“Neftçi” psixoloji baxımdan “Qarabağ”dan üstündür. Çünki ağdamlılar son iki turda xal itirib. Üstəlik, onların həm itkiləri var, həm də futbolçuları yorğundur”.
Bu fikirləri “Neftçi” və “Qarabağ”ın sabiq futbolçusu Aftandil Hacıyev adıçəkilən komandalar arasında bu gün Premyer Liqanın 16-cı turunda keçiriləcək oyunla bağlı danışarkən deyib.
41 yaşlı mütəxəssis hər iki komanda ilə bağlı narahatlıq doğuran məqamların olduğunu söyləyib. Hacıyev Azərbaycan derbisində paytaxt klubunu daha şanslı hesab edir: “Səbail”lə ötən turdakı matçın ikinci hissəsində sərgilənən oyun “Neftçi” tərəfində narahatlıq yarada bilər. “Qarabağ” isə zədəlilərlə bağlı görüşə itkilərlə çıxsa, onların problem yaşaması qaçılmazdır. “Neftçi” bu baxımdan daha hazırlıqlı görünür. Bakılıların rəqibin indiki durumundan istifadə edərək, xal fərqini azaltmaq şansı yüksəkdir. Onu da nəzərə alaq ki, “Neftçi” “Bakcell Arena”da daha fərqli çıxış edir. Lakin “Qarabağ”ın da evdə və ya səfərdə oynadığı hiss olunmur. Üstəlik, ağdamlıların ehtiyat qüvvəsi rəqibindən genişdir”.
“Səbail”in sabiq baş məşqçisinin fikrincə, “Bakcell Arena”da baş tutacaq qarşılaşmada Qurban Qurbanovun yetirmələrinin mümkün qalibiyyəti “Neftçi”ni çempionluq yarışından uzaqlaşdıracaq: “Qarabağ” bu gün “Neftçi”yə qalib gəlsə, çempionluq mübarizəsində böyük üstünlük qazanacaq. Çünki qızıl medallara iddia edən komanda üçün 12 xal böyük fərq olar. Amma bu komandaların hələ daha iki görüşü olacaq. Üstəlik, “Sabah”la matçlar da var. Bunların hamısı 6 xallıq oyunlardır”.