düşməsi ilə Azərbaycan qazının Avropaya nəql olunması ölkəmizi bu baxımdan daha da məşhurlaşdırıb. Nəzərə çatdıraq ki, Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan TAP Avropanın enerji xəritəsini dəyişib. Buna görə də hazırda Türkiyə, Gürcüstan, Yunanıstan, Bolqarıstan, Albaniya və İtaliya Azərbaycan qazının alıcılarıdır. Mövcud geosiyasi vəziyyətə görə Avropanın Azərbaycan qazına olan tələbatı daha da artıb. Yaxın tarixdə Bolqarıstan Respublikasının paytaxtı Sofiya şəhərində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılış mərasimində Azərbaycana olan diqqət və bu layihədə Azərbaycanın rolunun önəmliliyinin xüsusu vurğulanması bunu bir daha sübut edir. Prezident İlham Əliyev sentyabrın 30-da Bolqarıstanda rəsmi səfəri zamanı çıxışında deyib ki, Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru layihəsi tarixi əhəmiyyətə malikdir. “Bu interkonnektor həm Azərbaycan qazının Avropaya daha geniş miqyasda nəql olunmasına imkan verəcək, eyni zamanda, Avropa qitəsində enerji təhlükəsizliyinə də çox böyük faydası olacaqdır”,- deyə ölkə başçısı əlavə edib.

Azərbaycan diplomatiyasının bu prin­sip əsasında fəaliyyəti onun həm qonşu, həm də regiondan kənarda yerləşən dövlətlərlə münasibətlərinin sabit əsasda inkişafına zəmin yaradır. Beynəlxalq münasibətlər sistemində gərginliyin art­dığı indiki dövrdə Azərbaycan dövlətinin dünyada bölücü deyil, birləşdirici xətləri təşviq etməsi bu baxımdan xüsusi önəm daşıyır.

Əli Qurbanov,
“Neftqaztikinti” tresti,
Sosial inkişaf şöbəsinin rəisi